Sosial həyat

"Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar" layihəsinə yekun vurulub

Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar" layihəsinin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, layihənin ikinci günündə Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə master-klas və vörkşoplar təşkil olunub.

"Yaxşı məzmun nədir? Rəqəmsal mediada fərq yaradanlar" mövzusunda master-klas keçən Doğukan Gezer və Suat Özdemir sosial mediada güclü brendin formalaşdırılması, daha böyük kütləyə çatmaq üçün paylaşıla bilən məzmunun yaradılması, rəqəmsal xəbərlər üçün ödənişli reklam, influnserlər ilə əməkdaşlıq, e-mail marketinqi və bülletenlərin gücündən istifadə barədə danışıblar.

Sonra təlimçilər tərəfindən "Xəbər hazırlama prosesinin planlaşdırılması; Xəbərin yayımından sonra göstəricilərin ölçülməsi" mövzusunda təşkil olunan vörkşopda oxucuların davranış və seçimlərinin təhlili, məzmun təqvimi və yayım strategiyasının hazırlanması, başlıqlar və məzmun formatları üçün A/B testinin aparılması, axtarış mühərriklərində ön səhifələrdə görünmək üçün SEO-dan istifadə kimi məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Növbəti mərhələdə Kerim Asker "Rəqəmsal mediada dizayn" mövzusunda keçirdiyi vörkşop zamanı videonun istehsal mərhələləri, veb-sayt dizaynının və istifadəçi təcrübəsinin optimallaşdırılması və fərdiləşdirmə təcrübələrinin həyata keçirilməsi barədə geniş məlumat verib.

Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.