Kədəri sevincə çevirən xoşməram
Sosial həyat

Kədəri sevincə çevirən xoşməram

Dövlətimizin başçısı cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hərb sahəsinə diqqət və qayğısını heç bir zaman əsirgəməyib. Xüsusilə şəhid ailələri və qazilərə sosial yardımların edilməsi ölkə rəhbərinin mühüm tapşırıqlarından biri olub.

Digər bir vacib məsələ isə əsirlikdə olan hərbçilərimizin Vətənə qaytarılmasıdır. Ölkə başçısı hələ illər öncə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovu azadlığa qovuşdurmaqla hər bir azərbaycanlının Prezidenti olduğunu nümayiş etdirmişdir. Baxmayaraq ki, bu qərarın verilməsi bir sıra böyük güclər tərəfindən narazılıqla qarşılanmışdı. Amma Ramil Səfərovun Azərbaycana gətirilməsi Prezident İlham Əliyevin siyasi gücünün və Azərbaycanın qüdrətli dövlət olmasının təcəssümü idi.

Bu dəfə də cənab Prezident iki əsgərimizi erməni əsirliyindən azad etməklə onların ailəsinə misilsiz sevinc bəxş etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq bəyan ediblər ki, Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Və nəticə etibarilə humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir, eləcə də Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.

Təbii ki, 2 azərbaycanlı hərbçi deyərkən, burada söhbət bu il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Aqşin Bəbirov və Hüseyn Axundovdan gedir. Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun yolu dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçdiyi məlum olmuşdu. Hər iki əsgər Ermənistanda əsir götürülmüş və onlara qarşı saxta ittihamlarla cinayət işi açılmışdı. Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq, Ermənistan onları azadlığa buraxmadı, əksinə olaraq Ermənistan məhkəməsi mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılmış və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bir müddət öncə isə onun cəzası daha da ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilmişdi.

Əlbəttə ki, Hüseyn və Aqşinin əsirlikdən azad olunmasına çox sevinən onların ailələri, əsas da anaları olub. Onların təəssüratlarını öyrənmək üçün hər ikisi ilə əlaqə saxladıq.

Hüseynin anası Şəlalə xanım bildirdi ki, xəbəri eşidəndə hansı hisslər keçirib onu bir Allah bilir: "Bildiyiniz kimi, Hüseynin ömürlük həbs cəzası alması xəbəri çıxmışdı. Çox pis vəziyyətdə idim, amma indi onun azad olunmasını eşitdim, çox sevindim. 24 saat ərzində kədərim sevincə döndü".

Dürdanə xanım da qeyd etdi ki, ailəmizin sevincinin həddi-hüdudu yoxdur: "Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Nə qədər təşəkkür etsəm azdır. Bir ana kimi bizim səsimizə səs verdi, fəryadımızı eşitdi. Hər zaman dövlətimiz və onun rəhbərilə qürur duymuşuq. Şükürlər olsun. Cənab Prezidentimiz biz analara elə bir hədiyyə etdi ki, onun tayı-bərabəri ola bilməz. Bu səkkiz ayda sağlamlığımızı itirmişdik. Elə bilirəm ki, bundan sonra ölmərəm. Bu ötən müddətdə - Hüseyn və Aqşin əsirlikdə olanda onun anası ilə birgə bir-birimizin yarasını sarıdıq, bir-birimizə dəstək olduq. Hər keçən gün, hər keçən bayram da həsrətlə oğlumun yolunu gözləmişəm. Elə deyirdim ki, bu gün, bu bayram keçər, şad xəbər gələr. Sonuncu dəfə Aqşinlə noyabrın 23-də Qızıl Xaç vasitəsilə danışmışam. İndi səbirsizliklə yolunu gözləyirəm. Övladımın sınağı çox ağır oldu, amma sonunda səbrimizin mükafatı olaraq Allah onu mənə bağışladı".

Musa BAĞIRLI,

"Respublika".