İgid ömrü əbədidir
Region

İgid ömrü əbədidir

Vətən müharibəsində canından keçib xalqına Zəfər sevincini yaşadan  minlərlə  oğullar var. Onlardan biri də Lerik rayonu, Tikəband  kəndində dünyaya göz açmış dağlar qartalı, şəhid   Tamerlan Xankişi oğlu Süleymanovdur.  Daşına, torpağına qurban dediyi, qeyrətinə tapındığı  doğma  Azərbaycanın hər yerini  özünə əziz bilən  lerikli balası Binə Şəhidlər Xiyabanında uyuyur.  Bu günlərdə  şəhidin doğum  günü  məzarı başında  qeyd olunub.   

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə  Tamerlan könüllü gedir.  Cəbrayılın,  Füzulinin  azadlığı uğrunda gedən haqq savaşımızda  iştirak edir.  Oktyabrın 27-də  Füzuli  döyüşləri zamanı qana susayan erməni dığalarını qanda boğmaqla qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid  Tamerlan Süleymanov ölümündən sonra   "Vətən uğrunda", “ Cəsur döyüşçü”, eləcə də Cəbrayılın, Füzulinin azad olunmasına görə  medallarına layiq görülüb.

Onu da bildirək ki,  Tamerlan Süleymanov  yaşasaydı  şərəfli ömrünün 31 ilini yola salardı. Canını  Vətənə fəda edən qəhrəman cismən aramızdan gedib,  harada bir Günəş müqəddəsliyi var,  sorağı oradan gəlir.  Köç etdiyi könüllərdə yaşayır  Tamerlan .   Həm də Azərbaycanımız var olduqca,   şəhidimizin  xalq üçün  qəhrəmanlıq simvoluna dönən adı dillərdən düşməyəcək.

Zəfər ORUCOĞLU.