Naftalanda şəhid və qazi övladları üçün əyləncəli tədbirlər keçirilib
Region

Naftalanda şəhid və qazi övladları üçün əyləncəli tədbirlər keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalanlı şəhid və qazi övladları üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində hazırlanmış geniş proqramlar əsasında rəngarəng tədbirlər təşkil olunub. Növbəti əyləncəli tədbir Gəncə şəhərində keçirilib.

Belə ki, cəmiyyətin həssas, kövrək zümrəsi, zərif bir çiçəyi olan uşaqların bayram günlərini daha səmərəli etmək üçün Gəncəyə səfər ediblər. Əyləncəli proqramı ilə zəngin olan “GəncLand” istirahət mərkəzində sirkdə olublar. “Yeni İl Macərası” adlı beynəlxalq sirk proqramında dünyaca məşhur peşəkar sirk artistləri məharətlə çıxış ediblər. Onların arasında əyləncəli klounun, akrobatların, gimnastların, ekvilibristlərin, ayının və tutuquşularının nümayiş etdirilən bir-birindən maraqlı nömrələri uşaqların, eləcə də valideynlərin marağına və sevincinə səbəb olub.

Övladlarını müşayiət edən valideynlər daim diqqətlə əhatə olunduqlarına və göstərilən diqqət-qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.