Keçmişin, bu günün və sabahın Ağdamı
Region

Keçmişin, bu günün və sabahın Ağdamı

Ağdamda ermənilərin müharibə cinayətləri ölçüyəgəlməzdir, bu dağıntılar ermənilərin qorxulu və təhlükəli mahiyyətindən xəbər verir. Azğın düşmən Ağdamda Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçirib. Otuz ilə yaxın Ermənistanın işğalı və hərbi təcavüzü altında qalan, erməni faşistləri tərəfindən talan edilən, yağmalanan, dağıdılan qədim yurd yerlərimiz Qarabağ və Şərqi Zəngəzur qəhrəman Silahlı Qüvvələrimizin bölmələrinin şücaəti ilə azad edildikdən sonra bu torpaqlara ləyaqətli həyat qayıdır, quruculuq, dirçəliş, bərpa işləri sürətlə aparılır. İşğaldan azad olunmasından üç il keçməsinə baxmayaraq, düşmənin Ağdamda törətdiyi xarabalıqların yerində yeni və müasir binaların ucalması firavan və xoşbəxt gələcəkdən xəbər verir. Ağdama uzanan rahat yollar keçmiş məcburi köçkünlərin Böyük Qayıdışında müstəsna əhəmiyyət daşıyır. “Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, şəhərsalmanın yeni modelinin tətbiq edildiyi qədim yurd yerimiz regionun ən gözəl şəhərlərindən birinə çevrilir.

Tarixi çox qədim olan və torpaqdan baş qaldıran daş kitabələri ilə məşhur Ağdamda XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan ağ daşdan ev tikdirib. Şəhərin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Qeyd edək ki, 1828-ci ildə şəhər statusu alan Ağdam Qarabağ xanlığı dövründə xeyli inkişaf edib. Erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarixi-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən biridir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında ermənilər inək və donuz saxlayıblar. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vəhşiliyinə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar. İmarətdəki çinar ağaclarını kəsiblər, buradakı meyvə bağını məhv ediblər, bu ərazidəki futbol stadionunu yerlə-yeksan edən ermənilər İmarəti erməniləşdirməyə də cəhd göstəriblər.

Hazırda qədim İmarət kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa və restavrasiya edilir. Xan qızı Natəvanın qəbirüstü büstü yenidən hazırlanaraq yerinə qaytarılıb. Ağdam ağıllı şəhər konsepsiyası əsasında qurulur və yaxın gələcəkdə burada yüz min nəfər sakinin yaşayacağı nəzərdə tutulur. Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti və silahlı qüvvələrimizin qəhrəmanlığı sayəsində döyüş meydanında qazanılan parlaq qələbə vasitəçilərin xahişi ilə aparılan danışıqlarda həlledici rol oynadı və Ağdam bir güllə atılmadan əsarətdən azad edildi.

İkinci Qarabağ savaşı nəticəsində ağır məğlubiyyətə uğrayıb ağ bayraq qaldıran və kapitulyasiya aktına qol çəkən Ermənistan rəhbərliyi 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun Azərbaycana qaytarılması barədə öhdəlik götürdü. Və elə həmin tarixdən də Ağdam öz azadlığına qovuşdu. İnsanların, şəhərlərin, kəndlərin taleyində çox bayramlar, əziz günlər olur. 20 noyabr günü Ağdam camaatının, Ağdamın ən əziz günlərindən biri, bəlkə də birincisidir. Bu barədə danışan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, bu il əlamətdar bayramın müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğu "Heydər Əliyev İli"nə təsadüf etməsi ikiqat sevinc doğurub. Belə bir əziz gündə Ulu Öndərimizi və rəşadəti, qəhrəmanlığı, canı, qanı bahasına yurdumuzu azadlığına qovuşduran mərd şəhidlərimizi də ehtiramla anırıq. Bəli, bu gün biz çox qürurluyuq, alnıaçıq, üzüağıq. Bu gün biz torpaqları 30 il düşmən işğalında qalıb, onu cəmi 44 gün, 23 saat 43 dəqiqəyə tam azad edən və öz gücü, qəhrəmanlığı sayəsində suverenliyini tam bərpa edən bir xalqın övladı, cəsur ölkənin vətəndaşlarıyıq. Fəxarət hissi keçiririk ki, bizim belə mərd xalqımız, Müzəffər Ali Baş Komandanımız, yenilməz Ordumuz, güclü dövlətimiz, qüdrətli ölkəmiz - Azərbaycanımız var!

