Kənd təsərrüfatı: dayanıqlı inkişaf və hədəflər
İqtisadiyyat

Kənd təsərrüfatı: dayanıqlı inkişaf və hədəflər

Kənd təsərrüfatı Azərbaycanın ənənəvi istehsal sahəsidir. Burada tarixən üzümçülük, ipəkçilik və meyvəçilik geniş yayılıb. Ölkə ərazisinin böyük bir hissəsi dağlıq relyefə malik olduğundan maldarlıq həmin ərazilərdə yaşayan insanların əsas məşğuliyyəti olub. Maldarlıq kustar toxuculuğa və xalçaçılığa müsbət təsir göstərib. Hələ keçmiş dövrlərdən ölkədən Avropaya və Şərqə yüksəkkeyfiyyətli şərablar, xalça, gön-dəri, ipək məhsulları ixrac edilməyə başlanılıb.

Müasir dövrdə kənd təsərrüfatı ölkənin iqtisadi tərəqqisində müsbət impuls yaratmaqdan əlavə-sosial problemlərin həll edilməsi yönündə, xüsusilə məşğulluq səviyyəsinin artırılmasında da uğurlu nəticələr verir. Bu istiqamətdə irəliləyişlər həm də dövlət-özəl əməkdaşlığının inkişafı ilə bağlıdır. Ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir və bu sahədə məqsədyönlü və ardıcıl Dövlət proqramları həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə postsovet məkanında ilk dəfə Azərbaycanda həyata keçirilən köklü aqrar islahatlar nəticəsində kəndlilər torpaq sahibi oldular. Məhz bu islahatların sayəsində ölkədə kənd təsərrüfatı sahəsində bazar iqtisadiyyatına keçid dövründə yaranan böhran aradan qalxdı, uzunmüddətli dinamik inkişaf yoluna qədəm qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatında da yeni mərhələ başlayıb.

Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə aqrar sahəni müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək ilk növbədə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar torpaq vergisindən başqa, bütün növ vergilərdən azad edildilər, onlara istifadə etdikləri yanacaq və sürtkü yağlarına, gübrə, toxum və damazlıq heyvanlara görə subsidiyalar verilir, buğda, pambıq, barama, tütün, çəltik, fındıq kimi ənənəvi məhsulların istehsalçılarına əlavə güzəştlər olunur. Dövlət başçısı tərəfindən qəbul edilmiş müvafiq qərarlara uyğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə çoxşaxəli dövlət dəstəyi sistemi qurulur, sahənin potensialının gücləndirilməsinə yönəldilən resursların həcmi daim artırılır. Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının artımı əksər sahələr üçün xarakterik olur, bitkiçilik sahəsi üzrə artımda həm intensiv, həm də ekstensiv amillər təmin edilir, heyvandarlıq sahəsində artım isə tədricən intensiv inkişafa əsaslanmağa başlayır.

Son illərdə respublikamızda kənd təsərrüfatının inkişaf tempi dünya üzrə orta göstəricidən yüksəkdir. İstehsalın artırılması və qlobal dəyər zəncirinə inteqrasiyanın gücləndirilməsi hesabına kənd təsərrüfatı məhsullarının ixrac həcmi artır. Məlum olduğu kimi, aqrar sahənin inkişafının maliyyə dəstəyi göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Digər sahələrdə çalışan sahibkarlarla yanaşı, fermerlərə də güzəştli kreditlər verilir. Bu vəsaitdən səmərəli istifadə edən fermerlərin bir çoxu öz təsərrüfatlarını genişləndirirlər. Artıq ölkədə onlarla iri fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatların fəaliyyəti istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı vaxtda aqrar sahənin inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə strateji istiqamət elan olunub.

Dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artıb, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib. Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun olaraq bu il də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası qeydə alınıb. Ötən ilin 9 ayı ərzində aqrar sahə üzrə 3 faiz, o cümlədən bitkiçilikdə 2,5 faiz, heyvandarlıqda 3,5 faiz artım olub. İstehsal potensialının artması və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb.

Aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsində qeydə alınır və bu dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bunu xüsusilə müqayisəli üstünlüklərin yüksək olduğu və daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda onun payının artmasında özünü büruzə verir. Belə ki, 2003-cü illə müqayisədə ölkədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə artıb. Eyni zamanda 2003-cü ildən sonra ət və süd məhsullarına tələbatın artması heyvandarlığın inkişafını daha da artırmağa sövq edir. Hazırda meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkəmizi tam təminetmə potensialı yaranıb. Əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 86,0 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatıb. Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Yeni mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası da ödənilir.

Bu sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm tədbirlər sırasında aqroparkların yaradılması mühüm əhəmiyyət daşıyır. Bu yöndə dövlət başçısının müvafiq Fərmanı ilə dövlət-özəl tərəfdaşlığı mexanizmləri əsasında ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı, ilkin emalı və satışının mütərəqqi forması kimi aqroparkların yaradılması geniş vüsət alıb. Aqroparkların yaradılması və fəaliyyətinə investisiya qoyuluşları güzəştli kreditlərin verilməsi sahənin inkişafına təkan verir.

İslahatların davamı olaraq dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin diqqəti, qayğısı və dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırma tədbirləri sayəsində iri biznes qruplarının aqrar sahədəki fəaliyyətləri aktivləşməklə yanaşı, bu sahədə üstünlük təşkil edən kiçik və orta sahibkarların öz fəaliyyətlərini daha məhsuldar texnologiyalar tətbiq etməklə həyata keçirmələri üçün də yüksək səviyyədə şərait yaradılıb. Bu isə kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək, ölkəmizin iqtisadi gücünün daha da artmasına, insanlarımızın rifahının yüksəlməsinə müsbət təsirini göstərəcək.

Mustafa KAMAL,

"Respublika".