I rübün sosial göstəriciləri
Sosial həyat

I rübün sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 722 şəxsə  xidmətlər göstərilib. Həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər. 2023-ci ilin 1-ci rübündə  Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi verilib.                                       

***

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 10,3 mini pensiya, 34 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış xidməti də yaradılıb. Bu ilin ilk rübündə həmin e-xidmətlər vasitəsilə vətəndaşlara 110 min e-arayış verilib.

***

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 426 min nəfərə sosial müavinət, 368 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 244 mln manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 159 mln manat ödənilib. Son 3 ayda 34 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 463 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

“Respublika”.