Millətimizin gələcək sütunları
Sosial həyat

Millətimizin gələcək sütunları

"Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq". Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, gənclərin dinamizmi və yenilik arzusu ölkədə milli tərəqqi əldə etmək üçün əsas amillərdən biridir.

Bugünkü dövrdə gənclərə dəyər və səlahiyyət verilməsinin əhəmiyyətini vurğulamaq xüsusilə vacibdir. Gələcək ictimai inkişafın hərəkətverici qüvvəsi olan yeni nəsil sadəcə tamaşaçı deyil, millətin taleyinin memarlarıdır. "Gənclər ölkənin gələcəyidir" fikri indi hər zamankından daha çox səslənir, çünki onların ortaya qoyduğu inanılmaz potensialın və dəyişdirici gücün şahidi oluruq. Gənclərin təhsillərinə sərmayə qoymaq, bacarıqlarının inkişafı üçün imkan yaratmaq və yaradıcılıq üçün əlverişli mühiti inkişaf etdirməklə əslində tərəqqi və firavanlıq dolu gələcək üçün zəmin yaranır.

Müxtəliflik tərəqqinin təməl daşıdır. Gənclər onu qəbul etmək və dəstəkləməkdə mühüm rol oynayırlar. Gənc fərdlərin istedad və perspektivlərini qiymətləndirmək ahəngdar və möhkəm cəmiyyət qurmaq üçün əsas olan inklüzivliyi təşviq edir. Gənclərin həyata keçirilən işlərdə iştirakı inkişaf edən demokratiyanın qan damarıdır. Onların qərar qəbuletmə proseslərində, ictimai müzakirələrdə fəal iştirakını təşviq etmək, demokratik təcrübələri zənginləşdirməklə yanaşı, kollektiv gələcəyin formalaşdırılmasında məsuliyyət və sahiblik hissini aşılayır. Gənc vətəndaşlarımızı tanımaqla, onlara dəyər və səlahiyyət verməklə biz nəinki daha parlaq gələcəyi təmin edirik, həm də innovasiya, inklüzivlik və kollektiv tərəqqi üzərində inkişaf edən cəmiyyətin əsasını qoyuruq.

Azərbaycan da bu məsuliyyəti ən düzgün şəkildə dərk edən ölkələrdəndir. Gənclər Günü gənc nəslin potensialını öyrənmək, qiymətləndirmək və xalqın gələcəyinin formalaşmasında onların rolunu ifadə etmək üçün bir fürsətdir. 2 fevral gənclər üçün ilham və ümid mənbəyi, onlara cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını bir daha xatırladır.

Bu tarixin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə əlaqəlidir. Onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1994-cü ildə dövlətin gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi yaradılıb. Ümummilli Liderin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss ediblər. Onun dəstəyi ilə 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilib.

Ölkəmizin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və kütləviliyinin artırılmasına xüsusi əhəmiyyət verilir. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən biridir. Respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Həmçinin Azərbaycan bir çox nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi edir. İdmançılarımız Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları ilə tez-tez bizi qürurlandırır. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını daha da stimullaşdırmaq üçün ölkəmiz hər vəchlə çalışır. Qarşıya qoyulan məqsədlərdən biri də gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməkdir.

Azərbaycan gəncləri də öz növbəsində gələcəyimizin formalaşmasında öz məsuliyyətlərini dərk edir. 44 günlük Vətən müharibəsində cəbhədə, həmçinin informasiya müharibəsində gənclərimiz bütün gücləri ilə mübarizə aparıb. Onlar Azərbaycanımızın parlaq gələcəyinin təminatçısıdır. Ölkəmizdə gəncliyə göstərilən xüsusi diqqət və qayğı da bir daha göstərir ki, gələcəyimiz üçün sağlam və intellektual nəslin təməlləri atılır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".