Nəqliyyat sektorunun davamlı inkişafı prioritetdir
İQTİSADİYYAT

Nəqliyyat sektorunun davamlı inkişafı prioritetdir

Ölkəmizdə nəqliyyat sisteminin inkişafı daim diqqət mərkəzindədir. İqtisadiyyatın başlıca sahələrindən hesab edilən enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat da cəmiyyətin həyat fəaliyyətinin əsas tələbatını təmin edir. Nəqliyyat sahəsi, həmçinin sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetləri arasında körpü rolu oynayır.

Ötən əsrin sonlarında Azərbaycan Respublikası tərəfindən bazar iqtisadiyyatına doğru addımlar atılıb. O zaman nəqliyyat sahəsində həyata keçirilən islahatlar nəinki bu sektorun tənzimedici mühitində nəzərəçarpan dərəcədə dəyişikliklərə səbəb olub, hətta nəqliyyat xidmətlərinə olan tələblərə də öz təsirini göstərib. Həmçinin nəqliyyat sahəsində strukturların və idarəetmə institutlarında əsaslı yeniləşdirmə, təşkilati və tənzimləyici fəaliyyətlərin bölgüsünə keçidlə yanaşı, inzibati idarəetmədən bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsi sisteminə keçməsi nəqliyyat fəaliyyətinin müəyyən dərəcədə hüquqi əsasının yaradılması da bu istiqamətdə görülən işlərin uğurlu nəticəsi kimi qiymətləndirilir. Nəqliyyat-yol kompleksinin tərkib hissələrindən hesab edilən dəmiryolu, su, mülki hava nəqliyyatı subsektorları avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran amillərdəndir. Bundan başqa, sahələrarası münasibətləri tənzimləmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanının - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təsis edilməsi dövlətin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Nəqliyyat sahəsində əldə edilən uğurlar sərnişin və yükdaşımalarına olan tələbatı artırmaqla yanaşı, bu sektorda islahatların aparılmasına da zəmin yaradıb.

Müstəqilliyimizin bərpasından sonra digər sahələr kimi, nəqliyyat sektoru da yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu isə özlüyündə tərəqqiyə, bazar iqtisadiyyatı şəraitində nəqliyyatın işinin hüquqi bazasının yaradılmasına, bazar iqtisadiyyatının tələblərini əks etdirən güclü fəaliyyətlərə gətirib çıxarıb. Nəqliyyat sahəsində həyata keçirilən islahatlar, həmçinin vahid nəqliyyat siyasətinin formalaşmasına stimul yaradıb.

Dövlətimizin bu istiqamətdəki siyasətinin hədəflərindən biri də subsektorların inteqrasiyası və nəqliyyat xidməti bazarında birləşmiş, multi-model bacarıqların daha da artırılmasıdır. Respublikamızda nəqliyyatın davamlı şəkildə artan fərdi çevikliyini nəzərə almaqla, vətəndaşların nəqliyyatla hərəkəti istiqamətində hüquqlarının həyata keçirilməsi ölkəmizin müdafiə potensialının yüksəldilməsi də başlıca vəzifələrdəndir. Digər bir mühüm məqam Azərbaycan Respublikası tərəfindən hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatların uyğunluq prinsiplərinə müvafiq inkişafına nail olmaqdır. Müasir dünyamızın tələblərindən asılı olaraq dəyişən şərtlər nəqliyyat sisteminin inkişafı üçün əsas istiqamətlərin müəyyən olunmasını, bu sahənin tərəqqisi istiqamətində dövlət tərəfindən vəzifələrin müəyyənləşdirilməsini prioritet edir. Son 20 il ərzində Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmiryolunun tikilməsi və ya əsaslı təmir ediliməsi dövlətimizin bu sahəni daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Artıq işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu və yüz kilometrlərlə dəmiryolu çəkilib. Bundan başqa, Azərbaycan regionda 18 təyyarə ilə ən böyük mülki hava yük donanmasına malikdir. Daha bir mühüm fakt 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının ümumi sayının 9-a çatdırılmasıdır. Sadaladığımız məqamların hər biri Xəzər regionunun, xüsusilə də, Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu təsdiqləyir.

Dövlətimizin başçısı iyulun 11-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə zamanı demişdir: "Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir".

Nəqliyyat sektorundan danışdıqda Orta Dəhlizin rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, Orta Dəhliz öz imkanları ilə regiondakı dövlətlərin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri kimi qiymətləndirilir. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük artımı 2022-ci ilin yanvar-mart aylarından, 2023-cü ilin I rübünə qədərki dövr ərzində asanlıqla görmək mümkündür. Belə ki, ötən ilin əvvəlində bu marşrutla 266,3 min ton yük keçib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Konteyner daşımaları isə 5 847 20 futluq konteynerə (TEU) bərabər olub ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19 faiz çoxdur. Hazırda isə Orta Dəhliz Çin-Avropa İttifaqı dəmiryolu ticarətinin ümumi yük həcminin 3-5 faizini təşkil edir. Bundan başqa, Cənubi Avropaya daşınan yüklərin tranzitində əsas rol oynayan dəhlizin Türkiyə hissəsinin inkişafı üçün yeni optimallaşdırma səylərinin davam etdirilməsi də təqdirəlayiq addımlardandır. Bununla yanaşı, İstanbuldan Bolqarıstanla sərhədə yüksəksürətli dəmiryolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmiryolu layihəsinin il ərzində başa çatdırılması Orta Dəhlizdə dayanıqlı, sürətli və səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq. Dəhlizin Cənubi Avropadan keçən hissəsinin optimallaşdırılması məqsədilə Türkiyə, Bolqarıstan, Serbiya və Macarıstan arasında yeni yaradılmış dördtərəfli Koordinasiya Şurası birgə sərmayə qoyuluşu, yükdaşıma qabiliyyətinin və infrastrukturun yaxşılaşdırılması istiqamətindəki addımlar da nəqliyyat sahəsindəki uğurlarımızın göstəricisidir.

Nurlan ABDALOV,

"Respublika".