MİLLİ ELMLƏR AKADEMİYASI: AZƏRBAYCANIN SÜRƏTLİ İNKİŞAFI VƏ MÖVCUD ELMİ POTENSİALI FONUNDA BƏRBAD İDARƏÇİLİK
Elm və təhsil

MİLLİ ELMLƏR AKADEMİYASI: AZƏRBAYCANIN SÜRƏTLİ İNKİŞAFI VƏ MÖVCUD ELMİ POTENSİALI FONUNDA BƏRBAD İDARƏÇİLİK

Sirr deyil ki, istənilən ölkənin inkişafı həm də onun elmi-texniki tərəqqisinin səviyyəsi ilə ölçülür. Artıq dünyada get-gedə daha çox insan zehni əməklə məşğuldur. Ölkədə elmin müxtəlif istiqamətlərdə inkişafı sayəsində əhalinin rifahı yüksəlir. Elm ocaqları iqtisadi inkişaf meyillərini nəzərə almaqla, zəmanənin çağırışlarına adekvat fəaliyyət göstərmək iqtidarında olanda ölkə dünya arenasında aparıcı mövqelərini daha əminliklə qoruyub saxlaya bilir.

İnsanın dünya görüşünü formalaşdıran müasir elmi-texniki tərəqqi bütün sahələrdə inkişafın əldə olunması ilə sıx bağlıdır. Bu isə cəmiyyətin proqnozlarını müəyyənləşdirərək bəşəriyyət qarşısında dayanan problemləri həll etməyə kömək edir.

Xarici ölkələrdə elm sahəsində son dövrlər ərzində toplanılmış təcrübəni qardaş Türkiyənin timsalında qısaca da olsa nəzərdən keçirək. Rəsmi mənbələrə əsasən, Türkiyədə bütün sahələri əhatə etməklə elmlər akademiyasının yaradılması ideyası 1960-cı illərdə meydana gəlib. Hazırda Türkiyə Elmlər Akademiyası muxtariyyət statusuna malik qurumdur. TÜBA adı ilə fəaliyyət göstərən bu akademiya cəmi 29 il bundan əvvəl - 1993-cü ildə təsis edilib.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri ilə beynəlxalq münasibətlərini tənzimləyən TÜBA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür. O, qarşılıqlı əlaqələri əsasən konkret məsələlər və maraqlar üzərində anlaşmalar əsasında qurur.

Türkiyə Elmlər Akademiyasında tədqiqatlar elm və təhsil siyasəti, elmi texnologiyalar və kommunikasiya, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi, enerji, ərzaq və qidalanma, tibb elmləri və texnologiyalar, davamlı inkişaf və maliyyə sahələri üzrə aparılır. Göründüyü kimi, praktiki və tətbiqi əhəmiyyəti olan bütün əsas sahələr əhatə olunur. TÜBA-nın fəaliyyətinin səmərəliliyinin təməlində insan amili dayanır. Elmi ictimaiyyət üçün hər zaman özünü açıq elan edən təşkilatın əsas gücü könüllülərdir. Yəni, Türkiyənin Elmlər Akademiyası könüllüləri cəlb etmək üçün bütün zəruri addımları atır. Bizdə isə bu haqda danışmaq belə real görünmür.

Akademiyanın "TÜBA-GÜNCE", "Wos-ESCI" (TÜBA yükseköyretim dergisi), "TÜBA-AR", "TÜBA-KED" və "TÜBA-Newsletter" dərgilərində əksini tapan materiallar dünya elmi ictimaiyyətinin tələblərinə cavab verir. Araşdırmalar göstərir ki, Türkiyə Elmlər Akademiyasının fəaliyyətində elmi əsərlərin nəşri və çap işlərinin tanıdılması mühüm bir istiqamətdir.

Qeyd edək ki, hazırda Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) kimi fəaliyyət göstərən təşkilat da, əsaslı elmi araşdırmalarla məşğuldur. Əsası 1963-cü ildə qoyulmuş TÜBİTAK akademik və sənaye tədqiqat işlərini və yenilikləri dəstəkləmək, milli prioritetlər istiqamətində çalışan institutları idarə etmək funksiyası ilə yanaşı, ölkənin elm və texnologiya siyasətini də müəyyən dərəcədə istiqamətləndirir.

