İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının təsdiqindən 25 il ötür
Digər xəbərlər

İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının təsdiqindən 25 il ötür

Mənalı ömrünün böyük bir hissəsini xalqına sədaqətlə xidmətə həsr edən, daim bundan mənəvi zövq alan, anadan olmasının 100 illik yubileyi xalqımız tərəfindən dərin hörmət və ehtiramla qeyd edilən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilən genişmiqyaslı hüquqi islahatların əsasını qoymuşdur.

Hər il ölkəmizdə böyük coşqu ilə qeyd edilən 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü də müstəqil dövlətimizin qurucusu, dünyaşöhrətli siyasətçi, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin 1993-cü ilin 15 iyun tarixində xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizin bütün sahələrini əhatə edən islahatlara start verilməsi qurtuluşa doğru yeni bir mərhələnin başlanğıcı olmuşdur.

Artıq 30 ildir ki, Azərbaycanın şanlı tarixinə Milli Qurtuluş Günü kimi düşən 1993-cü il 15 iyun tarixindən sonra milli qanunvericilik bazasının formalaşdırılması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının qorunması, o cümlədən həssas əhali qruplarının sosial-hüquqi müdafiəsi, yoxsulluğun aradan qaldırılması, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ölkəmizdə ləğvi, əfvetmə institutunun bərpası, amnistiya aktının geniş tətbiqi, mətbuat üzərində dövlət senzurasının ləğvi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, habelə sabitliyin, təhlükəsizliyin, sosial-iqtisadi inkişafın gücləndirilməsi və digər sahələrdə aparılmış islahatlar bu qəbildəndir.

Beləliklə, dövlət müstəqilliyimizin qorunub saxlanılması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin, məhkəmə-hüquq sisteminin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində ölkəmizin çoxsaylı uğurlara imza atması Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin bəhrəsidir.

Ulu Öndər Heydər Əliyev xalqın iradəsi ilə siyasi hakimiyyətdə olduğu illərdə öz əməli fəaliyyətində insan hüquqları amilini hər zaman əsas meyar kimi rəhbər tutmuşdur. Bu mənada ölkə Prezidenti kimi onun tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanın imzalanması, həmçinin bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixli Sərəncamla "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi bunun ən bariz təzahürlərindən biridir. Bu gün insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən artıq 25 il ötür.

Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, qısa müddət ərzində həyata keçirilmiş hüquqi islahatlar çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması yeni hüquq-müdafiə mexanizmlərinin formalaşdırılması ilə nəticələnmişdir.

Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar ilk dəfə olaraq məhz həmin sənədlərdə öz əksini tapmış və bunun ardınca Ulu Öndərin təşəbbüsü ilə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul edilmişdir. Təbii ki, Ombudsmanın fəaliyyətini tənzim edən qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi olan Konstitusiya Qanunu olması dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir.

Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.

Təqdirəlayiq haldır ki, hazırda ölkə Prezidenti İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla aparılan hüquqi islahatlar fonunda Ombudsman təsisatının fəaliyyəti mütəmadi şəkildə təkmilləşdirilərək inkişaf etdirilir.

Ötən dövrdə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülmüşdür.

Son belə təşəbbüs nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Ombudsmanın mandatı genişləndirilmiş, "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın və "Uşaq hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuş, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı rəsmi qaydada müəyyən edilmişdir.

Qanunvericiliyə edilmiş bu dəyişikliklər Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdir.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, sözügedən Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və 15 ildən çoxdur ki, geniş qeyd olunur. Dövlət başçısının həmin addımı cəmiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Bu əlamətdar günlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi, 18 may - 18 iyun tarixləri ölkədə "İnsan Hüquqları Aylığı" elan edilmişdir.

Aylığın əsas məqsədi sosial-hüquqi statusundan asılı olmayaraq, hər bir şəxsin - şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, ahılların, uşaqların, qaçqınların və keçmiş məcburi köçkünlərin, miqrantların, habelə əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyətin gücləndirilməsi, əldə olunan uğurlar barədə ictimaiyyətin məlumatlandırılması, qarşıda duran vəzifələrin müəyyən olunması, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyinin diqqətə çatdırılmasıdır.

Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil, tibb və mədəniyyət müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına, media subyektlərinə, həmkarlar ittifaqlarına həmin təşəbbüsə fəal şəkildə qoşularaq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirlərinin təşkili barədə çağırış edilmişdir. Eyni zamanda, hər kəsin Ombudsman Aparatı tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün cari ilin 18 may tarixindən etibarən elan olunan ödənişsiz hüquqi yardım kampaniyasında fəal iştirak etməyə dəvət olunduğu geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunmasının 25 illiyinə təsadüf edən builki Aylıq çərçivəsində hər il olduğu kimi, paytaxt Bakıda və respublikanın bütün regionlarında bir sıra silsilə maarifləndirmə tədbirləri - konfranslar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil edilməklə geniş hüquqi təbliğat işləri aparılmışdır.

Ombudsman tərəfindən elan olunmuş Aylıq çərçivəsində görülmüş işlərə dair əsas məqamlar barədə bəzi məlumatları qısa şəkildə oxucularla da bölüşmək istərdik.

Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyətinə uyğun olaraq, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilmişdir.

Azərbaycan Respublikasında uşaq hüquqlarının təmini məsələsinə xüsusi önəm verildiyindən gələcəyimiz olan uşaqların sağlam böyüməsi və bütün imkanlardan istifadə edə bilməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Hər zaman olduğu kimi, bu Aylıqda da uşaq hüquqlarının müdafiəsi üzrə müxtəlif tədbirlər keçirilmişdir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağı ziyarət olunmuş, uşaqların hüquqlarının təmini vəziyyəti ilə bağlı söhbət aparılmışdır.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edilmiş, Penitensiar Xidmətin tərbiyə müəssisəsi ziyarət olunmuş, müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının təmini vəziyyəti yoxlanılmışdır.

