Siyasət

"Mittelşpil" - Qərb Ukraynanı qurban verə bilər

Böyük ehtimal ki, Qərb 2024-cü ildə Rusiya ilə Ukrayna arasında 2 ilə yaxın davam edən müharibəni sonlandırmağa çalışacaq. Avropa ölkələrindən Moskva ilə ortaq məxrəcə gəlmək üçün Ukraynaya artan təzyiqlərdən sonra bu dəfə də rəsmi Vaşinqton Kremli danışıqlara gətirməyə çalışır.

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Henik ABŞ-ın Rusiyanı dilemma qarşısında qoymaq istədiyini deyib. Vaşinqton Moskvanı Birləşmiş Ştatlar və Avropanın dəstəklədiyi güclü Ukrayna ilə mübarizə aparmaqla hədələyir. Bütün bunlar isə prezident Co Baydenin Ukraynaya yeni hərbi yardımın verilməsi ilə bağlı xəbərdarlıqların fonunda baş verir. O, öz çıxışında Rusiyanın Ukrayna üzərində qələbəsinin Moskvanın NATO-ya hücumetmə ehtimallarını artıracağı ilə bağlı xəbərdarlıq edib.

Birləşmiş Ştatların prezidenti Ukraynaya hər vəchlə dəstək olmağa çalışsa da, Konqres onunla eyni yanaşmada deyil, onlar daxili amilləri nəzərə alaraq, yardımın azaldılmasını doğru hesab edirlər. Amma Ukraynaya silah yardımının artırılacağı və Moskvanın növbəti çətinliklərlə üzləşəcəyi ilə bağlı ismarışlar bir növ Rusiyanı qorxutmaq cəhdləri kimi xarakterizə edilir. Çünki Vaşinqton yaxşı bilir ki, artıq nə Konqres, nə də Avropa İttifaqı əvvəlki kimi Kiyevi dəstəkləməyəcək. Hadisələr Ukraynanın məğlubiyyəti, Qərbin uduzması ilə yekunlaşacaq.

Vaşinqtonda sanksiya ilə bağlı fikirlərin səsləndirilməsinə baxmayaraq, ABŞ-ın 2024-cü ildə Rusiyanı sülh danışıqlarına məcbur etməsi heç də real görünmür. Çünki sülh danışıqları üçün Rusiyanın özünün irəli sürdüyü şərtlər var və bu, Ukrayna, o cümlədən Qərb üçün çox çətin şərtlərdir və onun qəbul edilməsi Rusiyanın qlobal oyunçu kimi tanınması deməkdir. Avropanın Ukraynanı sülhə çəkmək cəhdləri və ABŞ-dan gələn xəbərlər 2024-cü ildə müharibənin bitəcəyi ilə bağlı ümidləri artırır.

Lakin indi Vaşinqtonun rəsmi dairələrində Rusiya prezidentinin gələn ilin noyabrında Birləşmiş Ştatlarda keçiriləcək seçkilərin nəticələrini gözlədiyini deyirlər. Hazırda Co Baydenin əsas rəqibi kimi adı hallanan Donald Tramp Moskva üçün bir çox qapıları aça bilər. Çünki o, dəfələrlə Birləşmiş Ştatların Kiyevə dəstəyini kəskin tənqid edib. Bundan başqa, Kreml Ukrayna daxilində baş verən prosesləri də izləyir. Bir müddətdir ordu ilə hökumət arasında fikir ayrılıqlarının hökm sürdüyünü nəzərə alsaq, Moskva situasiyanı maksimum öz xeyrinə idarə etməyə çalışacaq. Ona görə də Ukraynadakı müharibənin növbəti il üçün taleyi həm Birləşmiş Ştatlarda, həm də Rusiyada keçiriləcək prezident seçkilərindən asılı olacaq.

Ukraynada bəzi qeyri-hökumət nümayəndələrinin Rusiya ilə gizli müttəfiqlik fəaliyyətləri barədə ciddi şübhələr artır. Əgər bu, həqiqətdirsə, o zaman çox güman ki, növbəti ildə Ukraynada Zelenski əleyhinə etirazlar dalğası başlayacaq.  Bütün bunların fonunda hazırkı prezident devrilə və Rusiya ilə sülh müqaviləsi imzalana bilər. Qərb İkinci Dünya müharibəsindən fərqli olaraq, bu dəfə əks cəbhədə "Leninqrad blokada"sı ilə üz-üzə qalıb və görünür geri çəkilməyə məcbur olacaq.

Vaşinqton, həmçinin hazırda Qəzza bölgəsindəki hadisələrlə məşğuldur. Eyni anda iki regionda vuruşmaq sözsüz ki, istənilən nəticəni verməyəcək. Ona görə də Ağ Ev irəliləyən aylarda istəsə də, istəməsə də iki istiqamətdən birində geri addım atmalıdır. Analitiklər seçim qarşısında qalan Birləşmiş Ştatların Kiyevdən imtina edəcəyini düşünürlər. Hazırda Vaşinqtonun bu addımı kəskin şəkildə atmamasının səbəbi məğlubiyyəti qəbul etməməklə bağlıdır. Yəni Qərb uduzduğunu etiraf etmək istəmir.

Ukrayna Qərb müttəfiqlərinin köməyi olmadan qalib gələ bilməyəcək, ancaq bu yardım Ukraynanın qələbəsini təmin etmək üçün yetərli deyil. İstənilən kompromis, dondurulmuş münaqişə və ya dalana dirənmənin başqa forması Rusiyanın qələbəsi deməkdir. İki mümkün ssenaridən hansının reallaşacağına, nə Ukrayna, nə də Rusiya qərar verə bilməyəcək. Hər iki tərəf qalib gəlmək üçün əllərindən gələni edir və edəcəklər. Qalibi isə Qərb müəyyən edəcək, ancaq onlar hazırda dilemma qarşısındadırlar. Rusiya rəsmilərinin açıqlamalarında isə  indiki vəziyyətdə Moskvanın Vaşinqtonun tələbləri ilə razılaşmayacağı bildirilir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov atəşkəs razılaşmasının baş tutmasını mümkün hesab etmir. Debütdə Rusiyaya uduzan Qərb "mittelşpil"i qazanmaq üçün Ukraynanı qurban verə bilər. Şahmat taxtası üzərində oyuna bənzəyən bu "soyuq müharibə"nin "endşpil"i isə tərəflərdən birinin təkcə məğlubiyyəti ilə kifayətlənməyəcək, həm də yeni dünya düzəninin formalaşması prosesini sürətləndirəcək.

Tacir SADIQOV,

"Respublika".