İslamofobiya:
Siyasət

İslamofobiya: "köhnə qitə"nin müasir "silahı"

Son bir neçə ildir ki, Avropada islamofobiya meyilləri artmaqda davam edir. Xüsusilə İsveç, Danimarka, Fransa və Almanya kimi ölkələr bu məsələdə fəallıq nümayiş etdirirlər. Bu günlərdə İsveçin paytaxtı Stokholmda Jade Sandberg adlı bir qadın polisin gözü qarşısında Quran kitabını yandırıb və onun üzərində iki taxtadan hazırlanmış xaç tutub.

Qeyd edək ki, son zamanlar Avropada Qurana və müsəlmanlara qarşı silsilə şəkildə hücumlar təşkil olunur və bununla bağlı heç kəs məsuliyyətə cəlb edilmir. Əksinə, həmin kafirlər polis tərəfindən mühafizə olunurlar. Bu da islamofobiyanın ölkədə dövlət siyasəti olduğunun bariz göstəricisidir.

Dünyada "insan hüquqları və azadlıqlarının qorunması" nümunəsinə çevrilən İsveçdə bu kimi hallar ilk dəfə deyil ki, baş verir. Məsələn, ötən ilin avqust ayında paytaxt Stokholmun Bromma bölgəsində 47 yaşlı İran əsilli Mərcan Bayrami adlı şəxs polisin mühafizəsi altında Quranı yandırıb. O, belə bir addımı atmasına səbəb kimi dinlərin lazım olmadığını göstərib. Mərcan Quran kitabını yandırarkən polis ərazidə təhlükəsizlik tədbirləri görmüş və bütün dinlərə qarşı çıxdığını desə də yalnız müsəlmanların müqəddəs kitabını təhqir edib. Ona görə də bu, "qoca qitə"də İslam dininə qarşı xüsusi aqressiyanın olduğunu göstərir. İsveçdə isə bu məsələ demək olar ki, ən pis həddədir.

Ötən il İsveçdə müsəlmanlara qarşı daha bir neqativ münasibət nümayiş etdirilib. Eskilstuna şəhərində ölkənin ən böyük məscidində yanğın baş verib. Məscidin işçiləri hadisənin bilərəkdən törədildiyini və dəfələrlə onlara qarşı hədə-qorxu gəlindiyini qeyd ediblər. Onların sözlərinə görə, qonşuluqda yaşayan bir ailə uzun müddət onlara hədə-qorxu gəlib və bu da yanğının bilərəkdən törədilməsinə əsaslı şübhələr yaradıb.

Hökumət tərəfindən İslam dininə aqressiya göstərənlərə qarşı heç bir ciddi tədbirlərin görülməməsi bu aşağılanır tendensiyası intensiv hal almasına gətirib çıxarır. İslamofobiya təkcə İsveç, Danimarka və digər ölkələrin məsələsi deyil, bu, ümumilikdə "köhnə qitə"nin ən qabarıq problemlərindən biridir. Təəssüflər olsun ki, Avropada bu cür vəhşiliklər "demokratiya" kimi qəbul edilir. Məscidlərə hücumlar, müsəlmanların qətlə yetirilməsi, "Qurani-Kərim"in yandırılması "söz azadlığı" adı ilə pərdələnsə də açıq aqressiya hiss olunur.

Almaniya da islamofobiya zəminində cinayətlərin artmasına görə narahatlıq doğuran ölkələrdən biri sayılır. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzƏrtac) müxbiri Kanslerə ünvanladığı sual da ksenofobiya və irqçilik kimi təhlükəli tendensiyaların izahını, eləcə də bu istiqamətdə Almaniya hökumətinin hansı tədbirlər gördüyünü diqqətə çatdırdı. Olaf Şoltsun bu suala verdiyi cavabdan da aydın olur ki, Kansler öz ölkəsində bu cür halların olmasını təkzib etmir: "Siz bildiyiniz kimi, dövlət bu məsələyə çox böyük diqqətlə yanaşır. Biz qanun çərçivəsində hərəkət edirik və digər siyasi maarifləndirmə tədbirləri həyata keçiririk. Ümumiyyətlə, müsəlmanlara qarşı, rasizm məsələlərinə çox ciddi yanaşırıq və bunun qarşısının alınması üçün əlimizdən gələni edirik. Dünya miqyasında siz müqayisə etsəniz görərsiniz ki, burada səylər çoxdur. Almaniya o ölkədir ki, bir çox millətlərin üzvləri burada bir-biri ilə sülh şəraitində yaşayırlar və burada dini mənsubiyyət, dini fərqlilik heç bir rol oynamır".

Müxtəlif illərə nəzər salsaq Almaniyada islamofobiya zəminində yüzlərlə cinayətlərin baş verdiyini görərik. Bu ölkədə 2015-ci ildə 2014-cü illə müqayisədə miqrantlara qarşı cinayətlərin sayı 5 dəfə artaraq 894-ə çatıb və həmin cinayətlərin əksəriyyəti dini zəmində törədilib. 2017-ci ilin göstəricilərində də bu, artım hiss olunur. 2017-ci ildə islamofobiya zəminində törədilən 1075 cinayət aktından 239-u məscidlərdə baş verib. Məscidlərə edilən hücumlar nəticəsində 32 nəfər yaralanıb. 2018-ci ilin 9 ayında müsəlmanlara hücumlar nəticəsində isə 40 nəfər xəsarət alıb. Bu cür terror hadisələri növbəti illərdə də davamlı olub. Ölkədə müsəlmanlara və məscidlərə qarşı 2019-cu ildə isə 884, 2020-ci ildə 901, 2021-ci ildə isə 662 islamofob hücumlar edilib. Almaniya hökuməti 2022-ci ilin üçüncü rübündə 120 islamofobiya cinayətinin qeydə alındığını bildirib. Həmin cinayətlər arasında "təhqir", "ictimaiyyəti təhrik", "mülkiyyətin məhv edilməsi" halları daha çox olub.

Azərbaycanlılar da zaman-zaman islamofobiyadan əziyyət çəkib. İşğalçı Ermənistan tərəfindən suveren ərazilərimizn 30 illik zəbt olunması nəticəsində İslam dininə aid abidələr qəsdən dağıdılıb və ya məhv edilib. Əvvəllər işğal dövründə 67 məsciddən 65-i yerlə-yeksan edilib. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur ərazilərində müsəlman qəbiristanlıqları təhqirə məruz qalıb. Müsəlmanların ibadət etdikləri yerlər tövlə kimi istifadə olunub, dinimizdə haram sayılan heyvanlar saxlanılıb.

Musa BAĞIRLI,

"Respublika".