Qarabağ və Şərqi Zəngəzur müasir görkəm alır
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur müasir görkəm alır

Doğma sakinlərinə qovuşan torpaqlarımıza həyat qayıdır, qəribsəmiş yurd yerlərimiz yenidən canlanır

2023-cü il tarixi ədalətin bərpası, ölkəmizin suverenliyinin tam təmin olunması, həmçinin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi kimi yadda qaldı. Qüdrətli ordumuzun sayəsində qazanılan Qələbə tariximizə yeni səhifə yazdı.

Azərbaycan torpaqlarını işğaldan azad etməklə irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan tarixi inkişafın yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin qarşısında duran əsas məqsədlərdən biri isə bu gün işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafına nail olmaqdır.

Tarixi qələbədən sonra dövlətimiz işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri həyata keçirməyə başladı, şəhərlər, qəsəbə və kəndlər yenidən qurulur, ölkə rəhbərinin torpaqlarımıza səfərləri böyük ruh yüksəkliyi ilə qarşılanır.

"Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması yəqin ki, tarixdə görünməmiş bir hadisədir. ...Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində söyləyib.

Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri göz qabağındadır. Dilbər guşəmiz olan Qarabağ və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Azərbaycan yalnız özünün maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərini uğurla davam etdirməklə bu torpaqlar dirçəlir, hər bir şəhər, qəsəbə və kənd müasir görkəm alır. Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlər uğurla davam etdirilir.

Məlum olduğu kimi, dövlət başçısının 2021-ci il 7 iyul tarixində imzaladığı Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda birləşdirilib.

Statistik məlumatlara görə, ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 261 milyon 712 min manat həcmində sənaye məhsulu istehsal olunub. Bu göstəricinin 242 milyon 860 min manatı Qarabağ, 18 milyon 852 min manat isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Ötən il işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə isə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib. Bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 53.9 faiz və ya 2 milyard 96 milyon 385 min manat çoxdur.

Hazırda təməli 2021-ci il fevralın 14-də qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi uğurla aparılır. İşlərin artıq 48 faizi tamamlanıb. Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər. Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xətti üzrə 9 stansiya, dəmir yollarının ən uzun - 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.

Həmçinin "yaşıl enerji zonası" elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturunun və regionun bərpaolunan enerji potensialından səmərəli istifadə edilməklə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər uğurla həyata keçirilir. Bölgələrimizdə elektrik yarımstansiyaları istifadəyə verilməklə hər yer yenidən nura, işığa qərq olur.

Bu gün doğma insanlarına qovuşan torpaqlarımıza həyat qayıdır, qəribsəmiş yurd yerlərimiz yenidən cənnətə çevrilir. İnfrastruktur layihələri davamlı şəkildə icra olunmaqla vaxtilə erməni vəhşiliyinin qurbanı olan şəhər, qəsəbə və kəndlərimizin əvvəlki görkəmindən də gözəl görünüşə malik olacağı şübhəsizdir.

M.MİRZƏ,

"Respublika".