n-ölçülü yanaşma
Siyasət

n-ölçülü yanaşma

Hazırda dünya ölkələri təcridçilik məngənəsindən çıxmaqla daimi, dinamik əlaqələrin genişləndirilməsi strategiyasını üstün tutur. Müasir və müstəqil Azərbaycanın dünya birliyi ölkələri ilə münasibətlər sferası və arenası isə daha zəngin, çoxşaxəli və rəngarəngdir. Bu gün inkişaf edən, qarşılıqlı etimada söykənən hərtərəfli əlaqələr platformasında təkcə qonşu ölkələr deyil, Qərb, Avrasiya və Yaxın Şərq ölkələri, həmçinin dünyanın ən böyük dövlətləri də vardır. Geosiyasi baxımdan ölkəmiz bu sistemin bir hissəsi olduğundan həmin ölkələrin oxşar maraqları nəzərə alınmadan mədəni, sosial, siyasi-iqtisadi və digər əlaqələr qeyri-mümkündür.

Xalqımız ötən min illər ərzində dünyaya açıq olması, zamanın harayına səs verməsi, xarici aləmin təkliflərini saf-çürük etməsi, reallıqlara çoxtərəfli, multivariantlı yanaşması ilə fərqlənən spesifik baxış formalaşdırıb. Özünün genetik koduna, etnik, mənəvi məişət mədəniyyətinə uyğun yaşam konsepsiyası qurub və inkişaf etdirir.

Qərb inkişaf yolu artıq yeganə mümkün yol kimi qəbul edilmir. Müxtəlif mədəniyyətlərin, fərqli sivilizasiyaların plüralizmi təsdiqini tapmaqla, regionların təsnifatı yönündə müxtəlifliyin bərabərhüquqluluğu qəbul olunur. Özünəməxsusluğunu saxlayan, milli mənafeyini nəzərə alan ölkənin optimal inkişaf modeli bitkin sistemlər modelinə uyğun və müvafiq olur. Bitkin sistem dedikdə planlı şəkildə inkişaf edən, bərabərhüquqlu qarşılıqlı münasibətləri təbiət, elm və ədalət qanunları əsasında quran dövlətlərin birliyi nəzərdə tutulur. Beynəlxalq münasibətlərin indiki modelinə diqqət etsək, görərik ki, dünya ölkələri arasında inteqrasiya prosesi fəallaşmaqla müasir texnologiyalar - rəqəmsal inkişaf sayəsində qloballaşma tempi sürətlənib. Belə hallarda xarici siyasi təsirlərin qarşısının alınması, özünəməxsusluğun qorunması ilə coğrafi-siyasi amillərin unikallığına toxunmadan, demokratikləşmə prosesinə xələl gətirmədən əməkdaşlıq diapazonunun genişləndirilməsi ən ümdə vəzifələrdəndir.

Türkdilli dövlətlərin tarixi, mənəvi və geosiyasi yaxınlığı ilə seçilən TDT-nin yaranması bölgədə yeni güc mənbəyi olmaqla mühüm strateji əhəmiyyətə malikdir.

Respublikamızın dünyada müsbət imicini yüksəltmək məqsədilə Qərb ölkələrinin siyasətinə müəyyən təsir göstərə bilən strukturlarla əlaqələrin və onların fəaliyyət dairələrinin genişləndirilməsi uğurla icra olundu. Buna görə də Azərbaycanla neft müqaviləsi imzalayan konsorsium dövlətlərinin investisiya fəaliyyəti genişləndikdən sonra geosiyasətdən geoiqtisadiyyata dönüş baş verdi.

Qərb-Avrasiya-Yaxın Şərq üçbucağı

Bu gün regional və transmilli layihələrdə fəal iştirak edən Azərbaycan ənənəvi münasibətlər də nəzərə alınmaqla ikitərəfli, çoxtərəfli əlaqələrin köməyi ilə birgə siyasi və iqtisadi proseslərin fəallaşmasının strateji əhəmiyyətinə xüsusi önəm verir.

