Köç Arana qayıdır...
Sosial həyat

Köç Arana qayıdır...

Otuz ildən çox bizdən iraq düşən, işğalda qalan yaylaqlara həyat qayıdıb. Müzəffər Azərbaycan ordusu Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlarımızı savaş meydanında döyüşərək azad edib, hayların vandallığına son qoyulub, yaraları göynəyən təbiət yenidən cana gəlir, meşələr bərpa edilir, ormanlarda ağaclar əkilir. Qüdrətdən səngərli-qalalı dağlar - Üçmıx Qırxqız, Alagöllər, Çilgöz, Murov, Dəlidağ, Qoşqar, Qabaqtəpə azadlığına qovuşub. Zirvəsi buludlardan su içən dağların qaşqabağı açılıb, yaylaqların çal-çağır dövrü yenidən başlayıb, naxır və qoyun sürüləri irəmələrə yayılır. Kəklikotu, qırxbuğum, qaymaqçiçəyi, baldırğan, qantəpər ətirli dərələr, düzlər öz ahənginə qayıdır. Çobanların tütək səsinə, qoyun-quzu mələşməsinə, ocaq tüstüsünə, şirin söz-söhbətə həsrət qalan, dağlar, yaylaqlar üç ildir ki, çal-çağıra bürünüb. Artıq üçüncü ildir ki, doğma yaylaqlara köç edən Laçın rayonunun heyvandarları da bu sevinci yaşayırlar. Payızın gəlişi yaylaqlara qırovun düşməsi ilə başlayır, havalar soyuyur, hər tərəfi duman-çən bürüyür. Artıq yaylaq mövsümü başa çatır, heyvandarlar sürülərini qışlağa - Ağcabədi rayonunun Taxtakörpü ərazisinə qaytarırlar.

Qeyd edək ki, zəngin təbiəti olan Laçın rayonu heyvandarlıq məhsullarının istehsalına görə respublikamızda birincilər sırasındadır. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü rayonda heyvandarlığın inkişafına münbit şərait yaradır. Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Samir Həsənov söhbət zamanı bildirdi ki, bu il 428 laçınlı fermer təsərrüfatı rayon ərazisindəki yaylaqlara köç edib. Yaylaqlara 33 min 673 baş xırdabuynuzlu, 3136 baş iribuynuzlu heyvan aparılıb. May ayında yaylağa gedən köç oktyabrın əvvəllərindən başlayaraq qışlağa – Taxtakörpüyə qayıdır. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yer tutur. Məlum olduğu kimi, respublikamızda 2019-2023-cü illərdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramında ət, süd istehsalının və özünütəminetmə səviyyəsinin artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemdən, örüş və otlaqlardan səmərəli istifadə edilməsi əsas hədəf kimi qarşıya qoyulub. Bu istiqamətdə Laçın rayonunda da səmərəli iş aparılır. Həyata keçirilən islahatlar nəticəsində aqrar sektorda ciddi irəliləyişə nail olunur, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsal həcmi artır, daxili istehsalda artım dinamikası qorunub saxlanılır.

Bir qədər uzaqdan növbəti köçün Taxtakörpüdəki Laçın obalarına doğru gəldiyini görürük. Dağların havası üz-gözündə aydın hiss olunan Ağbulaq kənd sakini Bayraməli Ağalarovla söhbət edirik. Təcrübəli fermer deyir ki, 30 il Laçın həsrəti ilə yaşamışıq. Artıq yurd nisgilimiz sona çatıb, doğma yerlərə gedə bilirik. Bu il də öz doğma kəndimizə, yaylaqlarımıza getmişdik. Çöplügöl, Yeddibölük kimi gözəl yaylaqlarımız var. Bu yerlərin həsrətini çox çəkirdik. Göz yaşları ilə getdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bizə bu şəraiti yaradan dövlətimiz var olsun. Kəndin digər sakini İlqar Qənbərov bildirir ki, həmişə köçəri heyvandarlıqla məşğul olublar. Laçın rayonu işğal olunandan sonra mal-qaranı Daşkəsən yaylaqlarına aparırdıq. Artıq üçüncü ildir ki, doğma rayonumuza-Laçına gedirik. Çobanlar örüşlərdə mal-davarı, qoyun-quzunu otarıb şər qarışanda binələrə qayıdırlar. Yaylaqda qoyunlar yaxşı bəslənilir, mayalanma da yaxşı gedir, artım yüksək olur.

Qeyd edək ki, keçmiş sovet dönəmindən Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların qışlaq yeri olub. 30 ilə yaxın torpaqlarımızın işğal altında qalması səbəbindən heyvandarlıqla məşğul olan laçınlılar 1992-ci ildən etibarən Daşkəsən, İsmayıllı və Goranboy rayonları ərazisindəki yaylaqlara köç etmək məcburiyyətində qalmışdılar. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbədən sonra isə laçınlılar təsərrüfatlarını öz doğma yaylaqlarına aparırlar. Laçının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının ilk tapşırığı azad olunmuş torpaqlarımızın əkilib becərilməsi ilə bağlı olub. Nə xoş ki, düşməndən azad edilən torpaqlar məhsul verir, Aran dağa, dağ arana qovuşur...

Salman ALIOĞLU,

"Respublika".