Türkiyədə elm adamlarının ölkə daxilində və xaricdəki akademik fəaliyyətləri təqaüd və mükafatlarla dəstəklənir. Həvəsləndirici mükafat formaları müxtəlifdir. Qurumun dəstəyi ilə universitetlilərin, dövlət qurumlarının və sənayenin layihələri maliyyələşdirilir. Göründüyü kimi, qardaş ölkədə elm Türkiyənin ümumi inkişafı ilə ayaqlaşa bilir.

Bəs Azərbaycan elmi ölkənin ümumi inkişafı ilə ayaqlaşa bilirmi? Nə üçün elmimiz hələ də özünü dünyada yetərincə tanıda bilmir? Buna mane olan hansı amillər mövcuddur? Bu və digər suallara cavab tapmaq üçün Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən bir neçə elm ocağına - Fizika İnstitutuna, İdarəetmə Sistemləri İnstitutuna, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna, Nəsimi adına Dilçilik İnstitutuna, akademik M.F.Əliyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutuna, Geologiya və Geofizika İnstitutuna baş çəkdik. Son üç elmi ocaq istisna olmaqla, digərlərinin icraçı direktorları və digər məsul şəxsləri ilə söhbət etdik. Təəssüf ki, Nəsimi adına Dilçilik İnstitutunda, akademik M.F.Əliyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda, habelə Geologiya və Geofizika İnstitutunda ümumiyyətlə bir məsul şəxs tapa bilmədik. Ən qəribəsi odur ki, "Rəhbərlik məzuniyyətdədir" ifadəsi elementar idarəçilik aksiomunu əvəz edə bilməz - hər hansı rəhbər şəxs bu və ya digər səbəblərdən iş yerində deyilsə, özünün müəyyən səlahiyyətlərini həvalə etməklə bir məsul şəxs təyin etməlidir. Necə deyərlər, əvəzedən olmalıdır...

Hədəfimiz kimisə kor-koranə tənqid etmək deyil, məqsədimiz Azərbaycan elminin ağır duruma düşməsinin səbəblərini araşdırmaq, mümkün çıxış yollarını aramaqdan ibarət idi. Çünki fakt göz qabağındadır - milli elmimiz Azərbaycanın real vəziyyətini, tərəqqisini əks etdirmir, dünyada layiqincə tanınmır, ayrı-ayrı istedadları çıxmaq şərtilə elmin kütləvililiyi, tətbiqi sınaq və təcrübələrin geniş vüsət alması haqqında danışmaq yersizdir. Təkcə 2022-ci ilin dövlət büdcəsindən Elmlər Akademiyasına ayrılan vəsaitlərin həcmi yuvarlaq 134 milyon manat təşkil etmişdir, görəsən onun mində biri xalis mənfəət şəklində, yaxud ümumi gəlir formasında geri qayıdıbmı? Yəqin ki, hörmətli oxucu bu sualı ritorik sual kimi qəbul edəcək. Amma, necə deyərlər, cavab öncədən bəllidir...

Nədir elmimizi bu vəziyyətə salan? İnstitutların rəhbər simaları bununla əlaqədar, demək olar ki, yekdil bir fikir söyləyirlər - ölkəmizdə elmtutumlu istehsal sahələri azdır, mövcud olanlar isə Elmlər Akademiyasına sifariş verməkdən yayınır.

