Digər xəbərlər

"Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir"

Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 13-də bəyanat vermişdir

Mənəvi dəyərlərimiz bizi cəmiyyətdə formalaşdıran, inkişafımıza kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Milli ideologiya, tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, musiqimiz, muğamlarımız, fərdi, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz milli-mənəvi dəyərlərimizdir.

Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranıb. Hazırda ölkəmizdə dəyərlərimizi, adət-ənənələrimizi inkişaf etdirmək, gələcək nəsillərə ötürmək üçün mühüm işlər görülür. Hələ 148 il bundan öncə anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabi mətbuatın əsas vəzifəsini xalqın dünya və zəmanə ilə ayaqlaşmasına kömək etməkdə görürdü: "Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişdirsin. Necə ki, məsəldir deyərlər: zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən... O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə günü-gündən tərəqqi edib irəli gedirlər".

İlk günlərdən anadilli jurnalistikamız xalqımızın milli mənlik şüurunun oyanışında, zəngin tarixi-mədəni irs, adət-ənənələr üzərində yeni tipli mədəniyyətin yaradılmasında, türklük düşüncəsi, müasir demokratik prinsiplər əsasında azərbaycançılıq məfkurəsinin yaradılmasında təşkilat, təbliğat, həm də təşviqat işinin mərkəzində olub. Daha sonralar, sovet dövründə KİV-ə bir sıra məhdudiyyətlər qoyulsa da, media nümayəndələrimiz yazıb-yaratmaq eşqindən dönməyiblər. İllər keçdikcə KİV milli-mədəni dəyərləri yeniləşdirib zənginləşdirməkdən əlavə, həm də sanki onu yabançı təsirlərdən qoruyan ideya-mənəvi sipər rolunu oynayıb.

KİV ölkənin qapılarını dünyaya, xalqın gözünü ümumbəşəri tərəqqiyə geniş açdıqca hər sahədə olduğu kimi, müsbətlə yanaşı, mənfi nüanslar da gəlməyə başlayıb. Bunun qarşısını almaq, dezinformasiyalara qarşı vuruşmaq isə birbaşa jurnalistlərin vəzifəsi olub. Bu mənada Ulu Öndər Heydər Əliyevin yaratdığı qayda və qanunlar isə bu işdə körpü rolunu oynayıb. Şübhəsiz ki, bu günün reallıqlarının təməli Ümummilli Lider tərəfindən qoyulub. Onun ölkəmiz üçün gördüyü əvəzsiz işlər, yaratdığı, miras qoyub getdiyi dəyərlər bu gün Azərbaycanı regionda güclü dövlət olaraq tanıdır. Ölkəmizdə söz, ifadə azadlığının mövcudluğu qiymətli nemətlərdəndir. Çünki bir çox ölkələrdə insanlar buna malik deyil. Ulu Öndərin hakimiyyəti illərində anadilli KİV sürətlə milliləşib, milli-mənəvi dəyərləri təbliğ və təşviq edən rupora çevrilib. Məhz həmin illərdə milli-mənəvi dəyərlərin ittifaq dövləti daxilində, kənar təsirlər şəraitində KİV-də qorunması prinsipləri və örnəkləri formalaşıb.

Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Konstitusiyamızda demokratik mətbuatın və xalqın milli-mənəvi dəyərlərinin qorunub zənginləşdirilməsinin siyasi-hüquqi prinsipləri öz əksini tapıb. Daha sonra 2001-ci il avqustun 13-də Ümummilli Liderimiz KİV-də milli-mənəvi dəyərlərin qorunması və sosial ədalət haqqında bəyanat verib. Orada bir çox məqamlar qeyd olunub. Bu bəyanat əslində mənəviyyat dərsi idi. Vurğulanası əsas məqam o idi ki, hamı öz məsuliyyətini, vəzifəsini dərindən anlamalıdır. Bilinməlidir ki, vətəndaşlıq borcundan yüksək borc yoxdur.

Ümummilli Liderin qətiyyətli xəbərdarlığı hər kəsə aydın surətdə anlatdı ki, demokratiya ilə anarxiyanı ya bilməzlikdən, ya da qəsdən dəyişik salanların yolu əyri döngələrdən keçir. Məhz belələrinə həyatın düz istiqamətini göstərmək mütləqdir. Heydər Əliyev qətiyyətlə bildirib: "Biz öz milli, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli illər boyu sınaqlardan keçmiş bu mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Milli-mənəvi dəyərlərə sadiqlik insan əxlaqının mühüm göstəricisidir. Bu məsələdə hər bir vətəndaşın əməyi, fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlər KİV-i daim ideya və mövzu baxımından qidalandırır, onu yüksək mərtəbələrə qaldırır.

Töhfə SƏMƏDOVA,

"Respublika".