Müsabiqələrin qalibləri mükafatlandırılıb
Region

Müsabiqələrin qalibləri mükafatlandırılıb

Qax
“Heydər Əliyev İli” çərçivəsində keçirilən respublika yaradıcılıq festival və müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, aidiyyəti müəssisə və təşkilatların rəhbər şəxsləri, müsabiqə qalibləri və uşaqların valideynləri iştirak ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində rayonda həyata keçirilən silsilə tədbirlər, festival, müsabiqə və sərgilər barədə məlumat verib.

Çıxış edənlər festival qaliblərini təbrik edərək onlara uğurlar arzulayıblar.

Festival qaliblərindən Gülay Mütəllibova və Mələk Mehrablı çıxış edərək, Ulu Öndərin gənc nəslə olan diqqət və qayğısından danışıb, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında belə festival və müsabiqələrin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirin sonunda festival və müsabiqələrdə fərqlənən yeniyetmə və gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

M.NƏRİMANOĞLU,

“Respublika”.