“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365; 2021, № 1, maddə 6, № 12, maddə 1298; 2023, № 4, maddə 453) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı mühasibat uçotunu bu Qanunun 12-1.1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparır.”.

2. Aşağıdakı məzmunda 12.3-2-ci maddə əlavə edilsin:

“12.3-2. Bu Qanunun 12.3.1-ci maddəsinin tələbi kredit təşkilatları, sığortaçılar, təkrarsığortaçılar, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə tətbiq edilmir. Həmin şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifəsində dərc etdirməlidirlər.”.

3. 12-1.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Mərkəzi Bankında mühasibat uçotunun aparılması qaydaları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən müəyyən edilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyul 2023-cü il.