LƏNKƏRAN XƏBƏRLƏRİ
Region

LƏNKƏRAN XƏBƏRLƏRİ

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə "Füzuli və islam dəyərləri" mövzusunda tədbir keçirib.

Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Prezident cənab İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdıraraq bildirib ki, o, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan, ülvi ideallarla yaşamağa səsləyən bədii-fəlsəfi irsi xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsinin aparıcı məsləhətçisi Səyyad Babakişiyevin "Füzuli və islam dəyərləri" mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, Füzuli sənət dünyasında günəş kimi parlayıb, əsrlər boyu Azərbaycan və Yaxış Şərq şeirinin inkişaf yolunu işıqlandırmışdır. Qızılın sərrafı zərgər, mərcanın sərrafı qəvvas, sözün sərrafı isə Füzulidir. Şair söz sənətinin mahir rəssamı, həm də söz xəzinəsinin qüdrətli hakimidir.

Ziyalılardan Qorxmaz Atakişiyev, Tofiq Həsənli, din xadimlərindən Fəxri Sadıxov, Asəf Axundov, Nadir Nabatov, mərkəzin tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov dahi Füzulinin ana dilində mükəmməl poeziya nümunələrini yaratdığını, bədii dilimizi zənginləşdirərək yeni zirvəyə yüksəltdiyini, parlaq dühasının təcəssümü olan əsərlərinin müəllifə böyük şöhrət qazandırdığını bildiriblər.

Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələrinin sualları cavablandırılıb.

* * *

AMEA Lənkəran Regional Elmi Mərkəzi növbəti tədbiri Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə birgə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirib.

Mərkəzin direktoru Mehman Əliyev tədbiri açaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə sanballı töhfəsinin bariz nümunəsidir.

Sonra Dendrologiya İnstitutunun İqlimləşdirmə və ekologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynağa Əsədovun "İqlim dəyişmələri və subtropik bitkilərin keyfiyyət göstəriciləri" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan dünyada təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi tanınır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli ölkəmizin enerji siyasətinin prioritet istiqamətlərindən biridir.

Açıq diskussiya və dialoq şəklində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".