Şəmkirin İrmaşlı kəndində problemlər aradan qaldırılır
Region

Şəmkirin İrmaşlı kəndində problemlər aradan qaldırılır

Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir inkişaf etmiş bölgələrimizdən biridir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən tərəqqi və yüksəliş, yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşması, insanların rahat yaşayışının təmin olunması respublikamızın bütün guşələrində, o cümlədən Şəmkir şəhəri və kəndlərində açıq-aydın hiss olunur.

Rayon əhalisinin əsas məşğuliyyətini aqrar sahə təşkil edir. Şəmkirin hər tərəfində quruculuq-abadlıq işləri geniş vüsət almışdır. Rayonun böyük yaşayış məntəqələrindən biri olan İrmaşlı kəndi də günbəgün simasını dəyişərək abad məkanlardan birinə çevrilir.

Kənd icra nümayəndəsi Ayaz Sadıqov bildirdi ki, İrmaşlıda 1140 təsərrüfatda 5049 nəfər əhali məskunlaşmışdır. 1930-cu ilədək burada almanlar yaşamışlar. Sonrakı illərdə onlar zaman-zaman başqa yerlərə köçmüşlər. Hazırda vaxtilə almanlara məxsus olan qəbir daşları, bir neçə yaşayış evi və 2 ədəd (hər birinin diametri 50 metr olan) gölməçə qalmaqdadır.

Almanlar gölməçələrin birində at çimizdirmək üçün, digərində isə isti havalarda insanların çimməsi üçün istifadə etmişlər. Eyni zamanda buradan yanğın zamanı yanğınsöndürən maşınlar asanlıqla su götürə bilərdilər.

2023-cü ildə insanların istifadə etməsi üçün gölməçə təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Bununla yanaşı, kənddə almanlardan qalma parkda da cari ildə abadlıq işləri aparılmış, yeni oturacaqlar, söhbətgahlar tikilmişdir. Parka su və işıq çəkilmiş, ətrafı hasarlanmışdır. Ərazidə müxtəlif gül-çiçək kolları, dekorativ ağaclar əkilmiş, mövcud ağaclar budanmış, bir sözlə, park, eləcə də bir az ondan aralıda olan gölməçə sakinlərin istirahət məkanına çevrilmişdir. Kənddə 2 tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi və digər zəruri obyektlər fəaliyyət göstərir.

Əhalinin içməli su ilə təminatı kəndin başında tikilmiş iki ədəd (hər birinin tutumu 500 ton olan) qapalı su anbarı vasitəsilə ödənilir. Cari ildə kəhrizlərdə əsaslı təmir işləri aparılaraq avqust ayında sakinlərin istifadəsinə verilmişdir. Beləliklə, içməli su ilə bağlı problemlər aradan qaldırılmışdır. Qeyd etmək lazımdır ki, kəhrizlərin suyu həddindən artıq şəffaf, ekoloji təmizdir. Müsahibim bildirdi ki, hətta qonşu kəndin sakinləri də bu sudan istifadə etmək üçün buraya üz tuturlar.

Cari ilin sonunadək bir ədəd yeni subartezian quyusunun qazılıb istifadəyə veriləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, əvvəllər Zəyəm çayından 8 Mart adlanan kanal vasitəsilə götürülən su sahələrə verilirdi. Sonralar nədənsə, adıçəkilən kanala su buraxılmadı. Nəticədə kanal yararsız hala düşmüşdür. Hazırda 8 Mart kanalının bərpa olunmasına və Zəyəm çayından su verilməsinə böyük ehtiyac var.

İrmaşlıda əhali fasiləsiz mavi yanacaqla təmin olunmuşdur. Elektrik enerjisi ilə təminatın keyfiyyətini yaxşılaşdırmaq üçün kənddə SİP-ləşmə işlərinə start verilmiş, yeni işıq dirəkləri basdırılır, işlər sürətlə davam etdirilir.

Adıçəkilən yaşayış məntəqəsinin kəndarası yolları əvvəllər o qədər də yaxşı vəziyyətdə olmamışdır. 2023-cü ildə yollar yüksək səviyyədə təmir olunaraq asfalt örtüyü salınmışdır. Yol kənarlarında 6 ədəd dayanacaq quraşdırılmışdır.

Göründüyü kimi, kənddə mövcud olan problemlər zaman-zaman aradan qaldırılır.

Vəli VƏLİYEV,

"Respublika".