Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi yeni məktəb binaları istifadəyə verilib
Elm və təhsil

Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi yeni məktəb binaları istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq və ya əsaslı bərpa edilərək istifadəyə verilir. Bu baxımdan 2023-2024-cü tədris ili də istisna olmayıb. Həmişə olduğu kimi, Fondun müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsi paytaxtla yanaşı, Azərbaycanın regionlarını da əhatə edir. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və ictimaiyyət nümayəndələri Göyçay, İsmayıllı və Qəbələdə yeni istifadəyə verilən təhsil müəssisələrinin açılışında iştirak ediblər.

Göyçay şəhər 6 saylı tam orta məktəbin binası əsaslı təmir-bərpa olunub

1969-cu ildə inşa olunan Məhəmməd Füzuli adına Göyçay şəhər 6 saylı tam orta məktəbin binası istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən 2023-cü ilin yanvar ayından burada əsaslı təmir-bərpa işlərinə başlanılmışdı. Qısa zamanda görülən işlər nəticəsində bir korpusu 3 mərtəbə, digər korpusları 2 mərtəbə olmaqla, 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib. Məktəbdə 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.

"1969-cu ildən istifadədə olan təhsil ocağımız Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir-bərpa edilib. Bütün fənn kabinetləri müasir avadanlıqlarla təchiz edilib. Həmmüəllimlərimizin dərsləri yüksək səviyyədə tədris etməsi, həm də şagirdlərimizin yaxşı oxuması üçün hər cür şərait yaradılıb".

Bunu AZƏRTAC-a açıqlamasında Göyçay şəhər 6 saylı tam orta məktəbin direktoru Yeganə Mehdiyeva deyib.

O qeyd edib ki, 500 şagird yerlik məktəb binası illərdir yararsız vəziyyətdə olduğu üçün şagirdlər qonşu məktəblərə gedirdilər. "Artıq bizim məktəbimizin binası da əsaslı təmir olunub. İndi şagirdlərimiz doğma məktəblərində oxuyacaqlar. Buna görə Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk", - deyə o əlavə edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Göyçay şəhərində, eləcə də Göyçayın Bəydövül, Kürdşaban, Alpout kəndlərində məktəb, körpələr evi və uşaq bağçalarının tikintisini həyata keçirib.

İsmayıllıda 280 şagird yerlik 4 nömrəli tam orta məktəb üçün yeni bina tikilib

Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri ötən müddətdə İsmayıllı rayonunu da əhatə edib. Bu günədək Fond tərəfindən İsmayıllı şəhərində, eləcə də rayonun müxtəlif kəndlərində orta məktəb, uşaq bağçaları istifadəyə verilib. Heydər Əliyev Fondunun yeni tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində gördüyü işlərə biri də əlavə olunub. Fondun təşəbbüsü ilə burada 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina tikilib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən bu ilin yanvar ayında başlanılan tikinti işləri nəticəsində 3 korpusdan ibarət təhsil ocağı inşa olunub.

Məktəb zəruri avadanlıq, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Qəbələnin Nic qəsəbəsində 1 və 4 nömrəli tam orta məktəblərin yeni binaları tədris ilinə hazırdır

Fondun təhsillə bağlı digər layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. Bununla əlaqədar olaraq Heydər Əliyev Fondu tərəfindən 1 nömrəli məktəb üçün yeni binanın inşasına başlanılmışdı. Onu da qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Nic qəsəbəsində təhsillə bağlı ilk layihəsi deyil. Belə ki, qəsəbədə 2 nömrəli tam orta məktəb də Fondun təşəbbüsü ilə inşa olunub.

2023-2024-cü tədris ilində istifadəyə verilən 2 mərtəbəli 200 şagird yerlik 1 nömrəli tam orta məktəbdəki fənn kabinetləri və laboratoriyaları lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası şagird və müəllimlərin istifadəsinə verilib. Təhsil ocağının həyətində abadlıq və yaşıllaşdırma işləri görülüb.

"2021-ci il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən Alban-Udi Xristian Dini İcması adından Prezidentimizdən qəsəbədəki 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdik. Müraciətimizdən sonra dövlətimizin başçısı məktəbin həyətinə gəldi, vəziyyətlə yerində tanış oldu və yeni məktəb binasının tikintisi ilə bağlı tapşırığını verdi. Çox sevinirik ki, qısa müddət ərzində Heydər Əliyev Fondu tərəfindən qəsəbəmizdə müasir standartlara uyğun, hər cür şəraiti olan yeni məktəb binası tikilib istifadəyə verilib. Bu diqqət və qayğıya görə sakinlər və icma üzvləri adından Prezidentimizə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili Nic qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində deyib.

İcma sədri bildirib ki, Azərbaycan xalqının tolerantlığı, multikultural dəyərləri barədə danışanda, ilk növbədə, Qəbələ rayonunun Nic qəsəbəsi nümunə olaraq göstərilir. Hazırda qəsəbədə 7 minə yaxın sakin yaşayır. Onların 3,5 minini udilər, qalanını azərbaycanlılar və digər xalqların nümayəndələri təşkil edirlər.

Robert Mobili deyib: "Qəsəbəmizdə fərqli mədəniyyətlərin, dinlərin nümayəndələri dinc, mehriban şəraitdə birgə yaşayırlar. Hazırda qəsəbədə 5 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ikisində tədris Azərbaycan, üçündə rus dilindədir. Qəsəbədə olan məbədlər, dini abidələr, mədəniyyət ocaqları dövlətimiz tərəfindən qorunur, bərpa olunur. Qədim məbədlərimizin bərpasında Heydər Əliyev Fondu tərəfindən bizə həmişə dəstək olub, layihələr həyata keçirib. Bütün bu diqqətə görə icma üzvləri adından Heydər Əliyev Fondunun rəhbərliyinə bir daha təşəkkürümüzü bildiririk".

"Bir valideyn kimi çox sevinirəm. Qürur duyuram ki, övladlarım belə gözəl məktəbdə təhsil alacaqlar".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qəbələ rayonu Nic qəsəbəsinin sakini Angelina Adari 1 nömrəli tam orta məktəbin yeni binasının açılışında deyib.

Məktəb binasının tikintisinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirən valideyn deyib: "İnşallah, övladlarımız hər cür şəraiti olan yeni məktəbdə daha yaxşı oxuyacaq, öz nəticələri ilə hamını sevindirəcəklər. Bu məktəb yeni dərs ilində şagirdlərə, müəllimlərə, valideynlərə çox gözəl hədiyyədir".

Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi də tamamlanıb.

Azərbaycan dilində olmaqla, ibtidai məktəb kimi 1969-cu ildən fəaliyyətə başlayan təhsil ocağı 1971-ci ildə əsas məktəbə çevrilib. 1990-cı ildən orta məktəb kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, məktəbin yeni binası Prezident İlham Əliyevin Sərəncamı ilə inşa olunub.

Məktəbin yeni binasında 42 otaq, o cümlədən 3 laboratoriya, 1 texnologiya, 1 kompüter otağı, akt və idman zalları, kitabxana, yeməkxana var.

2004-cü ildən indiyədək Heydər Əliyev Fondu tərəfindən 500 məktəb binası inşa və ya təmir olunaraq istifadəyə verilib.

Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir.

Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur. Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib.

Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.