Biz bununla razıyıq ki, alim yalnız elmi düşünməlidir, öz fəaliyyəti üzərində bütün səylərini və diqqətini cəmləşdirməlidir, onun sifarişçi tərəfi axtarmaq kimi bir qayğıları olmamalıdır. Bu, həqiqətən məntiqlidir. Ancaq bir sual yaranır - biz hansı dövrdə yaşayırıq? Alimin istehsal etdiyi məhsul maddi əmtəə deyil, əqli məhsuldur. Ancaq necə olursa olsun, bu, ilk növbədə, bazara çıxarılacaq, alqı-satqı predmetinə çevriləcək bir əmtəədir və müştərisini tapmalıdır. Bəli, hazırki zəmanəmizdə nəyi istehsal etməyindən asılı olmayaraq, müştəri məhsulun deyil, məhsul müştərinin axtarışında olmalıdır, tələb təklifin arxasınca deyil, təklif tələbin arxasınca getməlidir. Qloballaşan dünyamızda iqtisadi inteqrasiya o dərəcədə yüksək həddə çatıb ki, əmtəə istehsalçıları bir-birilə amansız rəqabətdə olur və satış bazarları uğrunda, belə demək mümkündürsə, ölüm-dirim mübarizəsi aparır. Bu, təkcə maddi nemətlərin istehsalına deyil, ümumiyyətlə bütün növ məhsullara aiddir. Sadaladığımız elm ocaqlarının rəhbərləri öz institutlarında az da olsa, olduqca istedadlı, ürəkləri və qəlbləri elmə bağlı olan kadrların olmasından ağız dolusu danışdılar, burada tədqiqat işlərinin aparılması üçün normal şəraitin olduğunu da qeyd etdilər. Yəni, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına əldə olunan avadanlıqlar müasir elmi araşdırma, sınaq və tədqiqat işlərini aparmaq imkanı verir. Qalır əsas məsələ - kommersiya yönümlü sifarişlər əldə etmək. Deməli problem idarəetmədə və yanaşma tərzinin özündədir. Yəni, Milli Elmlər Akademiyasının idarəçiliyini həyata keçirən məsul şəxslər gözləmə mövqeyindədir - qoy şirkətlər gəlsin, bizə sifariş versin, biz də işləyək, gəlir əldə edək... Maraqlı yanaşmadır, deyilmi? Sual olunur - son illər ərzində Elmlər Akademiyasının "başbilənləri" qurumun nəzdində fəaliyyət göstərən 30-dan çox institutda həyata keçirilməsi mümkün olan həm fundamental, həm tətbiqi elmi işləri heç olmasa ölkə daxilində tanıda biləcək bir struktur formalaşdıra bilməzdimi? Heç olmasa bununla bağlı hökumətə hər hansı təşəbbüslərlə rəsmi qaydada müraciət olunubmu? Bəs 2016-cı ildə dövlətin birbaşa dəstəyi ilə Elmlər Akademiyasının nəzdində yaradılmış Texnoparkın fəaliyyəti necə oldu? Bizdə olan məlumata görə, ilkin mərhələdə orada bir neçə həm yerli, həm də xarici rezident tərəfindən kifayət qədər perspektivli və ümidverici istehsal sahələri yaradılmışdır, orada elmin və sahibkarlığın az-çox məqbul bir sintezi yaradılmışdır. Bəs hazırda vəziyyət nə yerdədir? Bu sualın da cavabını öncədən proqnozlaşdarmaq çətin deyil, riyazi dillə desək - boş çoxluq...

Biz yaxşı bilirik ki, işə məsuliyyətlə yanaşanlar, idarəetməni zamanın və dövrün tələbinə uyğun həyata keçirənlər böyük uğurlara nail ola bilərlər. Bunun ən bariz nümunəsini dövlət başçısı cənab İlham Əliyevin özündən öyrənməliyik - son illər ərzində ölkəmizdə genişmiqyaslı islahatlar aparılır, idarəetmə sistemi təkmilləşdirilir. Yeni yanaşmalar, yeni kadrlar böyük uğurların əldə olunmasını təmin etmişdi. Bunu həm ölkə daxilində, həm də beynəlxalq arenada görmək mümkündür. Azərbaycanın nüfuzu günü-gündən yüksəlir, dünyanın qlobal güclərin nəzərləri, diqqəti ölkəmizə yönəlir. Ordumuz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən artıq işğal altında qalmış torpaqlarımızı azad etdi, sözün əsl mənasında XXI əsrin texnoloji müharibəsini apardı, zərgər dəqiqliyi ilə düşmənin hədəflərini məhv etdi, dünyanın hərb tarixinə qızıl hərfərlə yazılmış Şuşanın azad edilməsi əməliyyatını həyata keçirdi. Biz hələ son illərdə əldə olunmuş inanılmaz sosial-iqtisadi inkişafı demirik. Və bütün bunların fonunda Milli Elmlər Akademiyasında ötən əsrin ortalarında - 60-cı illərdə tətbiq olunan idarəetmə sistemini, idarəçilik yanaşmasını görmək heç də ürəkaçan deyil. Belə bir arxaizmin olması həm XXI əsrin gündəmi, həm də Azərbaycanın beynəlalq nüfuzu və dünyada əldə etdiyi yüksək mövqeləri ilə antaqonizm təşkil edir. Deməli, nə qədər üzücü olsa da qeyd etməliyik ki, AMEA artıq yeni və mütərəqqi bir qurum olaraq deyil, köhnənin qalığı kimi fəaliyyət göstərir.

