İki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə başlanılıb
Siyasət

İki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə başlanılıb

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi nəticəsində təxminən 12  kilometrdən bir qədər artıq uzunluğunda sərhəd xətti müəyyən edilib. Beləliklə, qədim yurd yerimiz olan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin olunub. Mübahisəli məsələlər həll edilib, erməni vətəndaşlar oradan çıxarılıb.  Həmin bölgədə Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı olaraq sərhədi qəbul ediblər. Sərhədçilər  buna "şəffaf zolaq" deyirlər. Çünki sərhədçilər hələlik bir-birilərini görərək hərəkət edəcəklər. Gələcəkdə o dirəklərin arasında tel əngəlləri, sonrakı mərhələdə dövlət sərhəd infrastrukturu qurulacaq. İndiki məqamda əsas məsələ odur ki, iki dövlət arasında buzlar müəyyən qədər əriyir. Rəsmi Bakı ilə İrəvanın siyasi münasibətləri yeni mərhələyə keçib.

Amma nəzərə almalıyıq ki, hazırkı proses görüləcək işlərin heç 5 faizə qədəri də deyil. Təxminən min kilometrə yaxın ərazi delimitasiya-demarkasiya olunmalı,  bütün ərazilər qarşılıqlı olaraq tanınmalıdır. İndi həmin dövlət komissiyasının tərkibindəki mütəxəssislər sərhədin digər bölgələrinə də keçəcəklər. Hansı ərazini tez delimitasiya-demarkasiya etmək mümkündürsə, sərhəd dirəkləri basdırılacaq, mübahisəli olanlar isə hələlik qalacaq. Ümumiyyətlə, sərhəd məsələsinin tez bir zamanda həll olunması mümkün deyil, delimitasiya uzun çəkən prosesdir. Əsas odur ki, bu proses başlayıb, tərəflər siyasi iradə ortaya qoya biliblər. Digər bir məsələ də kommunikasiyaların açılmasıdır. Bu da qarşıda duran  vacib işlərdən biridir. Və görünən odur ki, Azərbaycan ilə Ermənistan arasında artıq sərhədlərin müəyyənləşdirilməsi prosesi başlayıb.

Elxan ŞIXƏLİYEV,

hərbi ekspert.