COP29 Qlobal həllərin müzakirəsinə yeni nəfəs
İqtisadiyyat

COP29 Qlobal həllərin müzakirəsinə yeni nəfəs

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin qlobal problemlərin həllində rolunu bir daha təsdiq edir.

Xüsusilə XXI əsrin ən böyük problemlərindən olan iqlim dəyişmələrinə, suyun, havanın, torpaq örtüyünün çirklənməsinə, səhralaşmasına qarşı mübarizədə Azərbaycan modeli dünyaya yeni nəfəs gətirəcək. Məlumdur ki, 2000-ci illərin başlanğıcından etibarən bu kimi məsələlərin həlli istiqamətində müəyyən adımlar atılsa da, effektiv həll üçün dünya dövlətlərinin birgə fəaliyyəti əsaslı şərtdir. Bu baxımdan, COP-un təşkili dünyamızın ekoloji problemlərin həlli istiqamətində birlik sərgiləməsi baxımından önəmlidir.

Qeyd edək ki, COP29-a evsahibliyimiz təkcə ekoloji aspektdən deyil, 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının reallaşması baxımından da dəyərləndirilməlidir. Məhz bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı mübarizədə müstəsna rolundan xəbər verir.

COP-un qısa tarixçəsinə nəzər salsaq, görərik ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Bu xüsusda, Konvensiyaya üzv olan 198 ölkə mövcuddur ki, beynəlxalq sferada ümumi rəyin formalaşdırılması baxımdan bu olduqca yüksək rəqəmdir. Bununla yanaşı, əgər tərəflərin fərqli qərarı olmazsa, COP-un hər il keçirilməsi nəzərdə tutulub ki, bu da proseslərin nizamlanmasına xidmət edir. Xatırladaq ki, COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində keçirilib və katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında mümkün olmuşdur. Hətta bu prosesdə Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürür. Bundan sonra Bolqarıstan da öz namizədliyilə bağlı eyni addımı atıb.

Xatırladaq ki, Azərbaycan artıq COP29-un keçirilməsi üçün əsaslı tədbirlər görür.  Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclasının keçirilməsi bunun əyani göstəricisidir. Qeyd edək ki,  iclası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev açaraq ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edildiyini bildirib. Məhz bu çərçivədə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları reallaşdırılır ki, bu COP29-un keçirilməsinin Azərbaycana həvalə edilməsinin nə qədər doğru qərar olduğunu göstərir. Bu məqsədlə hazırlanmış qanun layihəsində biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələr nəzərdə tutulur. Qeyd edildiyi kimi, silsilə tədbirlər təkcə paytaxt Bakıda deyil, işğaldan azad edilmiş ərazilərdə də keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edilməsi bu qəbildən olduqca önəmlidir.

Sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən tədbirlər bütövlükdə  COP29-un Azərbaycanda keçirilməsinə zəmin yaradan amillərdəndir. Digər tərəfdən, dünya ölkələri ilə əməkdaşlığın perspektivləri də ortaya çıxır ki, bu məqamda da atılan addımlar təqdirəlayiqdir. Azərbaycan və Braziliya arasında COP sahəsində tərəfdaşlığa start verilməsi də deyilənlərin əyani sübutudur. Qeyd edildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində iştirak edən Azərbaycan nümayəndə heyəti COP29-un rəhbər ölkəsi olaraq bir sıra görüşlər keçirir. Həmçinin  COP28-in vasitəçiliyi ilə COP prezidentləri üçlüyü (ötən, hazırkı və gələcək) çərçivəsində hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan və Braziliya arasında tərəfdaşlığa start verilib. Bu tərəfdaşlığın məqsədi "missiya 1.5°C"ni dəstəkləməklə iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətə təkan verməkdir. "Üçlük" Paris Sazişinin bütün əsas istiqamətləri üzrə iddia və təklifləri artırmaq, Dubayda əldə edilmiş BƏƏ konsensusuna uyğun kursu tənzimləmək, COP30-a qədər üç COP prezidenti arasında əməkdaşlıq yaratmaq üçün yaxın zamanlarda platforma təqdim edəcək. Bu barədə COP prezidentləri üçlüyü razılaşma əldə edib.

Ölkə başçımızın liderliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət qlobal müstəvidə Azərbaycanın imperativlərini təmin etmişdir. Qlobal həllərin müzakirəsi üçün faydalı dialoq mühitinin formalaşdırılması, o cümlədən enerji resurslarından səmərəli istifadə barədə müzakirə platformasının genişləndirilməsi ölkəmizin çoxvektorlu etibarlı tərəfdaş imicini, həm də humanitar dəyərlərə sadiqliyini bir daha təsdiqləyir.

Nurlan ABDALOV,

"Respublika".