Avrasiya ərazisinə daxil olan ölkələrlə kommunikasiya, iqtisadi, humanitar əlaqələrin gücləndirilməsi bənzərsiz körpünün olmasını şərtləndirir. Bu yöndə yaradılan təşkilatlar marağı olanlarla birgə qurulsa da, regional xarakterli də olur. Məsələn: İƏT, TDT, İKT, ŞƏT və s. Burada da əsas məqsəd ikitərəfli və regional iqtisadi əlaqələrin genişləndirilməsi meylidir. Dövlətimizin başçısının 2023-cü il mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında ilk dəfə qonaq qismində iştirakı da Avrasiyada ölkəmizin mövqeyinə verilən qiymət və ona olan iqtisadi marağın göstəricisidir.

Üç yüz milyondan artıq əhalisi olan Yaxın Şərqlə qurulan siyasət, ilk növbədə, regionun texnoloji, geosiyasi və geostrateji proseslərindən qaynaqlanır. Türkiyə, Pakistan, İsrail və digər ölkələrlə birgə siyasi, iqtisadi, mənəvi birlik elm və mədəniyyətin dirçəldilməsi ilə yanaşı, yeni konqlomeratın (öz xassələrini saxlamaqla yaranan birlik) yaradılmasına imkan verir. Yaradılan konqlomerat yeni "güc mərkəzləri"nə qoşulmaq imkanı ilə yanaşı, regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün möhkəm özül yaradır. Supergüclərin geosiyasi maraqlarının regiona uyğun gəlməsi isə bölgədə siyasi proseslərin strukturlaşdırılmasını sürətləndirir.

Bəllidir ki, dünyada yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün atılan addımlardan biri də 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) təsis olunmasıdır. Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb və hazırda ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. Bu, Azərbaycanın sivilizasiyalararası dialoqda, multikulturalizm və tolerantlığın təşviqi sahələrində beynəlxalq müstəvidə gördüyü işlərdən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il sentyabrın 16-da ŞƏT-ə üzv ölkələrin Səmərqənddə keçirilən Sammitinə dəvəti də ölkəmizin xüsusi əhəmiyyət kəsb edən məsələləri yüksək səviyyədə reallaşdırmasından irəli gəlir.

Hazırda Şərqlə Qərb arasında "İpək Yolu" üzərində dayanan əlaqələndirici həlqəni Azərbaycansız təsəvvür etmək belə mümkün deyil. Həm ticarət-iqtisadi, həm də hərbi-siyasi sahədə uyğunlaşma baxımından Azərbaycan Cənub, həmçinin Qərbi Avropa dövlətləri ilə geniş imkanlar yaratmışdır. Neft yataqlarının işlənməsi və istifadəsinin sürətləndirilməsi məqsədilə OPEC tipli strukturlara qoşulma dünya neft-qaz siyasətində mümkün olan balans rolunu oynamaqda əlavə dividendlər yaradıb. Son illərdə baş verən proseslər də, Avropa İttifaqı dövlətləri ilə bağlanan müqavilələr də bunu təsdiq edir.

Geosiyasi planda Azərbaycan ümumi strateji layihələr çərçivəsində Qərb-Avrasiya-Yaxın Şərq üçbucağında güc mərkəzləri ilə çevik balanslaşdırma siyasəti aparır. Dünya inteqrasiya proseslərinin sahə və regional inteqrasiya strukturlarında iştirak etməklə ölkəmiz özünəməxsusluğu qoruyaraq bu proseslərdə adaptasiya siyasətini formalaşdırıb. Planetar miqyasda baş verən yeni qaydaları, yeni dünya nizamını nəzərə alan respublikamızda fəal intellektual xarici siyasət aparılır. Coğrafi, geosiyasi mövqeyi ilə fərqlənməklə demokratik, iqtisadi-siyasi, humanitar tərəqqi uğrunda mübarizənin önündə gedən ölkələrdəndir. Azərbaycan özünün xarici siyasət statusunu dəqiq müəyyənləşdirməklə dövlətin mənafeyi, marağı və mövqeyini nəzərə alaraq dünya çapında çox mühüm və ciddi olan bir sıra yeni, müasir təşəbbüslərlə çıxış edir.

