Reklam və elanlar

"Nort Vest Konstrakşn" MMC-nin 31 dekabr 2021-ci il üçün Maliyyə vəziyyəti haqqında hesabat

MÜSTƏQİL AUDİTORUN HESABATI

Rəy

"Nort Vest Konstrakşn" MMC-nin rəhbərliyi və səhmdarlarına:

Biz "Nort Vest Konstrakşn" MMC-nin və onun törəmə şirkətlərinin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatından, məcmu gəlirlər haqqında konsolidə olunmuş (birləşdirilmiş) hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilmiş tarixə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli məsələlərinin qısa təsvirindən və digər izahedici materiallardan ibarət əlavə edilmiş konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatının auditini aparmışıq.

Konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarının hazırlanmasına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti Rəhbərlik bu konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmasına və ədalətli (düzgün) təqdimatına və daxili nəzarətin elə bir sisteminin təşkilinə görə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesabatlarının hazırlanması üçün zəruridir. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər eyni zamanda Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Hazırkı audit araşdırmasında göstərilən, şirkətdə hesabat ilinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən yekun mühasibat yazılışlarının rəqəmləri, yalnız şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh olan şəxslərinin auditora təqdim etdikləri maliyyə hesabatları (analitik və sintetik uçot üzrə) maliyyə məlumatları əsasında tərtib edilmişdir. Auditora təqdim olunmuş həmin sənədlərin düzgünlüyünə görə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə cavabdeh olan şəxsləri bilavasitə tam məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim vəzifəmiz apardığımız audit əsasında bu konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatına dair rəy verməkdən ibarətdir. Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartların tələbinə görə, biz etik normalara əməl etməli və auditi elə bir şəkildə planlaşdırmalı və aparmalıyıq ki, konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair ağlabatan əminlik əldə edək.

Auditə konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarında təqdim edilmiş məbləğləri və açıqlamaları (məlumatları) təsdiqləyən audit sübutlarının əldə edilməsinə yönəlmiş prosedurların yerinə yetirilməsi daxildir. Prosedurların seçilməsi auditorun peşəkar mühakiməsinə, o cümlədən konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər riskinin qiymətləndirilməsinə əsaslanır. Həmin risk qiymətləndirmələrini apararkən auditor müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəy vermək məqsədilə deyil, konkret vəziyyətlərdə zəruri olan audit prosedurlarını işləyib hazırlamaq məqsədilə konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarının hazırlanması və ədalətli təqdimatı ilə bağlı daxili nəzarəti nəzərdən keçirir. Auditə, həmçinin, konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatının ümumi təqdimatının qiymətləndirilməsi kimi, istifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunun və rəhbərliyin apardığı uçot qiymətləndirmələrinin əsaslılığının qiymətləndirilməsi daxildir. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət auditor rəyini əsaslandırmaq üçün yetərli və münasibdir.

Şərti müsbət audit rəyi üçün əsaslar

Biz şirkətin yoxlamasına 2021-ci ilin aprelindən başladıq və bu səbəbdən ilin əvvəlində inventarizasiya apara bilmədik. Alternativ prosedurlarımızdan istifadə edərək, 31 dekabr 2021-ci il tarixinə resursların həcmi haqqında qənaətləndirici məlumat əldə etmək imkanımız yox idi. İlkin ehtiyatların maliyyə nəticələrində və xalis maliyyə axınlarında əks olunması səbəbindən il ərzində mənfəət və ya gəlir dəyişikliklərini müəyyənləşdirmək mümkün olmayıb.

Şərti müsbət rəy

Bizim fikrimizcə, şərti müsbət rəy üçün əsaslar paraqrafında təsvir edilmiş məsələnin təsiri istisna olmaqla, konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatları 31 dekabr 2021-ci il tarixinə "Nort Vest Konstrakşn" şirkətinin maliyyə vəziyyətini, habelə onun maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq, əhəmiyyətli aspektlərdə əks etdirir (və ya 31 dekabr 2021-ci il tarixinə "Nort Vest Konstrakşn" şirkətinin maliyyə vəziyyəti, habelə onun maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında ədalətli təsəvvür yaradır).

Bakı şəhəri, Azərbaycan Respublikası

16 may 2022-ci il.

Azərbaycan Respublikası Auditorlar

Palatasının üzvü olan.

"F.N. Audit Servis" MMC-nin direktoru

Fuad Əliyev.