İşıqlı kənd layihəsi reallaşır
Region

İşıqlı kənd layihəsi reallaşır

Rayonda işıqlı kənd layihəsinin reallaşması durmadan əhatə dairəsini genişləndirir. Yaşıllıq məkanını xatırladan rayon ərazisində qonaqların və yerli sakinlərin diqqətini cəlb edən parklar, küçələr və məhəllələr təmizliyi və gecəsini gündüzə çevirən işıqları ilə də seçilir. Bu səbəbdən də şəhərin gözəlliyi gündüz kimi gecə də qəlblərə rahatlıq bəxş edir. İşıqlandırma sisteminin düzgün qurulması və lazımi səviyyədə istifadə olunması hava qaralan kimi insanı öz gözəlliyi ilə valeh edir. Rayon mərkəzində olan bu mənzərəni seyr etmək üçün Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka daxil olmaq və bir-birindən yaraşıqlı küçələrdə gəzmək kifayətdir.

İnsanların istirahəti üçün yaradılan hərtərəfli şərait hər bir kəsə xoş və bir-birindən maraqlı anlar bəxş edir. Şəhərin mərkəzində yaradılan bu əsrarəngiz mənzərədən sonra kəndlərdə də olan şəraitlə tanış olmaq istədik.

Hava qaralan kimi yolumuzu Sarıbulaq kəndinə saldıq. Bir an içərisində özümüzü rayon mərkəzində olduğumuz kimi hiss etdik. Çünki gecəsi də gündüzə çevrilən şəhərin kəndlərində də eyni vəziyyətlə qarşılaşdıq. Elektrik kabellərinin və küçə işıqlarının yenilənməsi və müasir dirəklərin quraşdırılması ilk baxışda diqqəti cəlb etdi. Kəndarası yollar nura qərq olub. Qeyd edək ki, "Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Balakən Elektrik Şəbəkəsinin xidməti ərazisində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması üçün bu ilin birinci yarısında xeyli işlər görülüb. Belə ki, şəbəkədən aldığımız məlumata görə, müxtəlif ərazilərdə 6-10 kV -luq h/x-lərinə 35 ədəd dayaqlar basdırılıb, 2 min metrə qədər məftil yenilənib və bu sahədə nəzərdə tutulan işlər lazımi səviyyədə görülməklə davam etdirilir. Təkcə Sarıbulaq kəndində yenidənqurma işləri ilə əlaqədar 234 ədəd 10 kV-luq metal dayaq, 60 ədəd OİN dayaq basdırılıb. 21 000 metr məsafədə məftil yenilənib, 2900 m SİP4 35 kabel çəkilib.

Yolumuzu rayonun Qənifə kəndinə saldıq. Burada da eyni mənzərənin şahidi olduq. Həyata keçirilən məqsədyönlü tədbirlərin real mənzərəsi hər bir şəxsin ürəyincədir. Çünki kənd yerlərində də gecəni gündüzə çevirən işıqlandırma istiqamətində görülən tədbirlər xalqa xidmət kimi daim yüksək qiymətləndirilir.

Qabaqçöl kəndində də görülən işlər elektrik şəbəkəsi əməkdaşlarının peşələrinə vurğunluğun göstəricisidir. Kollektiv xalqa yüksək xidməti özlərinin mənəvi borcu hesab edirlər. Sakinlərlə söhbətdən məlum oldu ki, kənddə kabellərin və sayğacların yenilənməsi elektrik enerjisinin təchizatını yaxşılaşdırmaqla əhalinin məmnunluğunu durmadan artırır.

Bununla yanaşı, Yevlax magistral yolunun Qazbinə yaşayış massivindən keçən hissəsində də böyük işlər görülüb. Belə ki, həmin ərazidə 320 ədəd iri, 45 ədəd isə xırda işıqlandırma dirəyi quraşdırılıb. Bu səbəbdən də rayonun əksər kəndlərində də gecələr gündüzə çevrilib və ətraf ərazi nura boyanıb.

M.NƏRİMANOĞLU,

"Respublika".