XXI əsrdə hərbi müdaxilə yolu ilə əraziləri zəbt etməkdənsə, iqtisadi bazarları zəbt etmək daha vacib hesab olunduğundan vaxtilə liderliyi ələ alan inkişaf etmiş ölkələr indi də dünya bazarına nəzarət edir, bəzən də öz üstün mövqelərinə istinad edərək daxil olduqları ümumi iqtisadi məkana digər ölkələrin də üzv olmasına imkan vermirlər (məsələn: Türkiyənin israrına baxmayaraq, Avropa Birliyinə üzv qəbul etmirlər).

Səmimiyyət və sadəlövhlükdən uzaq, yazdığını olduğu kimi oxumaq, düşündüyünü demək dərəcəsində sadə olmayan Avropa siyasətçilərinin dili bir cür yazılanı n-cür oxuyan siyasət dilidir. Bu səbəbdən də əsasən Qərbə məxsus olan ikili yanaşma və ya ikili standart siyasəti də günümüzdə n-ölçülü (çoxsaylı) standart (və ya n-ölçülü yanaşma) siyasət xarakteri alıb. Hazırda məhəlli intriqalarla deyil, çoxqat bürünmüş və beynəlxalq miqyaslı qlobal siyasi münaqişələrlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

Konkret coğrafi ərazilərlə sərhədlənmiş imperiyaları iqtisadi nüfuz dairələrinin əvəz etdiyini bütün çalarları ilə öncədən duyan ulu öndər Heydər Əliyev ötən əsrin sonlarında demişdir: "Dünya iqtisadiyyatında inteqrasiya, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da yüksəlmək üçün bu, yeganə bir yoldur".

Aydın olur ki, yeni bir eranın başlanğıcında olan planetimizdə bəşəriyyət yüksəlmək üçün iqtisadi prinsiplərin idarə etdiyi yolu seçməlidir. Hazırda vahid iqtisadi məkan yaratmaq, iqtisadi maraqlar, nəqliyyat dəhlizləri uğrunda mübarizə dünyada gedən proseslərin mərkəzində dayanır. Bundan sonra isə istilanın yeni formulu - mədəni-mənəvi sədləri keçmək, öz mənəvi prinsiplərini daha böyük ərazilərə yaymaq gəlir. Bu gün mənəvi sərhədlərimizi keçmək istəyənlər də az olmadığından vaxtında sayıqlıq göstərmək tələb olunur. Ölkəmiz bu sahədə də çox inamlı mövqe qazanmaqla etibarlı tərəfdaş və potensial güc hesab edilir.

Müstəqilliyimizin ilk illərindən ümummilli lider Heydər Əliyev qloballaşmanın iqtisadi inteqrasiya istiqamətində açdığı imkanlardan uğurla istifadə edərək "Əsrin kontraktı", "Böyük İpək Yolunun bərpası" kimi beynəlxalq miqyaslı iqtisadi layihələrin təşəbbüskarı olmaqla icrasında da mərkəzində olmağı bacarmışdır. İndi ölkəmizdə iqtisadi inteqrasiya proseslərində ölçülü-biçili və incə siyasət aparılır. Qloballaşmanın ideoloji və mədəni-mənəvi təxribat aspektləri neytrallaşdırılmaqla Qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillərin əxz olunması üçün ciddi tədbirlər həyata keçirilir. Şərq və Qərb dəyərləri arasında optimal nisbət gözlənilməsi, pozitiv balans yaradılması, müasir texnologiyanın neqativ planda açdığı geniş imkanların yeni mənfi tendensiyalar formalaşdırmaması üçün qabaqlayıcı işlər görülərək bütün səylər birləşdirilir.

İkili standart, yoxsa n-ölçülü standart...

Ötən əsrin sonlarında müstəqilliyimizin bərpasından 10 il sonra, yəni 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Tarixi baxımdan böyük müddət olmayan həmin illərdə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruldu, təsisatları və yüksək iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıldı. Demokratiya, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, azad rəqabət və s. kimi ideyaların ölkəmizdə gerçəkləşməsi Azərbaycanın Avropa ölkəsi kimi təsbit olunmağına əsas verdi. Avropanın ictimai-siyasi və hüquqi dəyərlər sistemi əsasən qəbul edildi. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə ardıcıl olaraq tarixin son iki əsrinin əvvəllərində can atmışdır. Hələ XIX əsrin ortalarından sələflərimiz də bu yolu seçmişdilər. A.A.Bakıxanov, M.F.Axundov tərəfindən başlanmış Qərb dəyərlərini mənimsəmək, müasir elm və texnikanın nailiyyətlərindən istifadə etmək və s. kimi məqsədlər həmin dövr üçün çox real görünürdü. Məhz Şərq ölkəsi sayılan Azərbaycanda ilk qəzetin, teatrın, operanın, dünyəvi məktəblərin və s. yaranması Azərbaycanın Qərbyönümlü olmasının göstəricisi idi. Nəhayət, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə yenə də Şərqdə ilk universitet, parlament, hüquqi dövlət normaları, elementləri yaradıldı. Bir çox parametrlərə görə Azərbaycan o vaxtkı Avropa ölkələri ilə az qala bərabər səviyyədə idi.

Ədəbiyyat və mədəniyyət müstəvisində başlanmış müasirləşmə, qərbləşmə, avropalaşma prosesi XX əsrin əvvəllərində Ə.Hüseynzadə, Ə.Topçubaşov, F.Xoyski və digərləri tərəfindən davam etdirildi. Bu ideyanı irəli sürənlər əslində elmi-texniki tərəqqini, rasional düşüncə tərzini, problemlərin hüquq müstəvisində həllini mənimsəməklə onlarla öz dillərində danışmağı nəzərdə tuturdular. Və nəhayət, ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra biz hüquqi dövlət quruculuğu yolunu seçməklə Avropa dəyərlərinə prioritet verdik. Avropa isə bizi olduğumuz kimi deyil, istədiyi kimi görmək arzusunda idi. Bu səbəbdən də haqqımızda uydurulmuş (ermənilər və digərləri tərəfindən) yalan və şantajlara, onlara sərf etdiyi üçün, daha tez inanırdılar.

Ötən əsrin ikinci yarısından başlayaraq, daha dəqiq desək, İkinci Dünya müharibəsindən sonra Avropada insanlara layiqli həyat şəraitinin yaradılması, hüquq və azadlıqların qorunması, sülhün bərqərar olması sahəsində böyük uğurlar qazanılsa da, hazırda Avropa yeni keyfiyyətli bir inteqrasiya ilə üz-üzə dayanmaqla seçim qarşısındadır. Avropadakı tərəqqipərvər qüvvələr də yeni erada inkişafın müasir hərəkətverici impulslarını arayırlar. Ancaq yad mədəniyyətlərə olan münasibət istədikləri inkişafı əldə etməyə imkan vermir.

Bu məqamda da Qərbin özünə müraciət etsək, yerinə düşər. Coğrafi baxımdan onlara məxsus olan zəka sahibi, filosof Hegel də inkişafın mənbəyini əksliklərin vəhdəti və mübarizəsində görürdü. Deməli, eyni qəbildən olanların birləşməsinin inkişafa əlavə impulslar və ya güclü təkan verməsi ehtimalı yüksək deyil. Eyniadlı (eyniişarəli) yüklərin birləşməsi elmi-nəzəri baxımdan mümkün olmasa da, eyni dinin, sivilizasiyanın insanları birləşərək özünəməxsus dəyərlər və mədəni sərvətlər sistemi yaratdılar. Və ənənəvi meyarlar baxımından özlərinə yad (bəlkə də düşmən) saydıqları bir mədəniyyətlə birləşmək, hətta əlaqə qurmaq haqqında belə düşünmədilər. Yadımıza salaq ki, illərdir Türkiyə kimi sivil bir ölkəni min cür bəhanə ilə Avropa Birliyinə yaxın buraxmırlar. İndi Avropada baş verən proseslər Qərb coğrafiyasının yetişdirdiyi filosofun əsrlər əvvəl müəyyənləşdirdiyi fəlsəfi qanunun tələblərinin ödənməməsidir. Yəni avropalıların inkişafın mənbəyinin elmi-fəlsəfi əsaslarına göz yummaqla həddən ziyadə mühafizəkarlıqları və ən nəhayət, ikili standart, yanaşma nümayiş etdirmələridir.

