Növbədənkənar prezident seçkiləri - bəzi beynəlxalq təşkilatlara tutarlı cavab
Siyasət

Növbədənkənar prezident seçkiləri - bəzi beynəlxalq təşkilatlara tutarlı cavab

"Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki ilk dəfə savaşdan torpaq itirmədən, əksinə torpaqlarını işğaldan azad edərək çıxdı. Bununla da Azərbaycan Qalib ölkə, Azərbaycan xalqı isə Qalib xalq kimi tarixə düşdü. Azərbaycan xalqı fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində də bu xoşbəxtlik fonunda iştirak etdi.

Qalib Xalqın Qalib Lideri, Ali Baş Komandan İlham Əliyev seçkidə iştirak edənlərin mütləq əksəriyyətinin səsini qazanaraq, növbəti müddətə ölkə Prezidenti seçildi. Bu, bütün mənalarda tarixi seçki idi və nəinki Azərbaycanın, ümumilikdə türk dünyasının tarixinə yazıldı. Ona görə də mən bu münasibətlə Azərbaycan başda olmaqla bütün türk dünyasını təbrik edirəm". Bu fikri İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib.

Onun sözlərinə görə, bununla da İlham Əliyev Azərbaycanı yeni dönəmdə növbəti uğurlara aparmaq üçün xalqdan səlahiyyət aldı: "Bu, sadə bir məsələ deyil. Çünki demokratik cəmiyyətlərdə seçki və xalqdan yüksək dəstək almaq xüsusi əhəmiyyət kəsb edir. Bu tarix həm yüksək demokratik şəraitdə, şəffaf seçkinin keçirilməsi, həm də xalqın mütləq əksəriyyətinin cənab İlham Əliyevə yenidən etimad göstərməsi ilə yazıldı. Azərbaycan xalqı yenə dünyaya nümunə oldu".

S.Ünsal deyib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi də məhz tarixi prosesdən doğurdu: "Çünki 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabr ayında bir günlük lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi. Yəni Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirilirdi. Təbii ki, ilk olaraq məhz prezident seçkisinin keçirilməsi vacib və mühüm idi".

Dərnək rəhbəri qeyd edib ki, bu seçkinin başqa bir baxımdan da tarixi önəmi var: "Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, artıq Azərbaycan yeni dönəmə qədəm qoyur və bu dönəmdə qarşıda yeni hədəflər dayanır. Bütün bunların fonunda seçkilər yüksək əhvali-ruhiyyədə və xalqın çoxluğunun iştirakı ilə keçirildi. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin qurulması, öz doğma yurdlarına qayıdan azərbaycanlı bacı-qardaşlarımızın o məntəqələrə toya-bayrama gedirmiş kimi üz tutması ilə bağlı kadrları izləmək isə bizdə ayrı bir xoş əhvali-ruhiyyə oyatdı.

Bu seçkilər Azərbaycanı haqsız yerə hədəfə alan, ermənipərəst yanaşma ilə iftira yağdıran, qələbəni həzm edə bilməyən bəzi məkrli xarici ölkə və beynəlxalq təşkilatlara da tutarlı cavab oldu. Yüksək seçici fəallığı, demokratik və şəffaf seçki, xarici müşahidəçilərin bolluğu, hətta ABŞ-dan olan qurumun "exit-poll" keçirməsi bütün dünyanın gözü qarşısında oldu. Azərbaycan demokratik seçki ilə sabit bir şəraitdə və xalqın dövlət başçısını dəstəkləməsi ilə dünyaya bir nümunə göstərdi. Düzdür, həmin qara, məkrli qüvvələr öz əməllərindən əl çəkmirlər və bundan sonra da çəkməyəcəklər. Elə seçki günü cəhd edilən videotəxribat da bunu təsdiqləyir. Beləliklə, dünya bir daha Azərbaycan dövlətinin gücünü gördü.

Bundan sonra da cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə yeni nailiyyətlər üçün inamlı addımlar atılacaq. Prezident İlham Əliyevin gələcəkdə Azərbaycanı güclü dünya dövlətinə çevirəcəyinə inanır və qalib xalqın güclü, qalib liderinə uğurlar arzulayıram. Əminəm ki, azərbaycanlı qardaşlarımız onun liderliyi ilə neçə-neçə zəfərlər qazanmağa davam edəcəklər. Böyük Öndərimiz Qazi Mustafa Kamal Atatürkün də vurğuladığı kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Bu gün bütün türk dünyası sevincli gününü yaşayır".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.