Müqəddəs vətəndaşlıq borcu
Digər xəbərlər

Müqəddəs vətəndaşlıq borcu

Ümummilli liderin zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi müqəddəs bir vəzifəni mühüm istiqamət olaraq götürən Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının demək olar ki, bütün sahələrində fəal iştirak edir.

Fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyev ideyalarına əsaslanan Fond elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, İKT, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirilən önəmli layihələrlə mühüm nailiyyətlərə imza atır. Azərbaycanda, regionda, eləcə də bütün dünyada böyük rəğbət qazanan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirir, insanlara, ehtiyacı olanlara kömək əlini uzadır, onlara sevinc bəxş edir. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda insanların böyük sevgisini qazanır. Fond ötən illər ərzində dünyanın müxtəlif ölkələrində tarixi-dini abidələrin bərpasında iştirak etmişdir. Qazanılmış bu təcrübə hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tətbiq olunmaqdadır. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir.

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq-bərpa işlərinə start verildi. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməkdədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla, Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, vandallığa məruz qalan müqəddəs dini məkanlarımız yenidən dirçəlir.

İşğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb. Ağdam Cümə məscidinin bərpa-restavrasiyasını da Fond həyata keçirir. Yaxın vaxtlarda bu məscidin də əvvəlki tarixi görkəmi özünə qaytarılacaq, burada erməni vandallığının bütün izləri aradan qaldırılacaq. Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Ötən ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən bərpa edilərək Şuşa şəhərində ucaldılıb. Şuşa şəhərində erməni işğalı dövründə Mehmandarovların malikanə kompleksi də digər tarixi abidələrimiz kimi dağıntılara məruz qalmışdır. Hazırda burada da bərpa işləri aparılır, abidənin əvvəlki görkəmi özünə qaytarılır. Şuşadakı Aşağı Gövhər Ağa məscidi Qarabağın tarixi baxımından çox önəmli abidədir.

Sosial təminat işlərində ölkə başçısının siyasətini uğurla həyata keçirən Heydər Əliyev Fondu davamlı olaraq həm şəhid ailələri və qazilərə, həm də müxtəlif sosial qruplara mənsub vətəndaşların -səhhətlərində problem olan uşaqların və yaşlıların müalicəsi üçün lazımi dəstək verir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi hərtərəfli diqqət davamlı və çoxşaxəli səciyyə daşıyır. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə dövlət qayğısı hər zamankı kimi ön plandadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqət və qayğısı, qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.

Həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş qəhrəman zabit və əsgərlərin ailələrinin mənzil təminatı, həmçinin qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda, müharibədə qəhrəmanlıqla döyüşmüş və qazi adı qazanmış veteranların avtomobillərlə təmin olunması üçün ölkədə bir çox sosial layihələr həyata keçirilib. Bu gün də belə sosial layihələr dövlət tərəfindən uğurla davam etdirilir. Ümumilikdə, 2021-2025-ci illərdə 10 minə yaxın mənzil şəhid ailələrinə təhvil veriləcək. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. O, hər zaman Prezidentin yanındadır və onun ən yaxın silahdaşı kimi məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gəlir.

Bu amil çoxsaylı sosial islahatlarla da öz təsdiqini tapır. Belə ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanı ilə yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur. İndiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,1% olub. DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənməkdədir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Artıq Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır.

Şəhidlər, şəhid ailələri, qazilər, Birinci Qarabağ və Vətən müharibəsinin qəhrəmanlıq dastanı yazan igidləri hər birimizin baş tacı, qürur, fəxr mənbəyidir. Onlara diqqət, qayğı, həssas münasibət kimliyindən asılı olmayaraq, hər birimizin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu və vəzifəsidir. Xüsusilə də, şəhidlərə, şəhid ailələrinə, qazilərə, Qarabağ savaşı iştirakçılarına hörmət və ehtiram, diqqət və qayğı ulu öndərimizin ikinci hakimiyyəti dönəmindən başlayaraq, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən olub və olmaqdadır.

Mustafa KAMAL,

"Respublika".