İkili standart təkcə beynəlxalq münasibətlərdə deyil, gündəlik həyatda da müşahidə olunur. Bu, eyni situasiyada iştirakçı olan obyektlərə münasibətdən və məxsusi qərəzdən qaynaqlanır. İkili standartların baş verməsi koqnitiv təhriflərdən (faktlara deyil, öz təsəvvürlərinə əsaslanaraq) biri ilə - atribusiya səhvi (informasiya qıtlığı şəraitində spekulyasiya və ya xarici əlamətlərə istinadən məxsusi hallar) ilə izah olunur. Gündəlik həyatımızda, məişətimizdə də belə hallarla rastlaşırıq. Məsələn: Biri üçün qadağan olunan digəri üçün yolverilən ola bilər. Birinin ağlamağı acizlik, digərininki peşmançılıq, üzgünlük kimi qiymətləndirilir və s.

"İkili standartlar siyasəti" anlayışı əsasən beynəlxalq münasibətlər kontekstində istifadə olunur. Eyni hadisənin qiymətləndirilməsi subyekt və obyektə münasibətin xarakterindən asılıdır. Məsələn: Bir ölkə dəstək alır, digəri isə sanksiyaya məruz qalır. Məşhur 907-ci düzəliş buna əyani misaldır. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur. Bəzi hallarda isə dərhal reaksiya verilir. Ümumiyyətlə, bir dövlətin, bir beynəlxalq təşkilatın digər iki dövlətə qarşı qərəzli və ya fərqli yanaşması ikili standartların siyasətdə ən problemli və müzakirə tələb edən halıdır. Bəzən buna ikiüzlü siyasət də deyirlər.

"Double standard" termini ilk dəfə XIX əsrin ortalarında iki fərqli metodun təyinatı üçün istifadə olundu, məsələn: bimetallizm, həmçinin xeyir və şər haqqında teoloji mühakimələr üçün.

İkili standartlar siyasətində gündəlik həyatımıza daxil olan ən məşhur ifadə Britaniya yazıçısı Cerald Seymur tərəfindən "Harry`s game" ("Harrinin oyunu") əsərində işlədilən "One man`s terrorist is another man`s freedom fighter" - "Kimin üçün terrorçu, kimin üçünsə azadlıq mübarizidir". Göründüyü kimi, qiymətləndirmə aparanın münasibətindən asılı olaraq eyni adam və ya situasiya müxtəlif cür, diametral əks vəziyyətlərdə xarakterizə oluna bilər. Eyni obyektə bir rakursdan baxanda kəşfiyyatçı, digər rakursdan baxanda casus demək olar. Bir nəfərə də həmin qaydada qorxaq və ya ehtiyatlı demək olar. Bu termin həmçinin müasir politologiyada, jurnalistikada, iqtisadiyyatda, sosial tədqiqatlarda və digər humanitar elmlərdə neqativ hadisələri təsvir etmək üçün istifadə olunur.

Hazırda beynəlxalq əlaqələr sahəsində ikili standartlar bir ittiham formasına çevrilib. İkili standartlardan azad olmaq tənqidi təfəkkürün inkişafına, situasiyanı obyektiv qiymətləndirməyə, məxsusi hökmləri sorğulamağa imkan verir.

XXI əsrin əvvəllərində avropalılar siyasi, iqtisadi, sosial vəziyyəti bizdən heç nə ilə yaxşı olmayan, təcavüzkar Ermənistanın Avropa Şurasına qəbuluna razılıqlarını daha tez bildirdilər, Azərbaycan barədə tərəddüdlü olduqlarını gizlətmədilər. Tərəddüdün əsas səbəbinin Azərbaycanın İslam ölkəsi olması, Şərq dəyərlərinə sıx bağlılığı, milli mədəni-mənəvi adət-ənənələri barədə bir kəlmə demədən demokratiya təəssübkeşliyi, insan hüquq və azadlıqları və sairlə bağlı qeyd-şərtlər qabardılırdı. Azərbaycan Prezidenti Heydər Əliyev şəxsi dövlətçilik təcrübəsinə əsaslanaraq cəmiyyətin bütün sahələrində böyük demokratik islahatlar həyata keçirdi. Həmin islahatlar Avropa Şurasına qəbul olunmaq naminə deyil, demokratik dövlət quruculuğunun prinsiplərinə, seçdiyi strateji inkişaf yoluna uyğun həyata keçirilirdi. Avropa Şurasının sərgilədiyi münasibətin görünməyən tərəflərini də aydın təsəvvür edən, bu məsələlərə ikili yanaşmanın bütün parametrlərini dəqiqliyi ilə müəyyən edə bilən ulu öndər Heydər Əliyev deyirdi: "Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir".

Bu fikirlərdən də görünür ki, böyük siyasi təcrübəyə malik Prezident ölkəmizə yönəldilmiş tərəddüdlərin, arqumentlərin əsl səbəblərini incəliklərinə qədər bilirdi.

Azərbaycan Avropa Şurasına üzvlüyündən ötən çox qısa müddətdə bir sıra göstəricilərə görə bəzi Avropa ölkələrini ötüb keçdi. Ölkəmizin inkişaf tempi ilə irəlilədiyini həmin illərdə tanınmış şəxsiyyət, türk dünyasının böyük oğlu İhsan Doğramacı belə dəyərləndirmişdi: "Mən əminəm ki, qarşımızdakı bir neçə ildə Azərbaycan Avropa ölkələrinin heç birindən geri qalmayacaqdır". Belə olduğu təqdirdə, artıq Avropanın heç bir irad tapa bilməyən anti-Azərbaycan qüvvələri yeganə çarəni tarixi keçmişə qayıtmaqda gördülər. Çünki bu günün reallıqlarını heç bir əks-təbliğat, ən yaxşı düşünülmüş saxta informasiya kampaniyası, "fake news"lər belə başqa yöndə qələmə verməyə nail ola bilməz. Hazırda rəqəmsal dünyada kimin işğalçı, terrorçu, şantajçı və s. olduğunu görmək üçün xüsusi məharət tələb olunmur. Lakin keçmiş barədə danışarkən baş verənlər tarixi faktlardan daha çox təbliğat kampaniyasından asılı olduğundan onu saxtalaşdırmaq, ictimai rəyi çaşdırmaq və əks-səmtə yönəltmək daha asandır.

Məhz 2001-ci ildə Prezident Jak Şirakın Fransa senatının "erməni soyqırımı" haqqında qərarını təsdiq etməsi anti-Azərbaycan, antitürk qüvvələrinin keçmişə dair apardığı təbliğat kampaniyasının nəticəsi idi.

Müasir dövrdə dünya xalqlarının zehnində Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma sadəcə Qərb texnikasının, investisiyasının ekspansiyası ilə məhdudlaşmayıb, həm də Qərb düşüncə tərzinin təcavüzü ilə səciyyələnir. Belə məqamda çıxış yolu milliliklə müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmaqdır.

İyulun 11-də 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də".

Tarixdən də bəllidir ki, Qərb dünyası XVII-XVIII əsrlərdə renessans dövrünü yaşadığından digər xalqlarda da mütərəqqiçiliyə meyil yaranmışdı. Əvvəldə qeyd etdiyimiz kimi, XIX əsrin ortalarında ədəbiyyat və mədəniyyət müstəvisində başlanan proses XX əsrin əvvəllərində mütəfəkkir Ə.Hüseynzadə tərəfindən türkləşmə, islamlaşma və avropalaşma ideyası ilə davam etdirildi. Yeri gəlmişkən, qeyd edək ki, qonşu Gürcüstanda da gürcü xalqının maarifpərvər oğlu İlya Çavçavadze tərəfindən həmin proses - "vətən, dil, din və avropalaşma" şəklində aparılırdı.