Məlum olduğu kimi, Ağdamı və digər şəhər, kəndlərimizi viranəyə çevirən separatçıların əksəriyyətinin qolu qandallanaraq başıaşağı vəziyyətdə Bakıya gətirilib və həmin cinayətkarların istintaqı aparılır. Düşmənin məkrli niyyəti gözündə qaldı. Prezidentimizin təbirincə desək, qısa zamanda bu ərazilərdə əsl cənnət yaradılacaq, bərpa və yenidənqurmadan sonra Ağdam Azərbaycanın ən iri, müasir və inkişaf etmiş şəhərlərindən biri olacaq. Bu gün artıq dövlət başçısının rəhbərliyi ilə quruculuq işləri uğurla davam etdirilir. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşını qoyduğu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü çox qürurverici idi. Ağdamın Baş Planı təsdiq edilib və burada ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Qeyd edək ki, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsi yekunlaşacaq. Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Bəşir Hacıyev deyir ki, Ağdamda 5 yaşayış məhəlləsi tikiləcək, "Zəfər" və açıq hava altında "İşğal" muzeyləri fəaliyyət göstərəcək. "İşğal" muzeyi Ağdam Cümə Məscidinin arxasında viran qoyulmuş sahədə yaradılacaq. Həmin ərazidə olan dağıntılar konservasiya olunacaq və olduğu kimi də saxlanılacaq. Muzey erməni vandallığının və acı işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyindən söhbət açacaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək. Gələcək nəsil, qonaqlar, turistlər burada oxuduqları, eşitdikləri işğal tarixinin acı həqiqətlərini öz gözləri ilə görə biləcəklər. Ağdamda aparılan tikinti-bərpa və yenidənqurma işlərinə geniş yol şəbəkəsinin yaradılması, magistral qaz və su xətlərinin çəkilməsi də daxildir. Dövlətimizin başçısı İlham Əliyev 2021-ci ildə Ağdam-Bərdə avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, 2022-ci ildə Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub. Ümumilikdə isə Ağdam rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində üç layihə icra olunur. Artıq Bərdə-Ağdam avtomobil yolunun inşası başa çatmaq üzrədir. Ağdam-Füzuli və Ağcabədi-Ağdam avtomobil yolların tikintisi üzrə işlər davam etdirilir. Daha bir əhəmiyyətli layihə - Bərdə-Ağdam dəmir yolu xəttinin inşası işləri həyata keçirilir.

Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu şəhərdaxili yol şəbəkəsi ilə birləşəcək.

Ağdamda istər minatəmizləmə işlərində, istərsə də baza infrastrukturunun qurulması sahəsində vacib işlər görülür. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması üzrə işlər davam etdirilir və şəhər 1 nömrəli məktəbin binasında son tamamlama işləri aparılır. Yuxarıda qeyd etdiyimiz kimi, tarixi-mədəni abidələrdə restavrasiya işləri aparılır. Doğma yurda qayıdan insanlara iş yerləri yaradılır. İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və rahat fəaliyyət göstərmələri nəzərə alınıb. Həmçinin fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır. Qeyd edək ki, Ağdam Sənaye parkında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir.

Prezident İlham Əliyev ermənilərin 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyini, qəsbkarlığını, düşmənin barbarlığını və vandalizmini ifşa edərək bildirib ki, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Müharibə zamanı üç min şəhid verdik. Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, yeni Azərbaycandır.

Düşüncələr, arzular, gələcəyə baxışlar, qətiyyətli addımlar bizi yeni Ağdama aparır, itirilmiş yurd yerinə qayıdış, özü də ləyaqətli və şərəfli qayıdış Qalib Ali Baş Komandan İlham Əliyevin "vur" əmri ilə başlandı, "Dəmir Yumruq" isə Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilməsi ilə tarixin və zamanın zirvəsinə ucalıb.

Salman ALIOĞLU,

"Respublika".