MÜASİR TİBB MÜƏSSİSƏSİ İSTİSMARA HAZIRDIR
Region

MÜASİR TİBB MÜƏSSİSƏSİ İSTİSMARA HAZIRDIR

GORANBOY

Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Məhz bunun bariz nümunəsidir ki, Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Dövlət başçısı milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir.

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Bu istiqamətdə həyata keçirilən əsaslı tədbirlərin nəticəsidir ki, Goranboy şəhərində, 2023-cü ilin mart ayında tikintisinə başlanmış, inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənilmiş və müasir, yüksəkkeyfiyyətli tibbi avadanlıqlarla təchiz edilmiş özəl tibb müəssisəsi - Medlife Hospital artıq istifadəyə hazırdır. 98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri, 200-dən çox şəxsin işlə təminatı nəzərdə tutulmuşdur. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, aprelin 25-i "Sahibkarlar günü" ərəfəsində, Medlife Hospitalda olub, Hospitalın fəaliyyəti, yaradılan şərait ilə yaxından maraqlanıb.

Zabit XƏLİLOV,

"Respublika".