Leysan yağışları Daşkəsəndə fəsadlar törədib
Ekologiya

Leysan yağışları Daşkəsəndə fəsadlar törədib

Leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli  Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə və Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.

23 iyun AAYDA-dən xəbər verilir ki, yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır, dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində aparılan işlər davam edir. 

“Respublika”.