Laçın dirçəlir, gözəl diyara çevrilir
Region

Laçın dirçəlir, gözəl diyara çevrilir

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və "Həkəri Balıq Təsərrüfatı"nın açılışlarında iştirak ediblər. Eyni zamanda Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Laçın-Kəlbəcər rayonlarında insanların doğma yurdlarına qayıtması prosesi daha sürətlə həyata keçirilir. Bu, ilk yarımildə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitlərin rayonlar üzrə həcmindən də aydın görünür. Belə ki, 2023-cü ildə ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat), Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb. May ayından Laçın şəhərinə əhalinin qaytarılmasına başlanıb. Artıq 247 ailə, yəni 956 nəfərin şəhərdə daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyevin avqustun 26-da Laçın şəhəri günündə verdiyi məlumata əsasən, ilin sonuna qədər daha 900 ailə üçün də evlər hazır olacaq. Qeyd edək ki, 1992-ci ildə Laçın rayonu işğal ediləndən sonra 65 mindən çox sakin 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub.

Laçının həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Həmçinin zəngin təbii ehtiyatlara malik olan Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün oldu.

Müstəqil Azərbaycan dövlətinin uğurlu siyasəti sayəsində möhtəşəm zəfərlərə imza atan ölkəmiz bu gün 30 il ərzində erməni terrorçularının işğalında qalan kəndləri, şəhərləri yenidən bərpa edir. "Böyük Qayıdış" proqramının həyata keçirilməsi bu torpaqlara yeni canlanma verir. Böyük Qayıdış Proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə köçürülən sakinlərin də fəal məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüş keçirilir.

Laçında, sözün əsl mənasında, həyat qaynayır və dirçəlir. Laçın şəhərinin hər qarışında onun əzəli sahiblərinin nəfəsi duyulmaqdadır. Son bir neçə ay ərzində Laçın fasiləsiz rejimdə fəaliyyət göstərən nəhəng tikinti meydançasına bənzəyir və bunlar artıq öz bəhrəsini verməkdədir. Qeyd edək ki, Laçın şəhərinin intensiv olaraq dirçəldilməsi məqsədilə bir sıra strateji obyektlər tikilməkdədir və bir-birinin ardınca analoji obyektlərin dövlət başçısının və birinci xanımın iştirakı ilə açılış və yaxud təməlqoyma mərasimləri keçirilir. Avqustun 25-də Laçın sənaye zonasında mebel fabrikinin açılışı buna əyani sübutdur. Əhalinin doğma torpağına qaytarılması ilə yanaşı, həm də sənaye infrastrukturu yaradılır, yeni iş yerləri ərsəyə gətirilir və ümumilikdə Laçın şəhərinin və Laçın rayonunun sosial-iqtisadi inkişafına əsaslı zəmin formalaşdırılır. Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxış edən ölkə Prezidenti İlham Əliyev deyib:

"...Bu gün artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq".

Nuranə DAXİLQIZI,

"Respublika".