Mühüm əhəmiyyətli növbəti uğurumuz
Siyasət

Mühüm əhəmiyyətli növbəti uğurumuz

Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmaq barədə müraciət etdi və 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv seçildi. Ötən müddətdə ölkəmiz təşkilatda fəal rolu ilə fərqlənməklə yanaşı, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Müstəqil dövlətimiz xarici siyasətində İƏT-ə üzv ölkələrlə əlaqələrin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu gün təşkilatın Azərbaycana olan etimadı, ölkəmizlə əməkdaşlığa önəm verməsi özünü müxtəlif formalarda göstərir.

Mayın 5-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekununda "Banjul Bəyannaməsi" qəbul edilib. İki gün davam edən tədbirdə üzv dövlətlərin prezidentləri və liderləri də iştirak ediblər. Sammitin yekununda qəbul edilən sənədə islam dünyasının əsas problemləri ilə yanaşı, Azərbaycanla bağlı məsələ də əlavə olunub. Başqa sözlə desək, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı və Ermənistandakı İslam mədəni irsi barədə Azərbaycanın verdiyi bütün düzəlişlər qəbul edilib. Bu əlavənin özəlliyi ondan ibarətdir ki, beynəlxalq müstəvidə qayıdış barədə ilk dəfə belə qərar təsdiqlənib. Bununla da Azərbaycanın hədəflərinə gün keçdikcə daha çox yaxınlaşdığı, beynəlxalq ədalətin təminatına qanuni yollarla nail olduğu öz təsdiqini tapır. Bu gün beynəlxalq arenada ən nüfuzlu təşkilatlardan olan İƏT-in yekun sənədinə Qərbi azərbaycanlıların pozulan hüquqları barədə məsələnin salınması ölkəmizin qlobal aləmdəki növbəti uğurudur.

Azərbaycan xalqı uzun illər silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarına məruz qalıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində sözügedən ərazilərdə yalnız ermənilər yaşayırlar. Qərb qonşumuzun azərbaycanlıların təhlükəsiz şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyini bu istiqamətdə dialoqa çağırışına qarşı çıxması, soydaşlarımızın geri qayıdış tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi işğalçı ölkənin prosesə mane olmağa cəhd göstərdiyini bir daha təsdiqləyir. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistandan azərbaycanlıların qovulması tarixi faktdır. Ermənistan tərəfi bu reallığı ört-basdır etmək üçün həm sovet dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişib, tarixi torpaqlarımızda xalqımızın irsini məhv edib, abidələrimizi dağıdıb, Azərbaycanın tarixi torpaqlarını erməniləşdirməyə cəhd göstərib.

Xatırladaq ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Ölkəmiz bu istiqamətdə bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan məharətlə istifadə edir. Qərbi Azərbaycan İcması da müvafiq beynəlxalq təşkilatlara vaxtaşırı müraciətlər ünvanlayır. Qərbi Azərbaycana qayıdış konsepsiyası qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Konsepsiyada indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh, təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq, davamlı sülhün, ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnun təmin olunması istiqamətində razılaşmaların əldə edilməsi qarşıya qoyulan ən vacib vəzifədir. Bu məqsədlə, Qərbi azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışılır. Ermənistanda isə bu proses narahatlıqla izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı qlobal aləmdə də müzakirə predmetinə çevrilib. Son dövrlərdə haqq-ədalətin bərpası istiqamətində ciddi addımlar atılır. Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq müstəviyə çıxarılmasına müvəffəq olunması da bunun əyani sübutudur. Bu gün dünyanın bir çox dövlət və qurumlarına müraciətlər ünvanlanıb, bəyanatlar səsləndirilib. Hətta Qərbi Azərbaycan İcmasının səkkiz müraciəti artıq BMT-nin rəsmi sənədi kimi təşkilatın rəsmi dillərində və quruma üzv olan bütün dövlətlər arasında yayılıb. Atılan addımlar dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycan həqiqətlərinə cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qambiyada qəbul edilən sənəd də bu fəaliyyətin uğurlu nəticəsi kimi qiymətləndirilməlidir.

Əlavə olaraq, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə Azərbaycanın ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı bildirilib. Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, kommunikedə dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək göstərilib. Ermənistana öhdəliklərini yerinə yetirməsinə dair çağırış edilib.

Nəzrin ELDARQIZI,

"Respublika".