İnformasiya şəffaflığı Azərbaycan üçün prioritetdir
Digər xəbərlər

İnformasiya şəffaflığı Azərbaycan üçün prioritetdir

Ötən əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Ümumilikdə texnologiyaların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, həmçinin iqtisadi, sosial, elm, təhsil, mədəniyyət sahələrini və s. bütövlükdə insanların həyat tərzini əhatə edir.

Hazırda dünya ölkələri informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan yüksək səviyyədə faydalanır. Azərbaycan da bu ölkələr arasında yer alır. Ölkəmiz istər 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə dezinformasiyaların yayılmasının qarşısını alıb, dünya ictimaiyyətinə reallıqları adekvat formada çatdırıb. Bu da hazırda Azərbaycanda yaranan vəziyyətin, təhlükəsiz kommunikasiya gündəliklərinin açıq nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanıb.

Ölkə başçımız 2013-cü ili Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib. Prezident İlham Əliyev bildirib: "Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də böyük rəmzi mənası var. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaq. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilən uğurları nəzərə alaraq 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdim və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatdıq".

Ölkə başçımızın 10 il əvvəl ifadə etdiyi bu sözlər günümüzdə öz reallığını tapıb. Ölkəmizin informasiya siyasətində açıq olması Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında saysız suallara cavabları ilə bir daha təsdiqləndi. Ötən günlərdə isə "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən ölkə başçımız mediada dezinformasiya mövzusunda ünvanlanan suala cavab olaraq bildirib: "Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir".

Forum "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilib. Həmçinin, burada 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Dünyanın qabaqcıl media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər müzakirə mövzusu olub. Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürülüb.

Hazırda ölkəmiz üçün olan ən mühüm məqamlardan biri məhz sülh müqaviləsinin bağlanmasıdır. Lakin hazırda Ermənistanın xarici medialara yaydığı dezinformasiyalar məlumat kirliliyi yaradır. Bu mənada 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də biz informasiya terroru ilə mübarizə aparmalıyıq. Ölkə başçımızın xarici medialara verdiyi müsahibələr bu mənada böyük önəm kəsb edir. Ötən günlərdə Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibə verib. Bir çox məqamlara aydınlıq gətirən ölkə başçımız, həmçinin sülhlə bağlı verilən suallara da açıq formada cavab verib.

Ölkə başçımız bildirib ki, bu həqiqətən də mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Bununla yanaşı, İlham Əliyev Azərbaycanda, xüsusən də Qarabağdakı erməni azlığının hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağını da vurğulayıb. Şübhəsiz ki, bu çıxışlar beynəlxalq arenanın da gündəmindədir. Azərbaycanın tolerantlıq göstərməsi, Ermənistanın isə təxribatlara əl atması bir çox suala aydınlıq gətirir. Azərbaycan daim doğru informasiyanı ötürməyi özünə prioritet bilib. Bu, hər zaman belə olaraq da qalacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".