İstehlakçılara 46 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb
İqtisadiyyat

İstehlakçılara 46 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb

2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46173,2 milyon manatlıq, o cümlədən 25833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20339,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artmışdır.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 3,5 faiz, bazar və yarmarkalarda 3,9 faiz artmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 454,9 manatlıq, o cümlədən 254,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200,4 manatlıq qeyri-ərzaq malları almışdır.

“Respublika”.