Ombudsmanın dəstəyi, Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində "Gender bərabərliyi" mövzusunda keçirilmiş tədbirdə Müvəkkilin fəaliyyətində gender bərabərliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirildiyi bildirilmiş, qadınların işlə təmini, onların iqtisadi, sosial, xüsusilə də təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi üzrə bir sıra tədbirlərin reallaşdırıldığı qeyd edilmişdir.

Aylıq çərçivəsində bir sıra ali və orta ixtisas təhsil müəssisələrində, sosial xidmət və reabilitasiya mərkəzlərində keçirilmiş digər hüquqi maarifləndirmə tədbirlərində iştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı fəaliyyət, o cümlədən məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verilmişdir.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birlikdə 12 İyun - Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş növbəti maarifləndirici tədbirdə uşaq hüquqlarının müdafiəsi və təbliğinin, eləcə də uşaq əməyinə qarşı mübarizənin Ombudsmanın genişmiqyaslı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu qeyd edilmişdir.

Bundan başqa, Ombudsman Aparatı tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda paytaxt və regionlarda yerləşən ümumtəhsil məktəblərində psixoloq, müəllim və şagirdlərin iştirakı ilə uşaqların zorakılıqdan müdafiəsinə dair silsilə təlimlər təşkil olunmuşdur. Tədbirlərdə Aparatın əməkdaşları tərəfindən şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ-hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilmiş, uşaqların ayrı-seçkilik, istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən evlilik, uşaq əməyi, zərərli təsirlərdən qorunmasına dair təqdimatlar nümayiş etdirilmişdir.

Eyni zamanda, 18 may - 18 iyun tarixləri arasında Ombudsman Aparatı, BMT-nin ölkəmizdəki nümayəndəliyi və Vəkillər Kollegiyası tərəfindən sosial cəhətdən həssas əhali qrupları üçün ödənişsiz hüquqi yardım kampaniyası çərçivəsində Bakı şəhərində və regionlarda şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər şəxslərə hüquqi xidmətlər göstərilmişdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, habelə digər aidiyyəti qurumlar da Ombudsmanın çağırışına fəal şəkildə dəstək verərək, "Ümummilli Lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir", "Uşaq əməyinin istismarının qarşısının alınması", "Bərabərlik hüququ: ayrı-seçkiliklə mübarizə", "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədidir", "Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı", "İnsan hüquqlarının dövlət təminatı", "İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün nəzərdə tutulan güzəştlər", "Xaricdə yaşayan azərbaycanlıların pensiya hüququ", "İstehlakçıların hüquqları", "Əmək hüquqlarının qorunması Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsidir", "Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı", "Ailə-məişət zorakılığının şagirdlərin həyatına təsiri", "Valideynlə uşağın birlikdə olmaq hüququ", "Mənim hüquqlarım məni qoruyur", "Hər insan dəyərlidir", "Uşaqlara qarşı zorakılığa son deyək!", əmək, habelə  insan hüquqlarını təbliğ edən digər bu kimi mövzular üzrə maraqlı tədbirlər təşkil etmişlər. 

Aylıq çərçivəsində Bakıda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elm, təhsil, mədəniyyət, sosial xidmət, tibb və reabilitasiya müəssisələrində uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın, keçmiş məcburi köçkün və miqrantların, hərbi qulluqçuların, məhkumların, habelə əhalinin digər həssas qruplarının hüquqlarının təşviqi məqsədilə bir sıra tədbirlər keçirilmiş, habelə müxtəlif vəsaitlər çap etdirilmişdir. Bununla belə, qurumlar tərəfindən insan hüquqlarına dair maarifləndirici videoçarxlar hazırlanmış, media resurslarında və sosial şəbəkə hesablarında yayımlanmışdır.

Çox sevindirici və qürurverici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi islahatlar bu gün onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və daha da inkişaf etdirilir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan hazırda dayanıqlı inkişaf yolunda irəliyə doğru inamla addımlayaraq, dünyada öz layiqli yerini tutur.

Bu gün ölkəmizin hər bir bölgəsini əhatə etməklə əldə olunan nailiyyətlər fonunda dövlətimizin beynəlxalq nüfuzunun da əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olan islahatların müsbət nəticələri həyatın bütün sahələrində özünü büruzə verir və təbii ki, bu, hər birimizi ürəkdən sevindirir. 

Hazırda fəaliyyətini Ümummilli Liderin əbədiyaşar ideyaları və ümumbəşəri prinsiplər əsasında davam etdirən Ombudsman təsisatı pozulmuş insan hüquqlarının bərpası, habelə pozulmasının qarşısının alınması, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına öz töhfəsini verməkdədir.

Ombudsman təsisatı müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi, milli insan hüquqları institutu kimi fəaliyyətini ölkəmizin Konstitusiyasında və qanunlarında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uğurla davam etdirməklə, dövlətimizin ali məqsədinin təmininə xidmət edir.

Tərəfimizdən elan olunmuş Aylıq çərçivəsində insan hüquqlarına dair müxtəlif maarifləndirici tədbirlərin keçirilməsinə, mediada və sosial şəbəkələrdə #İnsanHüquqlarıAylığı həştəqi ilə bu mövzunun təbliğində göstərilmiş fəallığa, həmçinin verilmiş töhfələrə görə bütün aidiyyəti qurumlara və ümumilikdə hər kəsə təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, dövlətin ali məqsədi olan insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam etdirilməsi öz töhfələrini verəcəkdir.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan

Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru.