“Qoca qitə”nin hiyləgər planları
Siyasət

“Qoca qitə”nin hiyləgər planları

Oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna hücum etdi. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başladı.

Son günlərdə HƏMAS-İsrail münaqişəsi dünya siyasətinin başlıca mövzusudur. Düzdür, uzun illərdir həll edilmədiyi üçün Fələstin-İsrail məsələsi aktual mövzu kimi həmişə beynəlxalq gündəmdə olub. Ancaq silahlı qarşıdurma və yüzlərlə mülki insanın həlak olması məsələyə həm də humanitar baxımdan yanaşmağı zəruri edir.

İstər siyasi, istərsə də humanitar baxımdan, İsrail-Fələstin məsələsinə Azərbaycanın münasibəti aydın və dəqiqdir. Ancaq bir sıra dövlət başçılarının və beynəlxalq qurumların regiondakı humanitar fəlakətə yanaşması münasibətlərin daha da gərginləşməsinə xidmət edir.  Son zamanlar dünyanın bir sıra dövlət rəsmilərinin regiona səfər etməsi təzyiqi daha da artırır.

Qeyd edək ki, XI-XII əsrlərdə Qərbi Avropa ölkələrinin Fələstin və başqa əraziləri istila etmək məqsədilə səlib yürüşləri Fransadan başlayıb. Bu yürüşlərin əsas hədəfi xristianlığı yaymaq və daha geniş əraziləri zəbt etmək idi. Hədəf yenə də dəyişməyib. Qüds uğrunda mübarizə davam edir. Bu prosesdə Fransanın adı ön sırada çəkilir. Lakin Parisin də İsrailə münasibətində ikiüzlülüyünün şahidi oluruq. Çünki bir tərəfdə Fransanın Qüds uğrunda minillik iddiası, bir tərəfdə prezident Emmanuel Makronun İsraili dəstəklədiklərinə dair açıqlaması, başqa bir tərəfdə isə "Hizbullah"ın İsraili hədələməsi durur. Fransanın ikiüzlü siyasəti burada da özünü büruzə verir.

Qərb Ermənistana hər cür dəstək verib. Məhz onların sayəsində Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı, qətliamlar törədib. Son illərdə isə Azərbaycan bu qüvvələrin, yəni Qərbin yeni fitnələrini ifşa edib, planlarını pozub. Paşinyanı Avropanın müxtəlif təsisatlarında Azərbaycana qarşı yönəldən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi üçün şərait yaradan, ona saxta sülh carçısı rolunu ifa etdirən Qərbdir.

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib ki, ABŞ diplomatiya yolu ilə Fələstin-İsrail münaqişəsinin bütün Yaxın Şərq regionunda yayılmasının qarşısını almağa çalışır.

Lakin göründüyü kimi, Qərb münaqişəni nizamlamaq əvəzinə, daha da qızışdırır. Birləşmiş Ştatlar yüzlərlə mülki vətəndaşın ölümü ilə nəticələnən terror hücumundan sonra İsrailə dəstək olmaq üçün özünün ən yeni və ən qabaqcıl təyyarədaşıyan gəmisini tam aviadaşıyıcı zərbə qrupu ilə birlikdə regiona göndərir.

Bir daha aydın olur ki, böyük güclər

in öz maraqlarına xidmət edən ikiüzlü siyasəti İsrail-Fələstin münasibətlərinin normallaşmasına mane olur, nəticədə regionda dinc insanların qanı axıdılır, humanitar fəlakət yaranır. Hər kəs müharibələrin bitməsini istəyir. Lakin ABŞ və Fransa tərəfləri atəşkəsə çağırmaq yerinə hərbi və diplomatik dəstək verərək onları daha da qızışdırır. “Qoca qitə” müxtəlif regionlarda müharibəni təhrik etməklə öz şəxsi mənafeyini güdür. Onların bu planları böyük təhlükələrdən xəbər verir. Belə ki, super güclərin bu hiyləgər planları dünyanı müharibəyə sövq edir.

Röya RÜSTƏMLİ,

"Respublika".