Minalardan təmizləmə işləri uğurla aparılır
Digər xəbərlər

Minalardan təmizləmə işləri uğurla aparılır

"Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb". Bu fikirləri noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışı zamanı bildirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə həkk olunub. Güclü iqtisadiyyatı, qüdrətli Ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə tariximizə yeni səhifə yazdı. Bu qələbəni xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandı. Azərbaycan işğalçı Ermənistana böyük zərbə vuraraq, onun kimliyini dünyaya bir daha göstərdi. Dövlət başçımızın siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma elimizə - Qarabağa yol alırıq.

Qələbənin başa çatmasından iki ildən çox vaxt ötsə də, insanların həyatı üçün mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də davam edir. Vətən müharibəsində işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atılır. Təbii ki, bu ərazilərin partlayıcı maddələrdən təmizlənməsinə əlavə vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar tələb olunur.

Minalardan təmizləmə prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən uğurla həyata keçirilir.

Müvafiq dövlət qurumları bu gün mina təhlükəsi ilə bağlı genişmiqyaslı maarifləndirmə işi aparır. Mina təhlükəsi olan ərazilər haqqında mətbuatda, telekanallarda əhaliyə mütəmadi müraciətlər edilir, çoxsaylı əyani vəsait, plakatlar göstərilir, müəyyən çağırışlar olunur. Daxili İşlər Nazirliyi, FHN, ANAMA tərəfindən əhaliyə edilən müraciətlərdə bu ərazilərin təhlükəli olması barədə məlumatlar verilir.

Minatəmizləmə Agentliyi tərəfindən ilkin mərhələdə yolların təmizlənməsi, hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir.

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı oktyabr ayı ərzində 1834 mina aşkarlayıb. Agentliyin verdiyi məlumata görə, bu ilin oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 3246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 

Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. Hazırda Qarabağa yeni həyat verilir, bütün əraziləri bərpa edilir. "Qarabağa Qayıdış" proqramı Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir. Bütün proseslər isə ölkə başçısı cənab İlham Əliyevin şəxsən nəzarətindədir.

Qarabağ yenidən dirçəldiləcək, düşmənin viran qoyduğu şəhərlər, kəndlər laləzara çevriləcək. Xalqımız sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq.

M.MİRZƏ,

"Respublika".