Sərhəddə basdırılan ilk dirəklər sülhdən xəbər verir
Siyasət

Sərhəddə basdırılan ilk dirəklər sülhdən xəbər verir

Azərbaycanla Ermənistan sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. İşğal zamanı baza prinsipləri üzərində belə razılığa gəlmək mümkün deyildi. İndi isə tərəflər arasında müsbət impulslar yaranıb.

Sadəcə təfərrüatlar üzərində işlənilməlidir ki, bunun üçün də həm rəsmi Bakıya, həm də İrəvana vaxt lazımdır. Cənubi Qafqazdakı hazırkı geosiyasi reallıq haqqında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib: "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir".

Xüsusilə aprelin 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilən delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündən sonra sülh istiqamətində ümidlər artıb. Sayca səkkizinci toplantının nəticəsində Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarıldı. Daha sonra ərazidə minatəmizləmə işlərinə start verildi, aprelin 23-də isə iki dövlət arasında ilk sərhəd dirəkləri quraşdırıldı. Əslində prosesin bu istiqamətdə inkişafı gözlənilən idi. Çünki 30 ildən artıq müddətdə separatizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməlləri iflasa uğrayandan sonra sülhdən başqa yolu qalmadı. Müxtəlif manipulyasiyalarla prosesdən yayınan rəsmi İrəvan ölkəmizin siyasi və diplomatik iradəsi qarşısında geri çəkildi. Bir sözlə, Hayastan "dəmir yumruğ"un zərbəsi ilə diz çökəndən sonra yeni geosiyasi vəziyyətlə barışmağa məcbur oldu. Həm də Paşinyan və komandası anladı ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalanarsa, bunun gətirəcəyi iqtisadi faydalar kifayət qədər çox olacaq. Çünki Cənubi Qafqaz ölkələrinin enerji potensialı hər kəsə məlumdur. Əgər regionda sabitlik də bərqərar olarsa, ölkələrarası əməkdaşlıqdan bütün qonşular yararlanacaq. Bu, hazırda təcrid vəziyyətində qalan Ermənistanın da maraqlarına uyğundur. Uzunmüddətli münaqişəyə görə bütün regional layihələrdən uzaqlaşdırılan Ermənistan yeni bazarlar əldə edə biləcək, kommunikasiyaların açılmasından gəlir qazanacaq. Bunları dəyərləndirən baş nazir hökuməti hazırda sülhün imzalanmasında maraqlı tərəf kimi çıxış edir. Məramından asılı olmayaraq Paşinyanın gedişləri isə Cənubi Qafqazda təhlükəsizliyə töhfə vermək görüntüsü yaradır. 

Bu məsələlərə aprelin 23-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi kollegiyasının "Cənubi Qafqazda Rusiya maraqlarının inkişafı haqqında" mövzusunda keçirilən iclasda da toxunulub. Qeyd edilib ki, Rusiya üçün prioritet hər zaman Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunması olub. Bu səbəbdən də rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının tam həyata keçirilməsi Kremldə dəstəklənir. Sözügedən iclas zamanı regional problemlərin xarici müdaxilə olmadan bölgə dövlətləri tərəfindən həll edilməsinin zəruriliyi də vurğulanıb. Bu kontekstdə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) Regional Məşvərət Platformasının potensialından istifadənin xüsusi əhəmiyyəti qeyd olunub.

Əslində regional format Qərb masalarından daha cazibəli görünür. Çünki Fransa, Hindistan və Yunanıstan Ermənistanı ölkəmizə qarşı silahlandırır. Üstəlik, onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər. Ümumiyyətlə, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün cəhdlər göstərilir. Buna misal olaraq aprelin 5-də Avropa və Amerika Birləşmiş Ştatları nümayəndələri ilə Nikol Paşinyan arasında keçirilən görüşü göstərmək olar. Toplantıdan sonra mediaya sızan sənədlərlə ifşa olundu ki, kollektiv Qərb İrəvana əhəmiyyətli dərəcədə hərbi dəstək vəd edib, eləcə də təhlükəsizlik zəmanətləri verib. "Qoca qitə"nin əsas marağı regionda Rusiya və İrəvanı sıxışdırmaq olsa da Azərbaycana qarşı əsassız hücumları da diqqətdən qaçıra bilmərik. Belə bir şəraitdə sülhün Avropa platformalarında imzalanması qeyri-real görünür. Amma indiki məqamda o da aydındır ki, rəsmi İrəvan Rusiyanın əyləşdiyi masada yekun razılığın əldə olunması ilə barışa bilməz. Bu, Paşinyanın indiyədək yürütdüyü qərbyönümlü siyasətin sonu ola bilər. Ona görə də əslində sülh üçün vasitəçilik edənlərin sayının artması iki ölkə arasındakı normallaşma prosesinin dalana dirənməsi ilə nəticələnir.

Aydın olur ki, əslində Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün heç də müxtəlif formatlara ehtiyac yoxdur. Tərəflər "səssiz" diplomatiya ilə də buna nail ola bilərlər. Üstəlik, indi rəsmi Bakı və İrəvanın bu mövzuda təcrübəsi var. Belə ki, ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində qarşılıqlı olaraq hərbi əsirlər azad edildi. Eyni zamanda rəsmi İrəvan COP29-un ölkəmizdə keçirilməsini dəstəklədi. Aprelin 19-da isə ən çətin məsələlərdən biri olan delimitasiya məsələsi iki ölkə arasında razılaşdırıldı. Artıq  iki ölkənin sərhəd xəttində basdırılan ilk dirəkləri görə bilirik. Yekun sülh müqaviləsinə aparan dirəklər etibarlı təhlükəsizlik xəttini müəyyən edəcək. Bunların fonunda Prezident İlham Əliyevin də işarə etdiyi kimi Azərbaycan və Ermənistan arasında sülh sazişi cari ilin sonunadək imzalana bilər.

Jalə QASIMZADƏ,

"Respublika".