Fransanın vandal siması
Siyasət

Fransanın vandal siması

Evian-lö Bən şəhərində salınmış "Azərbaycan parkı"nda ölkəmizə aid yazı və əlaqəli simvolların yığışdırılması, Xurşidbanu Natəvana qoyulmuş abidəyə dövlət rəsmiləri səviyyəsində vandal davranışlar əslində Fransanın əsl mahiyyətini açır.

Özünü Avropada elmin, mədəniyyətin, incəsənətin himayəçisi kimi təqdim edən, hətta Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun mənzil-qərargahını belə bu ad altında Parisdə yerləşdirməyə nail olan Fransa əslində mahiyyətcə vandal rejim olduğunu, siyasi məqsədləri naminə mədəni dəyərləri, sənət nümunələrini belə yerlə-yeksan etməyə hazır olduğunu göstərir.

Ümumiyyətlə, Fransanın Azərbaycana qeyri-dost münasibəti artıq bütün istiqamətlərdə açıq xarakter alıb. Bu gün Fransanın Azərbaycanla münasibətlərinin düyün nöqtəsi Qafqazda Prezident İlham Əliyevin formalaşdırdığı və Azərbaycanın əsas hərbi-siyasi güc kimi çıxış etdiyi geosiyasi konfiqurasiyadır. Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali məqsəd kimi müəyyən edib və regionda hərbi-siyasi kursu və xarici siyasəti də məhz bu tezis üzərində qurulub.

Lakin Azərbaycan və Ermənistan arasında birbaşa təmasların daha da artması, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüşün müsbət məcrada keçməsi regionda sülh ümidlərini artırdıqca, münaqişəli duruma fürsət kimi baxan Fransanın regionda hərəkət imkanları azalır. Çünki Fransanın hazırkı qeyri-sağlam və beynəlxalq hüquqa zidd niyyətləri Cənubi Qafqazda yalnız münaqişəli şəraitdə təmin oluna bilər.

7 dekabr birgə açıqlaması, bu çərçivədə hərbçilərin qarşılıqlı şəkildə azad edilməsi, COP çərçivəsində qarşılıqlı siyasi jestlər göstərir ki, artıq Ermənistan özü də Azərbaycanın yaratdığı yeni situasiya ilə barışıb. Amma maraqlıdır ki, Fransa bu prosesdə ermənilərdən daha çox erməni kimi davranmaqda israrlıdır və dayanıqlı sülhə nail olunması istiqamətində əsas maneəyə çevrilib.  Təsəvvür edin, Fransa kimi BMT Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunan iri dövlətin prioritetlərindən biri anti-Azərbaycan fəaliyyətdir. Əvvəllər vasitəçi missiyası altında pərdələnən Fransa artıq aşkar davranışları ilə göstərir ki, Cənubi Qafqazda işğal və separatizmə son qoyulması bu ölkənin maraqları ilə uzlaşmır. Görünən odur ki, Paris regionda maraqlarını yalnız işğal, təcavüz və separatizm faktoru üzərində quraraq hərəkət edirmiş. Cənab İlham Əliyevin beynəlxalq hüququn aliliyini təmin edərək qəbuledilməz status-kvoya son qoyması bu mənada neoimperialist Fransaya zərbə olub. Baxmayaraq ki, özünü sivil və demokratik dövlət olaraq təqdim edən Fransa əslində baş verənləri alqışlamalı idi. Fransanın Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru - özünün beynəlxalq hüquqla tanınan torpaqlarını azad etməsi, Qarabağda separatizmə son qoyması isə Fransanın birbaşa ticari və iqtisadi maraqlarına nəinki mənfi təsir etmir, əksinə Parisin regionda sağlam maraqlarını genişləndirmək üçün geniş fürsətlər yaradır. Lakin Fransa başqa dövlətlərlə, xüsusən postsovet məkanında münasibətlərini beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmaq niyyətində deyil. Fransa bu regionla Afrika, Asiya, Mərkəzi Amerika və Okeaniyadakı XXI əsr üçün utanc hesab edilən müstəmləkələrindəki kimi davranmaq niyyətindədir. Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəiflədiyi qənaətinə gələn Paris daha da azğınlaşıb. Əlbəttə, asılı-marionet dövlət olan Ermənistana münasibətdə Fransanın tezisləri bu və ya digər formada situasiyaya uyğun gələ bilər. Lakin Azərbaycan hələ Ulu Öndərin hakimiyyət illərindən tam siyasi müstəqil dövlətdir. Dövlət başçısı İlham Əliyev isə Azərbaycanın istisnasız olaraq iqtisadi müstəqilliyinə nail olub. Bu gün Azərbaycan Respublikası özünün suveren iqtisadi və siyasi kursu olan, hərbi-siyasi güc kimi tanınan müstəqil beynəlxalq subyektdir. Nəinki Fransa, ümumilikdə heç bir güc Azərbaycanla diktə dilində danışa və qeyri-bərabər tərəfdaşlığa məcbur edə bilməz.

