Naxçıvan da “yaşıl enerji
İQTİSADİYYAT

Naxçıvan da “yaşıl enerji" zonasına çevrilir

Muxtar respublikanın mövcud potensialı daxili tələbatı ödəməklə qonşu ölkələrə də ixrac imkanları yaradacaq

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bu ilin ötən dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı məsələyə də toxunub: "Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramı Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək".

Bu proqramın ölkəmizin öz resurslarına əsaslandığını vurğulayan ölkə başçısı qeyd edib ki, proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan MR-də elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Muxtar respublikanın bütün tələbatını "yaşıl enerji" ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də "yaşıl enerji"ni ixrac edəcəyik. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı" iyunun 5-də təsdiq olunub.

Bu proqram indiyədək muxtar respublikada həyata keçirilmiş Dövlət proqramları içərisində daha mükəmməl hazırlanma mexanizmi və əhatəliliyi ilə seçilir. Belə ki, proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar respublikada bir çox sahələr ciddi təhlil olunmuş, mövcud vəziyyət yerində araşdırılaraq qiymətləndirilmiş və bütün bunların əsasında məqsədyönlü qərarlar verilərək qarşıdakı hədəflər müəyyənləşdirilmişdir. Bununla bərabər, proqramın hazırlanmasında mühüm amillərdən biri gələcək hədəflərin müəyyənləşdirilməsində GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə olunmasıdır. Bu təhlil birbaşa imkan verir ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrasında ayrı-ayrı sahələrin mövcud vəziyyəti nəzərə alınaraq, müvafiq addımlar atılsın. Ümumilikdə isə bəhs olunan Dövlət Proqramında 11 istiqamət prioritet olaraq seçilmişdir. Bunlar əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, infrastruktur təminatının, sosial sektorun, insan kapitalının inkişafı, institusional inkişaf və ətraf mühitin mühafizəsinin gücləndirilməsidir.

Hər bir ölkənin dayanıqlı inkişafında enerji təhlükəsizliyinin təmin olunması ilk sırada gəlir. Çünki enerji təhlükəsizliyinə nail olmadan iqtisadi inkişafdan, iqtisadi inkişaf təmin olunmadan ümumi inkişafdan bəhs etmək mümkün deyil. Son illərdə inkişaf etmiş ölkələrin enerji istehsalında bərpaolunan mənbələrdən istifadəyə daha çox yer verilməsi isə enerji seqmentində daha dayanıqlı və təmiz istehsalın həcmini artırmaqdadır. Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Azərbaycan hökuməti muxtar respublikada ən azı 500 meqavatlıq günəş enerjisi stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir. Bu fikri Prezident İlham Əliyev cari il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib: "Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq olacaq".

Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, Türkiyə və İranla sərhəddə yerləşir. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var. Məlumdur ki, Azərbaycanda 2040-cı ilədək istismara verilməsi planlaşdırılan istehsal imkanları ölkənin tələbatını əhəmiyyətli dərəcədə ötüb keçir. Bununla yanaşı, istehsal potensialı xeyli yüksəkdir.

Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb, nəticədə, muxtar respublikamız enerji idxalçısından ixracatçısına qədər böyük bir yol qət edib. Naxçıvanın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkanlar açıb, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunub. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Belə ki, ümumi qoyuluş gücü 241,8 MVt olan iki istilik elektrik stansiyası və beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası, bir külək elektrik stansiyası vardır. Bu stansiyalardan on biri müstəqillik illərində tikilib istismara verilmişdir. 2006-cı ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, həmin ildə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası, 2010-cu ildə Gilançay üzərində 20 meqavat gücündə "Biləv" Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyaları istismara verilib.

Coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 2015-ci ilin dekabr ayında Babək rayonunun Xal-Xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 2017-ci ilin sentyabr ayında stansiyanın gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. 2019-cu ilin fevral ayının 22-də Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 2020-ci ilin iyul ayının 8-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılmışdır. 2021-ci ilin may ayının 26-da istifadəyə verilən Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının 2022-ci ilin may ayında gücü 3 meqavat artırılaraq 8 meqavata çatdırılmışdır. 2021-ci ilin iyun ayının 18-də isə Culfa rayonunun Gülüstan kəndində 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası, 2022-ci ilin oktyabr ayının 31-də Culfa şəhəri yaxınlığında 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir. Haliyədə Şərur rayonunun Zeyvə kəndində Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılması işləri aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın "yaşıl enerji zonası" elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Bu ərazilərin bərpaolunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 QVt-dır. Azad edilmiş ərazilərdə 53,6 MVt gücündə 11 KSES artıq istismar edilir, 70,5 MVt gücündə 7 KSES hazırda inşa olunub, ümumi gücü 76,8 MVt olan daha 9 stansiyanın tikintisinə başlanacaq. Kiçik su elektrik stansiyalarının bərpasına özəl investisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun "yaşıl" inkişafına öz töhfəsini verəcək. Əlverişli günəş radiasiyasına malik Naxçıvanın "yaşıl enerji zonası"nda inkişafı üçün Konsepsiya hazırlanır. Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəflərdir.

3 iyun 2023-cü il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində Naxçıvan Muxtar Respublikasında "Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı" mövzusunda keçirilən xüsusi sessiyada Energetika Nazirliyi "Nobel Energy Management" şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair, "TotalEnergies" şirkəti ilə 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. "Total Energies" və "Nobel Energy Management" şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri də imzalanıb. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq ki, bu da həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru "yaşıl enerji"nin istehsal və istehlakı ilə bərabər, ixracının da mənbəyinə çevirir.

Mustafa KAMAL,

"Respublika".