Biz Fizika İnstitutunda gənc alimlərimizi laboratoriyada, iş başında gördük. Onlara apardıqları təcrübələrlə bağlı suallar verdik, işləri ilə maraqlandıq. Əziz oxucu, onların gözündə elmə, öz işlərinə sadiqliyin, bağlılığın parıltısını gördük. Alimlər MDB ölkələri arasında yalnız Azərbaycanda olan bir cihazı, onun vasitəsilə hansı maraqlı sınaqların həyata keçirdikləri barədə böyük həvəslə məlumat verdilər. Özlərinin ixtira etdikləri cihazı da bizə göstərdilər. Ancaq, nə fayda... Özümüz deyib, özümüz eşidirik. Bu gənc alimlərimizi xarici ölkələr qalsın bir yana, Azərbaycanın özündə tanıtmaq üçün Elmlər Akademiyasının rəhbər işçiləri nə işlər görüblər? Media vasitəsilə onların tanıdılmasına, əldə etdikləri nəticələrin reklam olunmasına səy göstəriblərmi? Nə vaxt bizə müraciət ediblər ki, gəlin, bu işlərimizi, bu uğurlarımızı işıqlandırın, biz də etmədik? Hamıya bəllidir ki, ümumilikdə respublika üzrə həyata keçirilən elmi araşdırmaların, sınaq və təcrübələrin keyfiyyəti, faydalı iş əmsalı çox aşağıdır. Və problem göründüyündən də xeyli ağırdır, çünki bu əmsalın yüksəldilməsi istiqamətində heç bir əməli iş aparılmır, rəhbərlik təkcə seyrçi mövqeyində qalmaqda davam edir. Ayrı-ayrı istedadlı kadrlarımızın, yuxarıda haqqında bəhs etdiyimiz gənc alimlərimizin, bir sözlə - elmi potensialın üzə çıxarılması məsələsi mürəkkəb, belə gedişatla həlli görülməyən bir problemə çevrilib.

Rahat kabinetlərdə, kürsülərdə oturmaq, işləyənlərdən hesabat almaq, ona-buna yeri gəldi-gəlmədi göstərişlər vermək idarəetmə demək deyil. İdarəetmə öz işçisinin qeydinə qalmaq, onun problemlərini həll etmək, onun uğurlarını təbliğ etmək, dövlətin qüdrətinə söykənərək beynəlxalq elm ictimaiyyəti arasında Azərbaycan elmini təbliğ etmək, elm ocaqlarının kommersiya yönümlü fəaliyyətini, əldə olunan elmi nailiyyətlərinin tətbiqi üstünlüklərini lazım olan sahibkarlıq subyektlərinə, istehsal şirkətlərinə təqdim etmək, nəhayət, təbliğ etmək deməkdir. Yalnız düzgün qurulmuş inzibatçılıq, özünü doğruldan müasir idarəçilik hər bir fəaliyyətin uğur düsturudur. Bunu deməklə biz yenidən “təkər” icad etmirik, dediklərimizin hamısı məlum məsələlərdir. "Bizə sifariş verin, biz də işləyək" - fikri əsla düzgün yanaşma deyil. Bunun özü onu göstərir ki, Elmlər Akademiyası rəqabətqabiliyyətli deyil, ona ayrılan maliyyə vəsaitlərini, bəslənən ümidləri doğrultmur. Halbuki, məhz Elmlər Akademiyası innovativ inkişafın ideya mənbəyi, elmi əsaslara söykənən tərəf, ilhamvericisi, yönəldicisi olmalıdır. Hazırda AMEA-da kifayət qədər güclü elmi potensial var. Razılaşın ki, bu, kifayət qədər önəmli göstəricidir. Ancaq bu kəmiyyət göstəricisinin keyfiyyətə transformasiyası necə, baş verirmi? Bu qədər akademiklərimiz ola-ola, idarəetmə niyə belə bərbaddır? Bir sözlə, gün kimi aydındır ki, nizam-intizamsız idarəetmə olan yerdə elm inkişaf edə bilməz. Deməli, AMEA-da ciddi islahatların həyata keçirilməsi qaçılmaz zərurətdir.