Azərbaycan Prezidenti son 3 ildə bir neçə dəfə Ermənistanın fonunda əslində Fransanı hərbi-siyasi məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur edib. Təbii ki, Fransa kimi çirkin maraqlarla hərəkət edən dövlətin gözləntisi bu deyildi və bu mənada, Parisin digər istiqamətlərdə radikal səylərini artırması müşahidə olundu. Aydındır ki, Paris pozucu qeyri-hüquqi fəaliyyətini yalnız nəzəri niyyətlər üzərində qurmur və təxribatçı, təhlükəli mövqeyinin reallaşdırılması üçün əməli addımlar da atır. Fransanın destruktiv mövqeyinin realizəsi isə açıq diplomatik fəaliyyətlə mümkün deyil və bu mənada, regionda agentura şəbəkəsini gücləndirməsi gözlənilən addımlardan idi. Lakin Qərb mətbuatında da yayıldığı kimi, Cənubi Qafqaz, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması, Fransa səfirliyinin pozuculuqla məşğul olan iki əməkdaşının "persona-non-grata" elan edilməsi və atılan digər hüquqi addımlar  deməyə əsas verir ki, Bakı bu müstəvidə də Parisi fiaskoya uğratdı. Azərbaycan göstərdi ki, nə Fransa, nə digərlərinin agentura şəbəkəsinin Azərbaycana münasibətdə hərəkət imkanı yoxdur, yaxud Azərbaycan ən azı bir neçə addım öndən proseslərə nəzarət edir.

Lakin Paris çirkin niyyətlərindən çəkinməyərək istər beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycanla bağlı yanlış təəssürat yaradılması, istərsə də Ermənistanda əhalinin revanşa təhrik edilməsi formatlarında ciddi iş aparır. Xüsusən Fransanın Ermənistandakı səfiri Olivye Dekotti tez-tez Azərbaycan-Ermənistan şərti sərhədi boyu təmas zonalarına baş çəkməklə, Azərbaycanı işğalçı kimi təqdim etməklə əslində ölkəsinin 30 il davam etmiş münaqişənin tərəfi olduğunu və məğlubiyyətə uğradığını etiraf etmiş olur. Təsəvvür edin, 30 illik işğal dönəmində bir dəfə də olsun işğaldan danışmayan Paris bu gün Azərbaycanı işğalçılıqda günahlandırır. Amma nə Fransa Xarici İşlər Nazirliyi, nə də onun İrəvandakı elçisi Azərbaycanın haranı işğal etdiyini, hansı tanınmış sərhəd xəttini keçdiyini göstərə bilmir. Görünən odur ki, beynəlxalq müstəvidə ayrı-ayrı platformalarda, o cümlədən BMT Təhlükəsizlik Şurasının masasında, habelə Vətən müharibəsi və antiterror tədbirlərində cənab İlham Əliyevə məğlub olan, tarixdə ilk dəfə məhz Azərbaycan tərəfindən böyük regional casus şəbəkəsi ifşa edilib darmadağın olunan Makron Fransası artıq bu kimi cılız bəyanatların ümidinə qalıb.

Nəticə etibarilə bütün istiqamətlərdə təcavüzkar aktları bloklanan Fransa son çarəni öz daxilində Azərbaycana münasibətdə radikal davranışlarda görür. Əlbəttə Evian-lö Bən şəhərində 2017-ci ildə qoyulmuş Natəvanın abidəsinin götürülməsi, yaxud şəhər parkındakı Azərbaycan adının silinməsi ilə biz nəyisə itirməyəcəyik, amma Fransa əmin ola bilər ki, Azərbaycanla cari davranışlarına görə çox şey itirəcək. Ən azından Makron Fransasının əsl mahiyyəti olan vandal simasına bütün dünya şahidlik edəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.