“Nabucco
İQTİSADİYYAT

“Nabucco" layihəsi yenidən dünya gündəmində

Dünyada baş verən geosiyasi proseslər və dəyişikliklər bir çox məsələləri gündəmə gətirir. Aktuallığını və vacibliyini hələ də özündə saxlayan layihələrdən biri də "Nabucco" layihəsidir. Hələ 2015-ci il mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyaya rəsmi səfəri zamanı "Nabucco West" layihəsinin reallaşmasını yenidən gündəmə gətirmişdir. "Nabucco" layihəsini reallaşdırmaq üçün isə "Şahdəniz", "Şahdəniz-2" qaz yataqlarının işlənməsi vacib idi. Bu iki yatağın birləşməsi nəticəsində "Nabucco"nu təmin etmək mümkün hesab olunurdu.

Ölkəmiz təkcə əlverişli strateji bölgədə yerləşmir,  həm də  zəngin enerji resurslarına malik, eləcə də tranzit ölkə kimi Qərb ölkələri üçün etibarlı tərəfdaşdır. Azərbaycanın dünyada artan nüfuzu və təbii sərvətlər, enerji ehtiyatları baxımından zəngin olması da öz sözünü deyir. Bu sahədə dövlətimizin düşünülmüş siyasəti onun dünya dövlətləri arasında söz sahibi olmasına da zəmin yaradır. Bütün bunlar illərdir müzakirə mövzusuna çevrilən, bir az da unudulmaq ərəfəsində olan "Nabucco" qaz layihəsini yenidən aktuallaşdırıb. Bu istiqamətdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan və Türkmənistan qazının Rusiyadan keçməmək şərtilə Avropaya nəqli üçün nəzərdə tutulan "Nabucco" qaz kəməri layihəsi uzun müddət müzakirə obyekti olsa da hələ ki, reallaşmayıb. Lakin son dövr bu layihə ətrafında bir canlanma müşahidə olunur. Əgər bu layihə baş tutarsa, nəticədə tək Avropa İttifaqını deyil, Mərkəzi Avropanın bir neçə ölkəsini də birləşdirəcək. Layihənin gerçəkləşməsində ümidverici məqamlarla yanaşı, irəliləyişin olması da vacibdir. Azərbaycan qeyd etdiyimiz kimi, illər əvvəl də bu layihənin reallaşması üçün səylər göstərmişdir. Bəllidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu getdikcə artırır.

Bu ilin yanvar ayının 30-da Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata birgə bəyanatında "Nabucco" qaz layihəsinə də toxunulmuşdur. Baş nazir Viktor Orban bu haqda danışaraq bildirmişdir ki, biz on il əvvəl də bu haqda müzakirələr aparmışıq. Çalışmışıq ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. Nazirin sözlərinə görə, layihənin həyata keçməsi ləngisə də Azərbaycan bu məsələdə daim sadiqlik göstərib. Baş nazir qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı müvafiq sənədə əsasən 2027-ci ilə kimi ölkəmiz Avropaya nəql edəcək qazın həcmini iki dəfə artıracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə deyib: "Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaradır. Cənab baş nazir xatırlatdı ki, "Nabucco" layihəsi üzərində böyük işlər aparılmışdır. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün "Nabucco" layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan "Nabucco" layihəsini biz indi dirçəltmişik".

Ramidə YAQUBQIZI

"Respublika".