Laçınlıların sevinc və fərəh hissi
Sosial həyat

Laçınlıların sevinc və fərəh hissi

Dünyada böyük əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi.

Dövlət başçımız 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra, dekabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində demişdir: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq". Artıq əzəli yurdumuza mərhələli şəkildə köç başlayıb, bu gözəl diyarın əsl sakinləri öz evlərinə qayıdır.

Əlbəttə ki, Böyük Qayıdışı həyata keçirmək üçün ilk növbədə, ərazilərin yenidən tikilib, qurulması vacibdir. Artıq bu istiqamətdə işlər həm sürətli, həm də keyfiyyətli şəkildə həyata keçirilir. Düşmən istilasından qurtulmuş ərazilər, dağılmış, viran qoyulmuş, kəndlər, şəhərlər gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır.

1988-1992-ci illərdə nankor ermənilərin Azərbaycana təcavüzü başladıqdan sonra dalbadal, bir neçə ilin içərisində ən gözəl rayonlarımızı itirmək məcburiyyətində qaldıq. Qarabağ müharibəsinin taleyini əhəmiyyətli şəkildə dəyişən Laçının işğalı Azərbaycan tarixinə, mədəniyyətinə vurulan ən ağır zərbələrdən biri idi. Ölkəmizin cənub-qərbində Kiçik Qafqazın dağlıq ərazisində, Qarabağ silsiləsində yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. 28 il sonra dilbər guşəmiz Laçını bir güllə atmadan, bir şəhid vermədən düşmən tapdağından azad etdik. Laçının tam nəzarətimizə keçməsi regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Belə ki, Laçın rayonu həm də iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda üstünlükləri var. Laçın ölkəmizin ən gözəl guşələrindən biridir. Ona görə də hesab etmək olar ki, dünyada da ən çox inkişaf edən turizm sahəsi olan ekoturizm burada inkişaf edən sektorlardan olacaq. İqtisadi fürsətlər açıldıqca əhalinin sayı və məşğulluq sahələri də artacaq. Bu da ölkə iqtisadiyyatına əlavə töhfə verəcək.

Qeyd etməliyik ki, ölkəmizin ən mühüm prioriteti işğaldan azad edilmiş ərazilərə sakinlərin qayıdışının təmin edilməsi ilə bağlıdır. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Əhalisinin qayıdışına start verilən rayonlarımızdan biri də Laçın rayonudur. Ağalı və Talış kəndlərindən sonra Böyük Qayıdış çərçivəsində cari ilin may ayında Laçına ilk köç baş tutdu. Prezident İlham Əliyev laçınlılarla görüşündə bildirmişdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq. Artıq Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Daha bir qayıdış prosesi 30 oktyabrda baş tutdu. Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə olmaqla 59 nəfər, Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış 4 ailə olmaqla 11 nəfər Laçın şəhərinə qayıtdı. Noyabrın 14-də isə 10 ailə - 40 nəfər Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər: "Şükür olsun bu günə ki, ailəmlə birgə dədə-baba yurduma ayaq basacam. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa diləyirəm. Bu gün üçün onlara borcluyuq. Yurdumuzdan çıxarılarkən kədərdən göz yaşı tökürdüksə, indi sevinc göz yaşları ilə evimizə qayıdırıq". Bu sözləri 77 yaşlı Laçın şəhər sakini Rüstəm Rüstəmov doğma yurduna yola düşərkən söyləyib.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".