Məscidlərin dağıdılması tarixi-dini abidələrimizə qarşı terrordur
Sosial həyat

Məscidlərin dağıdılması tarixi-dini abidələrimizə qarşı terrordur

İllər boyu torpaqlarımızda tarixi-dini abidələrimizə qarşı terror siyasəti yürüdülüb. İşğal müddətində məscidlərimizdə donuz saxlanılıb, tarixi abidələrimiz dağıdılıb. Keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkarlanıb. Məscidin Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi təxmin edilir.  Qarşılaşdığımız bu vəhşiliklər artıq təəccüb doğurmur. Bu dağıntılar separatçıların xain xislətinin nümunəsidir.

Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Otuz illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən  65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin - Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir". Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.

Qeyd edək ki, məscidin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız vəziyyətə salınıb. Astanada keçirilən dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında da bu məsələyə toxunulub. Dini liderlərin dindən siyasi məqsədlər üçün sui-istifadənin bütün forma və faktlarını, o cümlədən terrorçuluq təzahürlərini, nifrət çağırışlarını, ksenofobiyanı, habelə kilsələrdə, məscidlərdə, sinaqoqlarda və digər ibadət yerlərində dindarlara qarşı törədilən ekstremist hərəkətləri qəti şəkildə pislənilib, dini rəmzlərin, ziyarətgahların təhqir olunması hallarının yolverilməz olduğu bildirilib.

Ölkəmiz, xüsusilə də Qarabağ bölgəsi qədim tarixə malikdir. Bu, arxeoloji qazıntılarla da sübut edilib. Bölgədə yaşamış insanlar çoxsaylı abidələr yaradıb. Lakin Qarabağda Ermənistanın işğalı müddətində İslam mədəniyyətinə aid və digər bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Birinci Qarabağ müharibəsinə kimi bölgədə 706 tarixi və mədəniyyət abidəsi olub. 44 günlük müharibə zamanı isə işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb. Separatçılar Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayıb. Qarabağ bölgəsi və 7 rayonun ərazisində Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılıb.

Separatçılar bu kimi fəaliyyətlərlə bizim tarixən yaşadığımız torpaqlardan keçmişimizi silmək, etnik təmizlənmə siyasəti aparıblar. Lakin 44 günlük Vətən müharibəsi nəticəsində qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad edib. Bununla da Qarabağın çiçəklənmə, canlanma prosesi başlayıb. Bütün dünya memarlığının ən gözəl nümunələrindən olan bu abidələr artıq bərpa edilir.

Azərbaycan bütün dinlərə hörmətlə yanaşır. Bunu Qarabağdakı ermənilərə vətəndaşlıq təklif edərək sübut edib. Ölkəmiz həmçinin, onların təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının, o cümlədən təhlükəsizliklərinin  qorunmasına təminat verib. Bütün bunlar Azərbaycanın humanist mövqedən yanaşmasının, tolerant siyasətinin sübutudur.

Təəssüf ki, dünyanın bir çox yerində etnik-dini zəmində münaqişələr baş verir. Dini ekstremizm və islamofobiya, dinin bəzi siyasi məsələlərə alət edilməsi cəhdləri acı gerçəklikdir. Buna baxmayaraq,  Azərbaycanda milli-mənəvi dəyərlərə, o cümlədən İslam ənənələrinin qorunmasına diqqət göstərilir. Ölkəmizdə multikultural ənənələr, tolerant mühit mövcuddur. Daxili həmrəyliyin möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dini abidələrinin qorunmasına önəm verilir.

Dövlətimiz  tarixi abidələrimizin gələcək nəsillərə çatdırılması üçün bu sahəyə böyük qayğı göstərir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".