Payızlıq əkinlərə start verildi
İqtisadiyyat

Payızlıq əkinlərə start verildi

İşğaldan azad olunmuş Cəbrayıl rayonu kənd təsərrüfatının bütün sahələri üzrə qabaqcıl bölgələrdən hesab olunur. Ötən təsərrüfat mövsümünü yaxşı göstəricilərlə yola salan fermerlər payızlıq əkinlərə start vermişlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinovdan öyrənirik ki, öhdədə olan texnika, digər vasitələr əkinə hazırlıq vəziyyətindədir:

- Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün həyata keçirilən aqrotexniki tədbirlər arasında şum mühüm əhəmiyyətə malikdir. Vaxtında aparılmış yay şumu torpağın keyfiyyət göstəricilərini xeyli artırır. Belə ki, torpaqda nəmliyin daha çox saxlanılmasına, alaq otları toxumlarının, sələf bitkilərinin qalıqlarının daha tez çürüyərək torpağa qarışmasına, toxum yatağının keyfiyyətli formalaşmasına şərait yaradır. Bu səbəbdən fermerlərə gələn ilin məhsulu üçün taxıl əkini ilə əlaqədar şumu mümkün qədər tez başa çatdırmaq tövsiyə edilir.

Gələn ilin məhsulu üçün rayonda 14 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1800 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 4500 hektardan çox sahədə yay şumu aparılmışdır ki, bu da proqnozlaşdırılan əkinlərin 32,1 faizini təşkil edir. Yay şumunun aparılması davam etdirilir.

Torpaqlardan bol və keyfiyyətli məhsul alınmasında əkin sahələrinin lazımi qida maddələri ilə zənginləşdirilməsi də vacib şərtlər sırasındadır. Hazırda fermerlər tərəfindən səpindən əvvəl əsas şum altına və səpinlə bərabər torpağa veriləcək mineral gübrələrin tədarükünə başlanılmışdır.

Ərazidə əkin aparacaq fermerlər tərəfindən bölgə üçün daha uyğun toxumlar tədarük olunur. Hazırda fermerlərin yüksək məhsuldar və sertifikatlaşdırılmış toxumlarla təminatını daha da yaxşılaşdırmaq istiqamətində tədbirlər davam etdirilir.

Rayon ərazisində proqnozlaşdırılan taxıl səpininin aqrotexniki müddətdə və keyfiyyətlə başa çatdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti rayon qurumlarının mütəxəssisləri tərəfindən fermerlərə lazımi təlimlərin keçirilməsinə başlanılıb.

Tofiq HÜSEYN,

"Respublika".