İqlim dəyişmələrinin səbəb və nəticələri
Ekologiya

İqlim dəyişmələrinin səbəb və nəticələri

COP-un tarixinə nəzər salsaq, görərik ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var. Beynəlxalq aləmdə ümumi rəyin formalaşdırılması baxımından bu, kifayət qədər yüksək rəqəmdir. Bununla yanaşı, əgər tərəflərin fərqli qərarı olmazsa, COP-un tədbirlərinin hər il keçirilməsi nəzərdə tutulur ki, bu da iqlim dəyişmələrinə qarşı davamlı nizamlanma üçün olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində keçirilib və katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda plenar iclasında qəbul olunub. Ölkəmiz indiyədək bir çox beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edib. Prezident İlham Əliyevin də dediyi kimi, COP29 xarici nümayəndə sayına görə bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bu ilin payızında Bakı iki həftə dünyanın mərkəzinə çevriləcək və tarixi şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Kömür, neft və qaz kimi qalıq yanacaqlar qlobal iqlim dəyişmələrinə səbəb olur. Həmin yanacaqlar qlobal istixana qazı emissiyalarının 75 faizindən çoxunu, karbon dioksid qazının isə təxminən 90 faizini təşkil edir. İstixana qazları Yer kürəsi üzərinə çökərək günəşdən gələn istiliyin geri qayıtmasına mane olur. Bu isə qlobal istiləşməyə və iqlim dəyişmələrinə gətirib çıxarır. Zamanla artan temperatur təbiətin normal tarazlığını pozaraq hava şəraitini dəyişdirir. Bu, yalnız insanlara deyil, Yer üzündəki digər canlılara da böyük risklər yaradır.

İqlim dəyişmələrinin səbəblərindən danışarkən elektrik enerjisinin istehsalına diqqəti yönəltmək lazımdır. Qlobal emissiyaların əhəmiyyətli bir hissəsi qalıq yanacaqların yandırılması ilə istehsal olunan elektrik enerjisi ilə bağlıdır. Dünyada elektrik enerjisinin böyük hissəsi hələ də kömür, neft və ya qazın yandırılması ilə istehsal olunur. Bu isə Yer kürəsini açıq-aşkar təhdid edir, karbon qazı və azot oksid kimi güclü istixana qazlarının əmələ gəlməsi ilə nəticələnir. Qlobal miqyasda elektrik enerjisinin sadəcə dörddəbiri külək, günəş və digər mənbələrdən əldə edilir. Bu saf mənbələr isə qalıq yanacaqlardan fərqli olaraq zərərli istixana qazı əmələ gətirmir.

Əksər hallarda sement, dəmir, polad, elektron cihazlar, geyim və digər məhsulların istehsalı üçün lazım olan enerjini əldə etmək də qalıq yanacaqların yandırılması ilə nəticələnir. Bundan başqa, mədənçıxarma və digər sənaye sahələri də zəhərli qazlar əmələ gətirir. İstehsal sənayesi dünyada istixana qazlarını yaradan ən böyük təhlükələrdən biri hesab olunur.

Xüsusilə meşələrin yox edilməsi və ağacların kəsilməsi əlavə risklər yaradır. Hər il dünyada təxminən 12 milyon hektar meşə sahəsi məhv edilir. Meşələrin qırılması atmosferə atılan tullantıları təmizləmək üçün təbii imkanları məhdudlaşdırır. Çünki bitkilər havadakı zəhərli karbohidratları udurlar. Meşələrin davamlı şəkildə yox edilməsi kənd təsərrüfatı ilə birlikdə qlobal istixana qazlarının artmasına səbəb olur.

Məlum olduğu kimi, avtomobillər, gəmilər və təyyarələr qalıq yanacaqla işləyir. Bu da həmin nəqliyyatı istixana qazlarının, xüsusən də karbon qazı emissiyalarının əsas mənbələrindən birinə çevirir. Burada isə ən böyük pay daxili yanma sistemi ilə çalışan mühərriklərin neft məhsullarını yandırması səbəbindən yol nəqliyyat vasitələrinin üzərinə düşür. Eyni zamanda gəmilərdən və təyyarələrdən də ətrafa zəhərli maddələr atılır. Mövcud tendensiyalar yaxın illərdə nəqliyyat sektorunda enerji istehlakının əhəmiyyətli dərəcədə artmasının mümkünlüyünə işarə edir.

Ərzaq istehsalı, kənd təsərrüfatı və maldarlıq, peyinin istifadəsi, otlaq yerlərinin yaradılması üçün meşələrin məhv edilməsi kimi müxtəlif yollarla karbon qazı, metan və digər istixana qazlarının çoxalmasına səbəb olur. Kənd təsərrüfatı avadanlıqlarını və balıqçılıq gəmilərini gücləndirmək üçün istifadə olunan enerji qalıq yanacaqlarla işləyir. Bütün bunlar qida istehsalını iqlim dəyişmələrinə səbəb olan əsas amillərdən birinə çevirir.

Digər tərəfdən, yaşayış və kommersiya binaları dünya üzrə elektrik enerjisinin yarıdan çoxunu istehlak edir. İstilik və soyutma üçün kömür, neft və təbii qazın davamlı istifadəsi böyük miqdarda istixana qazının yaranmasına səbəb olur. İstilik və soyutma üçün enerji tələbatı, son illərdə artan kondisionerlərin istifadəsi və işıqlandırma, məişət cihazları elektrik istehlakın çoxaldığı üçün gərginlik yaranır.

Qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsi şəxsi ev təsərrüfatlarından qaynaqlanır. Bizim həyat tərzimiz planetimizə böyük təsir göstərir. Ən böyük məsuliyyət zənginlərin üzərinə düşür: Dünya əhalisinin 1 faizini təşkil edən varlılar kollektiv şəkildə 50 faizdən daha çox istixana qazı emissiyaları istehsal edirlər.

Hazırladı:

Aiza ŞABANOVA,

Salman ALIOĞLU,

"Respublika".