Nazim Quliyev
Sosial həyat

Nazim Quliyev

Azərbaycanın polis əməkdaşları Birinci Qarabağ savaşında uğurlu döyüş əməliyyatlarında şəxsi igidlik göstərmiş, ən çətin məqamlarda erməni quldurlarının atəş nöqtələrini susdurmuş, neçə-neçə cəsur oğullar odlu səngərlərdə şəhidlik zirvəsinə ucalmışlar. Bu yazıda biz döyüşlərdə rəşadət göstərmiş Nazim Qabil oğlu Quliyev haqqında söhbət açacağıq.

Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində dünyaya göz açmışdır. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən valideynlərinin ünvanına dəfələrlə razılıq məktubu gəlmişdir.

Nazim Quliyev hərbi hissədən 6 aylıq hərbi məktəbə göndərilmiş, xidmətini başa vurduqdan sonra doğma yurda qayıtmış və çox keçmədən 2 saylı şərab zavodunda əmək fəaliyyətinə başlamışdır.

1988-ci ildə erməni şovinistləri xalqımıza qarşı yenidən təxribatlara başlamış, dinc əhalini, şəhər və kəndlərimizi güllə yağışına tutmuşlar. Vətənin başı üstünü qara buludlar alanda, yağılar yurdumuza göz dikəndə Nazim Quliyev silaha sarılaraq vətənimizin müdafiəsinə yollandı. Söz verdi ki, son damla qanınadək erməni quldurlarına qarşı mərdliklə vuruşacaq.

 Nazim özünümüdafiə dəstələrindən birinin tərkibində idi. O, 1991-ci ilin aprel ayında Füzuli Rayon Polis şöbəsində təşkil olunan post-patrul rotasına sıravi polis kimi işə qəbul olunmuşdu. Füzuli bölgəsində yerləşən kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərin əksəriyyətində iştirak etmiş və hər zaman döyüşlərdə fərqlənmişdi. Nazim mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində də xüsusi şücaət göstərir, yaralıların təcili olaraq xəstəxanalara çatdırılmasında əlindən gələni əsirgəmirdi. O, bütün tapşırıqları ləqayətlə yerinə yetirdiyinə görə bölmə komandiri təyin olundu. Nazim öz bölməsi ilə tez-tez qaynar nöqtələrdə olur, düşmənlə üz-üzə ağır döyüşlərdən hər dəfə qələbə ilə geri dönürdü. Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndləri uğrunda gedən döyüşlərdə igidlik və şəxsi nümunə göstərirdi.

9 yanvar 1992-ci ildə Köşbək kəndi uğrunda gedən ağır döyüşlərdə 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim Quliyev dəstəsi ilə özünü ora çatdırdı. Gərgin gedən döyüşdə düşmən geri otuzduruldu və əsgərlərimiz mühasirədən çıxarıldı. Bunun ardınca yeni bir tapşırıq verildi. Nazim vaxt itirmədən idarə etdiyi BTR-i işə salaraq zirehli döyüş maşınını birbaşa düşmənin üzərinə sürdü. İlk həmlədə ermənilərin 2 əsas döyüş nöqtəsi susduruldu. Bununla da mühasirədə qalmış hərbi texnikanı azad etmək mümkün oldu. Lakin düşmən gülləsi igid döyüşçüdən yan keçmədi, o, ağır yaralandı. Nazim 27 yaşında gözlərini əbədi olaraq yumdu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Nazim Quliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Füzuli rayonundakı Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri Nazim Quliyevin adını daşıyır.

Q.TƏYYAROĞLU,

"Respublika".