Müstəqil Azərbaycanın dünyaya açılan hava qapıları
İqtisadiyyat

Müstəqil Azərbaycanın dünyaya açılan hava qapıları

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, birtərəfli iqtisadi sanksiyalar dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi kimi qalmasını, dünyada etibarlı tərəfdaş imicini təmin edib. Ölkəmiz nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilib. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının yenidən qurulması prosesi uğurla davam etdirilir. Daimi diqqət və qayğının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət hava qapısı adlandırılan məkandan başlayır. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.

Xatırladaq ki, Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə açılışı olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır. Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətə başlamışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur. Bundan əlavə, sərnişin və yükdaşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

Qarabağın hava qapısı adlandırılan Füzuli hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində - cəmi 8 ayda tikilən ilk aeroportdur. Buradan Şuşaya Zəfər yolu uzanır. Həmçinin Füzuliyə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da hava limanından istifadə edə biləcəklər. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımıza həyatın tezliklə qayıdacağından xəbər verir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Qardaş ölkənin liderinin təyyarəsi Türkiyədən birbaşa Füzuliyə uçub. Füzuli Beynəlxalq Hava Limanının istənilən təyyarəni qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir infrastrukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava Hərəkətini İdarəetmə Qülləsində avtomatlaşdırılmış sistemlər quraşdırılıb. Bu da Füzuli Aeroportunun ICAO və IATA standartlarına uyğun uçuşlar həyata keçirməsini mümkün edir. Burada sərnişinlərin rahatlığı üçün bütün şərait yaradılıb. Təməli 2021-ci il yanvarın 14-də qoyulan Füzuli Aeroportuna ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib. AZAL-ın ən böyük sərnişin təyyarəsi - "Airbus A340-500" buraya eniş edib. "Silk Way" aviaşirkətinin "Boeing 747-400" tipli təyyarəsi isə bu hava limanı vasitəsilə Qarabağa ilk dəfə yük çatdırıb.

Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağdan və Şərqi Zəngəzurdan dünyaya açılan hava limanıdır. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Aeroportun açılış mərasimi Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir günə - Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf edirdi. Belə bir şad gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması iki ölkə arasında dostluq və qardaşlığın əbədiliyinin göstəricisidir.

Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. 2021-ci ilin avqustunda təməli qoyulub. Hava limanı Laçın rayonunun bu layihə üçün yeganə əlverişli yerində - Qorçu kəndi ərazisində inşa edilir. Hava limanından Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşa şəhərinə 70 km məsafədə var. Gələcəkdə Şuşaya təyyarə ilə həm Füzuli, həm də Laçın hava limanlarından getmək mümkün olacaq. Həm yük, həm də sərnişin təyyarələrini qəbul edə biləcək hava limanı sayəsində Laçın-Kəlbəcər bölgəsi beynəlxalq nəqliyyat-logistika imkanları əldə edəcək.

Mustafa KAMAL,

"Respublika".