Paradoks isə bundan ibarətdir ki, sərəncamında onilliklər ərzində toplanmış nəhəng elmi baza, istedadlı kadrlar, az çox zəruri maddi-texniki təminat olsun, sən isə kommersiya sifarişlərinin olmadığından giley-güzar edəsən, özün isə heçnə etməmiş, oturub sahibkarların gəlib sənə sifariş verməsini gözələyəsən.

Mövcud idarəetmənin, daha doğrusu idarəolunmazlığın indiki və gələcək fəsadlarının qarşısını almaq, elm sahəsində aparılan işlərin səmərəliliyini, effektivliyini təmin etmək məqsədilə elmi-tədqiqat institutlarının ali məktəblərin tərkibinə verilməsi məqsədəuyğun görünür. Çünki, Azərbaycanda, de-yure AMEA deyilən bir qurum olsa da, de-fakto yox kimidir. Nə qədər acınacaqlı və ağır olsa da, bunu deməliyik.

Elmlər Akademiyası sistemində daha bir böyük problem əməkdaşların, xüsusilə də gənc kadrların əməkhaqlarının çox da yüksək olmamasıdır. Eyni zamanda, son illər ərzində digər sahələrdə əməkhaqlarının artımı Akademiyanın nəzdində olan elmi institutlarla müqayisədə əvvəllər də mövcud olmuş fərqin daha da böyüməsinə səbəb oldu. Bu isə, öz nəvbəsində, güclü kadr axını şərtləndirdi. İxtisarların aparılması ilə müəyyən məbləğdə sözün əsl mənasında elmə sadiq olan istedadlı işçilərin əməkhaqlarının qaldırılması mümkündürmü sualımıza cavab olaraq institutların rəhbər şəxsləri bildiriblər ki, bu, onların səlahiyyətində deyil. Yəni, Elmlər Akademiyası bir struktur olaraq təqdimatla ixtisar ediləcək ştat vahidlərinin maliyyəsinin digər ştatlar arasında bölüşdürülməsini edə bilmir və dərhal maliyyələşmə dayandırılır. Doğrudur, AMEA aparatı bunu özbaşına edə bilməz. Ancaq nə üçün müvafiq dövlət qurumlarına bu barədə müraciət edilmir, nə üçün ixtisar edilə biləcək ştatlardan qənaət olunan vəsaitin digərləri arasında bölüşdürülməsi məsələsinin səmərəliliyi hökumət qarşısında qaldırılmır? Yoxsa AMEA-nın əvəzinə bunu kimsə başqası etməlidir? Axı çox şey etmək mümkündür, necə deyərlər, təki istək olsun...

