İfrat antihumanizmin kökü Qərbdədir
Siyasət

İfrat antihumanizmin kökü Qərbdədir

Dünyaya humanizm və ədalət dərsi keçən Qərbdə ultrasağçı, islamofob, millətçi və qatı erməni pərəstişkarlarının sayı gündən-günə artır. Qarabağdan köçən ermənilər barədə dəfələrlə ölkəmizə qarşı sanskiya və anti-Azərbaycan çağırışları ilə gündəmə gələn səlibçilərin miqrantlara qarşı kobud rəftarı dünya mediasından gizlədilir. İrqi ayrı-seçkilik (rasizm) faşizm nümunəsi olaraq bilinsə də, əslində bu, indi daha qatı şəkildə davam etdirilir. Və təəssüf ki, öz əcdadlarını kölələşdirən dövlətlərin uğurları üçün çalışan, nailiyyətlərinə sevinənlərin öz keçmişlərini unutması neokolonialist Qərb dövlətlərinə yeni qul bazarı imkanları yaradır.

Son zamanlar Qərbdə müşahidə olunan mənfi tendensiyalardan biri də millətçilik ruhunda olan siyasi partiyaların hakimiyyətə gəlməsidir. Noyabrın 22-də Niderland Nümayəndələr Palatasında keçirilən növbədənkənar seçkidə ultrasağçı, ifrat millətçi, islamofob Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq Partiyası"nın qalib gəlməsi buna nümunədir. Səsvermə bülletenlərinin sayılmasından sonra ultrasağçıların 150 yerlik parlamentdə 37 deputat mandatı qazandığı məlum olub. Millətçilərin ən güclü rəqibi olan solçuların və "yaşıl"ların koalisiyası 25 mandat qazanıb. On üç ildir hakimiyyətdə olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) üçüncü yeri qazanıb.

Gert Vilders islamofobiyası, erməni sevgisi və türkofobiyası ilə tanınır. İslamı terrorçu və zərərli din adlandıran Vilders "Qurani-Kərim"i Hitlerin "Mayn Kampf"ı ilə eyniləşdirib. G.Vilders Hollandiyada məscidlərin və müsəlmanlar üçün dini məktəblərin inşasının yasaqlanmasını tələb edir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı isə o, tviter hesabında "Mən xristian erməni dostlarımın Azərbaycanın İslam vəhşiliyinə qarşı mübarizəsini həmişə dəstəkləyəcəyəm" fikirlərini bildirmişdi.

2021-ci ildə keçirilən növbədənkənar seçkidə 17 mandat qazanmış Azadlıq Partiyasının mandatların sayını iki dəfədən çox artırması Avropada millətçiliyin, islamofobiyanın, miqrantlara münasibətdə dözümsüzlükdən və ölkənin Avropa İttifaqından (Aİ) çıxmaq istəyindən xəbər verir. Çünki Aİ-də qaldığı təqdirdə Vilders ölkəyə girişə qadağa qoya bilməyəcək. Həmçinin islamofob fikirləri ilə tanınan Gerts Vilders İslamı "terrorçu və zərərli din" olaraq adlandırmış və HƏMAS-la müharibədə İsraili dəstəkləyən çağırışlar etmişdi.

Mark Rüttenin sədri olduğu, ermənilərə və PKK terror təşkilatına ifrat rəğbəti ilə tanınan kürd əsilli Dilan Yeşilgöz-Zeqeriusun rəhbərlik etdiyi Azadlıq və Demokratiya Xalq Partiyası da rəqibi Vildersdən qəti şəkildə geri qalmır.

Son vaxtlar qardaş Türkiyədə də geniş müzakirə mövzusuna çevrilmiş Dilan Yeşilgöz və onun ifrat Türkiyə düşmənçiliyi özünü geniş şəkildə büruzə verməyə başlayıb. Seçiləcəyi təqdirdə Niderlandın ilk mühacir qadın prezidenti olacaq Dilan Yeşilgözün keçmişi barədə təfərrüatlar əslində bugünkü ifrat siyasətin təməlini təşkil edir. 1980-ci ildə Türkiyədə hərbi çevriliş zamanı Dilan Yeşilgözün atası Yücel Yeşilgöz qızını da götürərək Niderlanda qaçıb. Miqrant statusu daşıyan Yeşilgözün ailəsi kürd əsilli türklərdən olub. Ata Yücel Yeşilgöz o dövrlərdə PKK sevgisi və terror təşkilatının lideri Abdullah Öcalana yaxınlığı ilə seçilib. Bu baxımdan, qızı Dilan Yeşilgözün də eyni siyasəti davam etdirməsi təəccüblü deyil. Yeşilgözlə bağlı diqqəti çəkən digər məqam isə onun 2018-ci ildə Hollandiyada qondarma "erməni soyqırımı"nı tanıyan millət vəkillərindən biri olmasıdır. Dilan Yeşilgözün otağının divarında əlində silah tutan yaşlı qadının fotoşəkli var. Fotoda 106 yaşlı erməni qadının əlində "AK-47" Kalaşnikov avtomatı ilə dayanması Ermənistanın Qarabağı işğal etdiyi 90-cı illərdə dünyaya "sülh mesajı" məqsədilə çəkilib.

Dilan Yeşilgözün üzvü olduğu sağçı VVD partiyası antimiqrant siyasəti ilə diqqət çəkir. Yeşilgöz özü mühacir olsa da, Niderlandda mühacirətin məhdudlaşdırılmasını və müharibə bölgəsindən gələn mühacirlərin bir müddət sonra geri göndərilməsini tələb edir. Bu siyasət isə Niderlandda tərs təsir yaratdı və digər partiyalar tərəfindən dəstəklənməməsi nəticəsində seçkilərdə uduzmasına gətirib çıxardı. Türkiyəyə qarşı çıxışlarına da rast gəlinən Dilan Yeşilgözün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təhqirlər yağdırması və öz xalqına bu cür yanaşması Niderlandda qeyri-ciddi hesab edilir.

Niderlandda növbəti prezidentin kim olacağını öncədən təxmin etmək çətindir. Lakin asan olan nüans ondan ibarətdir ki, Qərb bloku digər dövlətlərdə pislədiyi hər detalı öz daxilində yaşayır. Müharibə dövründə Azərbaycana təhdidlər yağdıran Niderland parlamenti bu gün öz ifratçı siyasəti ilə ölkəni uçuruma aparır. Qərb dövlətləri isə buna əlbəttə ki, susur. Çünki ultrasağçı, milliyyətçi, islamofob, anti-Azərbaycan, neofaşist, neokolonist meyillərin kökü elə Qərbdədir. "Lal məclisində tost" deyən Niderland unutmamalıdır ki, antisiyasətin sonu hər zaman məhv olmaqdır. Əgər Niderland Qərb bloku arasında özünü lider olaraq görürsə, ilk dağılan dövlət də elə özü olacaq. Çünki bu riyakarlığın xilası yoxdur. Gəminin kapitanı gəmisi ilə batmalıdır.

Tacir SADIQOV,

"Respublika".