Səmimiyyət və sadəlövhlükdən uzaq, yazdığını olduğu kimi oxumaq, düşündüyünü demək dərəcəsində sadə olmayan Avropa siyasətçilərinin dili bir cür yazılanı n-cür oxuyan siyasət dilidir. Bu səbəbdən də əsasən Qərbə məxsus olan ikili yanaşma və ya ikili standart siyasəti də günümüzdə n-ölçülü (çoxsaylı) standart (və ya n-ölçülü yanaşma) siyasət xarakteri alıb. Hazırda məhəlli intriqalarla deyil, çoxqat bürünmüş və beynəlxalq miqyaslı qlobal siyasi münaqişələrlə məşğul olan siyasi qüvvələr bu n-ölçülü vərdişlərə ustalıqla yiyələnmişlər.

Deyilənləri planetar miqyasda aparılan siyasətə proyeksiyalayanda məlum olur ki, hazırda bir çox ölkələr ikili standartlarla deyil, belə demək mümkünsə, məhz n-ölçülü standartlarla işləyirlər.

Nəhayət, XX əsrin sonunda müasirləşmə, avropalaşma prosesi ulu öndər Heydər Əliyevin siyasət müstəvisindəki səyləri nəticəsində bir hüquqi akt kimi təsbit olundu. Yeni minilliyə Avropa ölkəsi kimi adlayan ölkəmiz ciddi şəkildə siyasiləşməyə düçar oldu. Daxili rəngarəngliyi, mürəkkəb, n-ölçülü strukturu, müxtəlif təzahür formaları olan Avropa siyasi təfəkkürü bəsit "siyasi" tezislərin xaotik toplusu ilə qarşılaşdı. Milli təfəkkürün inkişafına yönəlmiş siyasi, iqtisadi və mədəni-mənəvi maarifçilik tendensiyası psevdosiyasi şüarlarla, sensasiyaçılıqla və populizm ilə müşayiət olunurdu. Əsasən mahiyyətə varmadan zahiri cərəyanlar, formalar imitasiya olunmaqla ekstra hallar üstünlük təşkil edirdi. Bunlar da siyasiləşmiş Avropanın n-ölçülü standartının doğurduğu "təbii" vəziyyətdən qaynaqlanırdı. Proseslərin mahiyyətinə varmadan, həqiqətin necə olduğunu gözardı edib - "təki görünüş uyğun gəlsin" mövqeyindən çıxış edərək zahirilikdən, məharətlə formalaşdırılmış ictimai rəydən qaynaqlanan münasibət Avropa siyasi ideoloqlarının əsas metodoloji xüsusiyyətləridir. Feminizasiyaya diqqətlə yanaşan Avropa həmin məntiqə uyğun olaraq əsl mahiyyəti alt qatda saxlamaqla hər şeyi zahirən gözoxşayan, cəlbedici, təmtəraqlı və məkrlə təqdim etməyi çoxdan öyrənmişdir. Bu isə çox vaxt aldadıcı olsa da, qarşı tərəfin həmişə gecikmiş duyumu ilə müşayiət olunur.