AMEA-nın foyesində Akademiyanın əməkdaşları üçün tikilməsi nəzərdə tutulan on hündürmərtəbəli binadan ibarət şəhərciyin maketini gördük. Orada qeyd olunmuş məlumata əsasən, şəhərçiyin tikintisi Saray qəsəbəsinin ərazisində həyata keçirilməlidir. Ancaq bu şəhərciyin inşaat işlərinin hansı mərhələdə olması haqqında heç bir rəsmi məlumat yoxdur.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ağır şəraitdə arxeoloji qazıntılar aparır, təkcə Azərbaycanın zəngin tarixi keçmişinə deyil, həm də ümumilikdə bəşəriyyətin tarixinə aid nadir tapıntıları aşkar edir. Sonra da həmin tapıntılar harada saxlanılsa yaxşıdır? AMEA-nın zirzəmisində, şəraiti olmayan bir sahədə. Məgər arxeoloji fond üçün normal bir bina ayırmaq mümkün deyildi? Nə üçün, məsələn, son tunc-dəmir dövrünə aid arxeoloji tapıntıların dünyanın məşhur muzeylərində kommersiya maraqları çərçivəsində sərgilənməsin və bunun müqabilində həmin institutun əməkdaşları öz əməkhaqlarına əlavələr almasın? Bunu təşkil etmək üçün gərək hər şey zirzəmidən dövr edib həmin şəraiti görən qələm sahibinin təəccübündən sonra işıqlandırılsın? Cənab Akademiyanın baş bilənləri, əgər sabah min illik torpaq qatı altından min əzab-əziyyətlə tapıntı üzə çıxaran sıravi bir elmi işçi həmin tapıntı qədər qədim və müasir insan immunitetinin tanımadığı bir virusa yoluxsa, sizmi o zavallı alimin qeydinə qalacaqsınız? Bəs o şəxslərin sağlamlıq sığortasını da təşkil etmək üçün gərək bu məsələ rəsmi mətbuatda işıqlandırılsın?

Yaxud Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatımızla bağlı mövcud vəziyyətdən xəbərsizdirlər? İnstitutun nəzdində uşaq ədəbiyyatı şöbəsi nə üçün ancaq 2018-ci ildə yaradılıb? Halbuki, milli folklorumuzda hələ qədimdən uşaq mövzusunda əsərlər, hekayələr, rəvayətlər, əfsanələr var, bu istiqamətdə iş qurub, uşaq ədəbiyyatımızı canlandırmaq bu qədərmi çətin idi? Fəqət, hər bir Azərbaycan ailəsi istərki, övladı nəfis tərtibatla hazırlanmış milli nağılları, şeirləri oxusun. Belə rentabelli və kommersiya baxımından cəlbedici, elmimizə əlavə maddi gəlir gətirə biləcək kitabların çapını da təşkil etmək üçün gərək kənardan kimsə bu işə qarışsın? Sonra deməyin ki, elmi irəli aparmaq üçün əlavə gəlir mənbəyi yoxdur - hər şey təşkil etmək olar, buna istək və gərgin əmək tələb olunur.

Hər bir fəaliyyətin uğurunun əsasını təşkil edən amillər sırasında prioritetlərin düzgün seçilməsi mühüm yer tutur. İlk növbədə tələsik, düşünülməmiş və yanlış qərarların verilməsinin qarşısı alınmalıdır. Formalaşmış prioritetlərin təyin edilməsində isə elmi-tədqiqat institutlarının, universitetlərin yaxud bu strukturlarda çalışan alimlərin sayına, onların elmi dərəcələrinə görə deyil, beynəlxalq elm və informasiya mərkəzlərinin məlumatına istinad etmək lazımdır. Belə yanaşma o səbəbdən əhəmiyyətlidir ki, beynəlxalq mənbələr bir qayda olaraq yüksək keyfiyyətli elmi nəticələr əsasında tərtib olunur və sahələr üzrə obyektiv məlumat əldə etməyə imkan verir.

Yekunda daha bir məqama toxunmağı lazım bilirik. Yadınızdadırsa, COVİD-19 pandemiyası yenicə yayılanda Elmlər Akademiyasının rəhbərliyindən bir açıqlama gəlmişdir ki, Azərbaycan alimləri bu xəstəliyə qarşı vaksin üzərində işləyəcək və bu bəlanın çarəsini tapacaqlar. Xalqımız da ruhlandı ki, yerli alimlərimiz də bu mühüm işə öz təhfəsini verəcək. İnananlar az olsa da, var idi. Bəs axırı nə oldu? Elə sükut çökdü ki, heç sanki belə bir söhbət olmamışdı... Yəni, "o əjdahadan" bizdə yoxdur və belə bərbad idarəetmə ilə olması da görünmür.

 Emin QASIMOV,

Bəybala BƏYBALAYEV,

"Respublika".