İsmayıllıda əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanır
Region

İsmayıllıda əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanır

Azərbaycanda əkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan ziyanlara görə aqrar sığorta ödənişlərinə yaxın günlərdə başlanacaq. Bu barədə İsmayıllı rayonunda "Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta" mövzusunda keçirilən regional tədbirdə bildirilib.

Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən ziyan, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və faydaları fermerlər üçün açıqlanıb.

İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev rayonda aqrar sektorun, o cümlədən əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatlarının inkişafı barədə məlumat verib. Qeyd edək ki, fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, Dağlıq Şirvan regionu aqrar sığortadan ən çox faydalanan bölgələrdən biridir. Belə ki, ölkədə əkin sahələri üzrə ilk aqrar sığorta ödənişi İsmayıllı rayonunda həyata keçirilib. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib.

Nəriman CAVADOV,

"Respublika".