Avropalıların özləri öz məkrlərini bildikləri üçün ondan nicat yolunu da "centlmenlik"də görürlər. Belə məqamda vaxtilə türk tayfalarından olan qaraçaylıların məskənində qurulmuş, əksəriyyətə məlum olan "Məkr və məhəbbət" qəsri haqqında əfsanə yada düşür. Bu qəsrdə olan avropalı turistlər belə qəsrin tarixi ilə bağlı məlumatlarla tanışlıqdan sonra həmin məkanda və məqamda "centlmenliyin" çatışmazlığından bəhs edirlər. Məkr, siyasət və "centlmenliyin" cəm olduğu Avropaya məhz Avropa dilində cavab verilməlidir. Məsələn, illərdir Avropa Birliyinə daxil olmaq üçün gözləyən Türkiyə belə sərt hünər məntiqi ("türkü hünərəs") ilə hökmlə, acıqla deyil, onların öz dili ilə danışmalıdır. Bu günlərdə Vilnüsdə NATO sammiti çərçivəsində keçirilən mətbuat konfransında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi: "Türkiyənin üzünə Avropa qapılarını açın, biz də İsveçin üzünə NATO qapılarını açaq" fikri avropasayağı siyasi manevr idi.

"Həqiqət onsuz da mənim tərəfimdədir" məntiqi ilə davranmaq qərblilərə qarşı tərəfin hələ də onlara yad olmasını diktə edir. Qərbin gözlədiyi, tərəddüd və ehtiyat etdiyi odur ki, Türkiyə onlarla yenidən hünər dilində danışa bilər. İstədikləri isə n-ölçülü standartlar dünyasında türkün onlarla hünər dilində deyil, onların öz dili ilə siyasi manevrlərlə avropasayağı "centlmen"liklə cavab verəcəyinə inanmaqdır. Bir sözlə, əsas məqsədləri Türkiyəni də, Azərbaycanı da, bir sıra digər ölkələri də istədikləri kimi görməkdir.

Feminizasiya üslubunu yaxşı mənimsəmiş, davranış qaydalarını ona uyğunlaşdıran Qərblə əməkdaşlıq və ya tərəfdaşlıq onlarla öz dillərində danışmaq ən vacib olmasa da, davranmaq mütləqdir. Feminizasiyaya üstünlük verən cəmiyyətin məkrindən, bu düşüncə tərzindən bəhrələnən siyasət labirintində düzgün yol tutmaq üçün onların təklif etdiyi inteqrasiya proseslərinə münasibətdə dövlətimizin başçısı İlham Əliyevin BDU-nun 100 illiyinə həsr olunmuş toplantıda dedikləri bizə yol xəritəsidir: "...hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?..".

Hazırda dünyada nizam, davranış qaydaları pozulub, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə, müvafiq konvensiyalara əməl edilmir, güc amili ilə hesablaşırlar. Güclü olan dövlətlər, supergüclər öz hərəkət və davranışlarını isə n-ölçülü yanaşma ilə müxtəlif arenalarda fərqli şərhlər verməklə özlərinəxas olaraq gah bu, gah da başqa tərzlərdə ədalət mövqeyindən təqdim edirlər.

İyulun 11-də 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev yaranmış vəziyyəti çox obyektiv dəyərləndirmişdir: "Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də".

Deməli, güclü olan haqlıdır prinsipi əsas amilə çevrilib. Ona görə də haqlı olduğumuzla yanaşı, ərazi bütövlüyümüzü, dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq üçün ölkəmizin qüdrəti də artırılır. Həm haqlı, həm də güclü olmaqla Azərbaycanın beynəlxalq nüfuzu isə getdikcə yüksəlir.

Avropanın yüksəkkeyfiyyətli texnologiyalarını, inkişafın impulslarını, hərəkətverici qüvvələrini, iqtisadi, elmi-texniki göstəricilərini mənimsəməklə ardıcıl surətdə həyata keçirmək ən ümdə işdir. Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər, görülən işlər bu siyasətin bütün çalarları ilə doğruluğunu təsdiqləyir.

Belə bir şəraitdə Azərbaycanın mövqeyi, tutduğu yol yeganə düzgün yoldur. Psevdosiyasi və anti-Azərbaycan qüvvələrin bütün məkrlərinə baxmayaraq, bu gün Azərbaycan rəhbəri Şərqin də, Qərbin də dilini yaxşı bilir və bu vəhdəti hakimiyyət ustadına xas diplomatik bacarığı ilə ölkəmizin parlaq və təhlükəsiz gələcəyi naminə yönləndirir.

Hümbət MUSAYEV.