Yol infrastrukturu yenidən qurulur
Region

Yol infrastrukturu yenidən qurulur

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi regionda turizmin inkişafına zəmin yaradacaq

Respublikanın mühüm turizm bölgələri və Gürcüstanla ölkəmizi birləşdirən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə salınıb. Bu, Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol olduğundan xeyli müddət səmərəli şəkildə istifadə olunub.

Lakin mürəkkəb relyef şəraiti olan tektonik hərəkətlərin baş verdiyi seysmik zonadan keçən, dağ yamacları ilə əhatə olunan mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verirdi. Aktiv sürüşmə zonasında yerləşən bu yolu hər il sürüşmələrdən qorumaq üçün təmir-tikinti işlərinin aparılması, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və sair tədbirlərə baxmayaraq yolda müəyyən problemlər yaranırdı. Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıq vermişdir.

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 15 milyon manat ayrıldı.

Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Yeni layihə üzərində mövcud olan körpülərin 4 zolağa uyğun layihələndirilib yenidən tikintisi işləri uğurla davam etdirilir. Yol boyu dairəvi və düzbucaqlı suötürücülərin inşası icra olunur. Texnoloji ardıcıllığa uyğun olaraq yolda torpaq işləri, qazma, əks dolğu, yol yatağının tikintisi işləri aparılır. Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində istinad divarlarının, drenaj sistemlərinin tikintisi də davam etdirilir.

Layihələndirilən yolun 4.5-ci kilometrdə Ağsu çayla və çay vadisi ilə kəsişmədə 1200 metr uzunluqda və 76.5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və bərkitmə işləri aparılır. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur. Bu körpü vasitəsilə sürüşmə olan ərazilərdən yan keçmək mümkün olacaqdır.

Yolun Ağsu çayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalının tikintisi tamamlanıb, tunel hissəsinin tikintisinə başlanılıb. Tunelin çıxış portalında divarın tikintisi davam etdrilir, giriş-çıxış hissələrində və digər yamaclarda müvafiq işlər görülür.

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılmasına, qonşu ölkələrlə ticarət münasibətlərinin yaxşılaşdırılmasına, regionda turizmin inkişafına zəmin yaradacaq.

Yolun üzərində 8 körpü var. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 körpü yolun dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun layihələndirilərək tikiləcək. Bunlardan Girdiman, Cülyan, Ax-ox və Göyçay çaylarının üzərindəki körpülər İsmayıllı rayonu ərazisinə düşür. Artıq işlərə başlanılıb. Ağsu çayı üzərində tikiləcək körpünün uzunluğu 634 metrdən ibarət olacaq.

Layihənin əsas məqsədi yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin, eləcə də nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafıdır.

Bu gün İsmayıllıda çəkilən yol bir çox üstünlükləri ilə yanaşı, Şuşada, Xankəndidə, Laçında çəkilən yollarla birləşərək Qarabağ bölgəsinə gediş-gəlişi xeyli yaxşılaşdırmaqla rahatlığı təmin edəcək.

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulmasının 2025-ci ilin yazında tamamlanması nəzərdə tutulur.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".