Həmrəyliyin Azərbaycan-İsrail nümunəsi
Siyasət

Həmrəyliyin Azərbaycan-İsrail nümunəsi

Azərbaycan və İsrail əlaqələri bu gün yüksək səviyyədədir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən cəmi iki ay sonra 1991-ci il dekabrın 25-də İsrail Azərbaycanı rəsmən tanıyan ilk dövlətlərdən biri olub. Bir il sonra aprelin 7-də iki ölkə arasında diplomatik əlaqələr qurulub, 1993-cü ilin avqust ayından İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Həmin dövrdən başlayaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq daha da genişlənib.

Vətən müharibəsində beynəlxalq ictimaiyyətin mövqeyinə baxmayaraq, İsrail Azərbaycandan silah və yüksək texnologiyalarla bağlı dəstəyini əsirgəmədi. Bu gün bütün beynəlxalq platformalarda İsrail və Azərbaycan bir-birinin mövqeyini dəstəkləyirlər. Qarabağ probleminin həll edilməsində hər zaman İsrail Azərbaycanın yanında olub, öz dəstəyini göstərib.

Ölkəmiz eyni zamanda İsraillə hərbi sahədə də sıx əməkdaşlıq edir. Qarabağ müharibəsində Azərbaycanın Zəfərində bu ölkədən əldə olunan silahlar da böyük rol oynadı. Digər tərəfdən, İsrail neft idxalının 40 faizə yaxını Azərbaycandan tədarük edir və ən çox neft idxal edən ölkələr siyahısında ön sıradadır. Ötən il martın 23-də Azərbaycanın bu ölkədə səfirlik açması ilə iki ölkə arasında diplomatik əlaqələr yeni mərhələyə qədəm qoydu. 2023-cü il mayın 30-da İsrail prezidentinin Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevlə görüşü əməkdaşlıq imkanlarının perspektivlərini daha da artırmağa xidmət etdi. Ölkə başçımız Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu diqqətə çatdırdı. İki ölkə siyasi, iqtisadi, hərbi sahədə müttəfiqlik edərək mövcud əlaqələri daha da gücləndirməyi hədəf seçiblər.

Ölkəmizdə yəhudilərə qarşı daima müsbət mövqe sərgilənib və Azərbaycanda heç zaman antisemitizm halları müşahidə olunmayıb. İsrailin Diaspor İşləri Nazirliyinin müvafiq hesabatına istinadən 2023-cü ildə dünyada bu qəbildən olan hadisələrin sayının əvvəlki illə müqayisədə 235 faiz artdığı bir dövrdə Azərbaycanda semitizmin olmaması İsrailin nüfuzlu dövlət adamları tərəfindən yüksək qiymətləndirilib. Hər iki ölkəni bir-birinə yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin dostluq şəraitində yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə ölkəmizin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. Dost ölkələr arasında tarixən əməkdaşlıq mövcud olub və bu əlaqələrin kökündə mənəvi dəyərlər dayanıb.

2017-ci ilin aprel ayında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olundu. Bu münasibətlə İsrailin sabiq baş naziri Benyamin Netanyahu cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışdır: "İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması ilə fəxr edir. Ötən 25 il ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub... Dini və etnik çəkişmələrin çox olduğu bir dövrdə Azərbaycan dinlərarası və multikultural harmoniyanın nümunəsidir. Azərbaycan kimi, İsrail də qeyri-sabit regionda sabitliyin və tolerantlığın mayakıdır. Üzləşdiyimiz çətinliklərə baxmayaraq, ölkələrimiz inkişaf edən iqtisadiyyat, firavan və sülhsevən cəmiyyət qurmağa nail olublar".

Hər iki dövlət arasında incə tellər mövcuddur. Aprelin 5-də İsrailin Azərbaycandakı səfiri Corc Dikin bu ölkədə təhsil almış azərbaycanlı məzunlar və "Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi" İctimai Birliyinin üzvləri ilə iftar süfrəsində bir araya gəlməsi hər iki ölkə arasında qarşılıqlı hörmətin təzahürüdür. Xarici ölkələrdəki Azərbaycan diasporlarının İsrailə dəstək aksiyaları keçirməsi mehriban əlaqələrdən irəli gəlir. Bu il fevralın 16-da Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İshak Hersoqla görüşündə də səmimi münasibətləri bir daha diqqətə çatdırıb, İsrail Prezidenti dövlətimizin başçısını 7 fevral Zəfər seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Müasir dövrdə ölkəmiz regionda sülhü, dostluğu, multikulturalizmi, birliyi təbliğ edir. Bu ənənələrin əsl nümunələrindən birini Qubanın Qırmızı qəsəbəsində görmək olar. Qudyalçayın şimal sahillərində yerləşən və al kirəmitli damları ilə seçilən Qırmızı qəsəbə İsrailin hüdudlarından kənarda yəhudilərin dünyada kompakt yaşadığı azsaylı məkanlardan biridir. Bu qəsəbənin sakinləri Qubada yaşayan dağ yəhudiləridir. Buranı "Qafqazın Yerusəlimi" də adlandırırlar. Qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir ki, burada öz adət-ənənələrini yaşadırlar. XVIII əsrin ortalarında salınmış bu kənd həmin dövrdə Quba xanlığının himayəsi altında olub. Yaxın zamanlarda burada möhtəşəm yeni muzeyin açılması nəzərdə tutulur.

İki ölkə arasında son illərdə əməkdaşlığın uğurla inkişaf etdiyi istiqamətlərdən biri də kibertəhlükəsizlik sahəsidir. Dünyada getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi - "Technion" İnstitutu ilə birgə ötən il martın 28-də respublikamızda Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Azərbaycanın bu istiqamətdə imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas rol oynayır. Mərkəzdə 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub.

Bu gün beynəlxalq müstəvidə xüsusi rola və çəkiyə malik olan Azərbaycan və İsrail bölgənin lider dövlətlərinə çevrilib. Hər iki dövlət bir-birlərinin ən çox ehtiyac duyduğu sahələrdə əməkdaşlıq etməklə əsas regional oyunçu kimi çıxış edirlər.

Tacir SADIQOV,

"Respublika".